Kişilər niyə arvadlarının soyadını götürür? – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilovun izahları

Ədliyyə Nazirliyinin açıqladığı statistikaya əsasən, 2026-cı ilin ilk 9 ayı ərzində Azərbaycanda 28 kişi nikaha daxil olarkən həyat yoldaşının soyadını qəbul edib. Cəmiyyətdə ənənəvi olaraq qadının nikahdan sonra ərinin soyadını götürməsi adi hal kimi qəbul edildiyindən, əks qərarın verilməsi istər-istəməz diqqət çəkir və müxtəlif müzakirələrə yol açır.

Kişilərin həyat yoldaşlarının soyadını qəbul etməsinin arxasında hansı səbəblər dayanır? Bu seçim daha çox şəxsi, ailəvi, yoxsa sosial amillərlə bağlıdır? Kişilərin həyat yoldaşlarının soyadını götürməsi gələcəkdə daha geniş yayıla bilərmi?

Mövzu ilə bağlı yazıçı-kulturoloq, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri Aydın Xan Əbilov Musavat.com-a danışıb:

“Soyad, əslində, bildiyimiz kimi, mənsub olduğumuz nəslə, şəcərəyə işarədir. Keçmişdə, qədim dövrlərdə Azərbaycanda soyad anlayışı yox idi. Ata, baba və digər nəsil nümayəndələrinin adları ilə tanınırdılar. Ərəb dilindəki ənənəyə uyğun olaraq, adların qarşısına “ibn” sözü əlavə edilirdi. Məsələn, “ibn Əhməd” dedikdə Əhmədin oğlu nəzərdə tutulurdu. Bu cür qeydlərə Quranın səhifələrində, yaxud şəcərə sənədlərində rast gəlinirdi. Lakin sovet dövründə soyadların kütləvi şəkildə rəsmiləşdirilməsi ilə bağlı qərar qəbul edildi. 1920–1930-cu illərdə bütün respublika üzrə, eləcə də keçmiş SSRİ-nin tərkibinə daxil olan digər ölkələrdə soyadlar rəsmi şəkildə qəbul olunmağa başladı. Həmin dövrdə müəyyən mənada tələskənlik olduğundan, insanlar bəzən özlərinin bəyəndikləri, bəzən də ulu babalarının adlarından soyad kimi istifadə edirdilər. Məsələn, eyni məhəllədə və ya kənddə Əli, Həsən və digər adları daşıyan insanların çoxluğu səbəbindən fərqlənmək üçün müxtəlif ulu babalarının adlarını soyad seçirdilər. Daha sonra bu, ənənəvi hal aldı və pasportlaşma prosesi ilə rəsmiləşdirildi.
Azərbaycanlılar hətta keçmiş SSRİ dövründə rus sonluqlu soyadlarla yanaşı, milli sonluqlardan da istifadə edirdilər. Ənənəvi olaraq, ailə qurulan zaman, nikaha daxil olarkən kişi qadının evinə deyil, qadın kişinin ailəsinə gəldiyinə görə, kişinin soyadı yeni ailə üzvü olan gəlinə də verilirdi. Bəzi hallarda gəlin ərinin soyadını götürməyərək öz ata soyadını saxlayır, bəzi hallarda isə ikili soyaddan istifadə edirdi. Amma ümumilikdə, kişinin soyadının həyat yoldaşına verilməsi artıq ənənəvi hal kimi qəbul olunmuşdu. Son vaxtlar isə bu ənənəyə münasibətdə müəyyən dəyişikliklər müşahidə olunur. Bəzi insanlar soyadlarından imtina etmək və ya onu dəyişmək istəyirlər. Bildiyiniz kimi, bunun üçün müəyyən mənada uzun-uzadı yazışmalar aparmaq, hətta dövlət rüsumu ödəmək lazım gəlir. Lakin ailə qurarkən bəzi kişilər, xüsusilə də həyat yoldaşının soyadını qəbul edənlər, bu məsələdə öz seçimlərini edərək əvvəlki soyadlarından imtina edir və evləndikləri qadının soyadını götürürlər”.

aydin.jpg (123 KB)

Kulturoloq hesab edir ki, kişilərin həyat yoldaşlarının soyadını qəbul etməsi bəzi hallarda cəmiyyətə verilən mesaj xarakteri də daşıyır:

“Yeni nəslin nümayəndələri də var ki, bu addımla cəmiyyətə müəyyən mesaj ötürürlər: niyə məhz kişinin soyadı? Axı biz həm atadan, həm də anadan ibarət olan insanlarıq. Onların sevgisi və birliyi nəticəsində dünyaya gəlmişik. Hətta qadınlarımız arasında “Həsənoğlu” təxəllüsünü götürənlər də olub. Məsələn, tanınmış yazıçımız Aygün Həsənoğlu, Güllü Yoloğlu və başqaları. Onlar “Yol qızı”, “Həsən qızı” kimi yazmaq imkanına malik olsalar da, fərqlənmək və ya başqa səbəblərdən “oğlu” sonluğundan istifadə ediblər. Yaxud gənclərimiz var ki, bəlkə də bu seçim onların həyat təcrübəsinə və fəlsəfəsinə uyğundur. Onlar qadının soyadını götürməklə, əslində, ictimaiyyətə mesaj ötürür, qadın hüquqlarının qorunmasına, qadınlara hörmət və ehtiramın nümayişinə töhfə verdiklərini düşünürlər”.

Aydın Xan Əbilovun sözlərinə görə, müstəqillik dövründə cəmiyyətdə baş verən dəyişikliklər ailə və soyad ənənələrinə də təsirsiz ötüşməyib. Bu səbəbdən həyat yoldaşının soyadını qəbul edən kişilərə münasibətdə daha tolerant olmaq lazımdır:

“Əlbəttə, ictimai formasiya dəyişdikdən, müstəqillik əldə edildikdən sonra dünyada baş verən bir çox proseslər Azərbaycana da təsir göstərdi. O cümlədən qadınlara hörmət, kişinin soyadı ilə yanaşı qadının soyadının qəbul edilməsi, paralel soyadlardan istifadə də getdikcə adiləşdi. Buna görə də bu halı normal qəbul etməliyik. Əslində, biz bir ara belə bir təklif də irəli sürmüşdük: şəxsiyyət vəsiqəsində məlumatlar elektron formada əks olunduğuna görə, qısaldılmış variantla yanaşı, geniş məlumatların da elektron daşıyıcılarda, yəni çiplərdə qeyd edilməsi məqsədəuyğun olardı. Məsələn, həm ata adı, həm ana adı, həm ata soyadı, həm də ana soyadı şəxsiyyət vəsiqəsinin elektron məlumatlarında əks oluna bilər. Beləliklə, ehtiyac yarandıqda və ya illər keçdikdən sonra bu məlumatlar virtual arxivdə saxlanılar, şəxsin atasının və anasının kim olduğu, adlarının nə olduğu məlum olardı. Əslində, bu, normal bir təklifdir. Çünki illər keçir, biz ulu babalarımızın, hətta daha qədim əcdadlarımızın adlarını bilirik, amma ulu nənələrimizin adlarından xəbərsiz qalırıq. Gələcəkdə elə tətbiqlər və süni intellekt proqramları olacaq ki, insanlar öz babaları haqqında məlumatları vizuallaşdıra, hətta onları kinofilm kimi modelləşdirə biləcəklər. Ancaq nənələr haqqında bunu etmək mümkün olmayacaq, çünki onların adları və həyatları barədə məlumatlar, demək olar ki, itib. Ona görə də düşünürəm ki, bu, əslində, normal bir haldır və hər kəsin öz seçimini etmək hüququ var. Biz də həmin hüquqa hörmətlə yanaşmalıyıq. Kim bunu bəyənmirsə, belə bir seçim etməyə bilər. Amma bunu bəyənənlər və həyat yoldaşının soyadını qəbul edənlər varsa, onların qərarına da sadəcə hörmətlə yanaşmaq lazımdır”.

Xalidə Gəray
Musavat.com

https://musavat.com/news/kisiler-niye-arvadlarinin-soyadini-goturur_1308029.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir