Son günlər Azərbaycana yağan yağışlarin fəsadları və xeyri… QHT sədri, ekoloq İradə Həsənova yazır
Son günlər Azərbaycanda müşahidə edilən hava hadisələri – Quba rayonunda metrlərlə qarın yağması, Bakı və Abşeron yarmadasında dolu düşməsi, eyni zamanda dünyanın bəzi isti ölkəıərində də qeyri-adi dolu və leysanların baş verməsi cəmiyyətdə haqlı narahatlıq doğurur. Bu proseslər təsadüfü deyil və onların arxasında həm mövsümi atmosfer dəyişiklikləri, həm də qlobal iqlim transformasiyaları dayanır.
Azərbaycan coğrafi mövqeyinə görə müxtəlif hava kütlələrinin kəsişdiyi regionda yerləşir.Yaz ayları isə xüsusilə keçid dövrü hesab olunur.Bu dövrdə şimaldan soyuq hava, cənubdan isti və rütubətli kütlələr və Xəzər dənizinin təsiri eyni vaxtda atmosfer proseslərinə təsir edir. Nəticədə qısa müddət ərzində tempereturun dəyişməsi, dolu yağması, güclü külək, dağlıq ərazilərdə qar və intensiv yağış kimi hadisələr baş verir.Bu baxımdan aprel ayında qar və dolu hadisələrinin müşahidə olunması meteroloji baxımdan qeyri-sabit sayılmır.
Son dövürlərdə ölkənin bəzi bölgələrində yağıntının normadan artıq düşməsi müşahidə olunur.Bu isə çaylarda su səviyyəsinin qalxmasına, torpaq sürüşməsi riskinin artmasına və dolu hadisələrinin intensivləşməsinə səbəb ola bilir. Xüsusilə dağlıq və dağətəyi ərazilərdə bu cür hadisələr daha tez-tez baş verir və infrastruktur üçün müəyyən risklər yaradır.
Müasir dövrdə müşahidə olunan əsas amillərdən biri də iqlim dəişikliyidir. Son onilliklər ərzində temperatur amplitudası artıb, ekstremal hava hadisələrinin sayı çoxalıb, dolu və leysanların intensivliyi yüksəlib və mövsümlərin sayı azalıb. Bu proseslər Azərbaycanda deyil, dünyanın bir çox regionlarında müşahidə olunur.İsti iqlimə malik ölkələrdə belə dolu və qeyri-adi yağışların baş verməsi qlobal iqlim sistemində dəyişikliklərin getdiyini göstərir.
Mütəxəssislərin müşahidələrinə əsasən, yaz aylarının sonuna qədər arabir dolu yağışları, qısamüddətli sel hadisələri və güclü külək epizodları kimi hallar davam edə bilər. Bu isə yaz mövsümü üçün xarakterik sayılır.
Ənənəvi olaraq yay aylarında hava daha sabit keçir. Lakin iqlim dəyişiklikləri səbəbindən son illərdə yay mövsümündə də lokal leysan yağışları, qısa müddətli dolu hadisələri və quraqlıqda növbələşən rütubətli dövrlər daha tez-tez müşahidə edilir. Bu isə kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunması baxımından diqqətli yanaşma tələb edir.
Beləliklə, Azərbaycanda müşahidə olunan qeyri-adi hava hadisələri tamamilə fövqəladə sayılmasa da, onların intensivliyi və təkrarlanma tezliyi iqlim sistemində dəyişikliklərin getdiyini göstərir.Bu səbəbdən ətraf mühitə diqqətli yanaşmaq, riskli ərazilərdə qabaqlayıcı tədbirlər görmək və meteorolojji xəbərdarlıqları izləmək vacibdir. Təbiətdə baş verən dəyişikliklər insan fəaliyyətinin təsiri ilə daha da sürətlənə bildiyindən ekoloji məsuliyyət hər zamankından daha aktualdır.
İradə Həsənova
“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq

