Xeyirxahlıq nümunəsi: Tərlan Rzayevin arzusu uşaqların üzündə təbəssümə çevrildi
Bu yaxınlarda Aktualxeber.az saytının təşəbbüsü ilə həyata keçirilən nəcib bir addım həm insanlıq, həm də mərhəmət baxımından yadda qalan bir hadisəyə çevrildi. Ukraynada baş vermiş ağır yol qəzası nəticəsində ciddi xəsarətlər alan Rzayev Tərlanın ən böyük arzularından biri reallaşdırıldı.
Qəza nəticəsində ayaqları əzilən və hazırda yerimə qabiliyyətini itirən Rzayev Tərlan bir neçə ağır əməliyyat keçirib və qarşıda onu yenə də müalicə və əməliyyat mərhələləri gözləyir. Bütün bu çətinliklərə baxmayaraq, onun ümidləri sarsılmayıb. Tərlanın ən böyük arzusu yenidən ayağa qalxmaq, sağalaraq Vətənə – Azərbaycana qayıtmaq və həyatına əvvəlki kimi davam etməkdir. O, xüsusilə arzu edir ki, sağaldıqdan sonra öz ayaqları ilə gələrək bu gün sevindirdiyi uşaqlarla yenidən görüşsün.
Tərlan Rzayevin ürəyində olan xeyirxahlıq hissi onun vəziyyətindən asılı olmayaraq dəyişməyib. Onun niyyət etdiyi qurbanlar Azərbaycanda bacıları – Kərimova Aygün və Hüseynova Gülər xanım tərəfindən həyata keçirildi. Onlar bu savab iş üçün yeməklər hazırladaraq ehtiyacı olanlarla bölüşdülər.
Aktualxeber.az saytının təşkilatçılığı ilə bu xeyirxah missiya çərçivəsində Nur uşaq evində uşaqlarla səmimi görüş keçirildi. Uşaqlarla birlikdə süfrə arxasında əyləşmək, onların sevincinə şərik olmaq bu tədbirə xüsusi bir istilik və mənəvi dəyər qatdı. Bu görüş bir daha sübut etdi ki, xeyirxahlıq məsafə tanımır – insan harada olursa olsun, qəlbi ilə yaxşılıq edə bilər.
Nur uşaq evinin rəhbəri Kazım bəyə də xüsusi təşəkkür düşür. O, bu görüşün təşkilində yaxından dəstək göstərərək uşaqlarla belə mənalı bir günün keçirilməsinə şərait yaratdı. Onun bu addımı uşaqlara sevinc bəxş etməklə yanaşı, cəmiyyət üçün də gözəl bir nümunə oldu.
Bu nəcib təşəbbüs bir daha göstərdi ki, hər bir uşaq gələcəyimizin aynasıdır və onların üzündə yaranan təbəssüm ən böyük mükafatdır. Edilən hər bir ehsan, göstərilən hər bir mərhəmət insanlığın ən ali dəyərlərindən xəbər verir.
Allahdan Rzayev Tərlana şəfa diləyirik. Dualarının qəbul olunmasını, tezliklə sağalaraq ayağa qalxmasını və Vətəninə qovuşmasını arzulayırıq. Ümid edirik ki, o gün uzaqda deyil və Tərlan öz arzusu kimi yenidən bu uşaqlarla bir araya gələrək xeyirxah əməllərini davam etdirəcək.Allah edilən bütün yaxşılıqları qəbul etsin!

