Gürcustan və Türkiyə münasibətləri: futbol, siyasət, Fələstin və döyülən “Beşiktaş”çılar
Gürcüstan polisi heç bir ehtiyac olmadan “Beşiktaş” tərəfdarlarına qarşı gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib, onlar da cavab olaraq polisin üstünə gediblər. Xəsarət alanlar da var. Səbəb bu imiş ki, tərəfdarlar Fələstin bayrağı və dəstək pankartı açıblar.
Dəfələrlə “Qarabağ” klubunun səfər oyunlarında qondarma “Artsax bayrağı” qaldırılanda polisin bu şəkildə müdaxiləsini görmüsünüzmü? Açıq təxribat olsa da, o “bayraq”lar oyunun sonuna qədər tribunalarda qalırdı. İndi isə sosial mediada Türk düşmənliyi yürüdən bəlli bir qruplaşma “Beşiktaş” tərəfdarlarını günahkar çıxarır. Gizli səbəb isə İsraildir…
Biz də Azərbaycan-İsrail əməkdaşlığını alqışlayan vətəndaşlar sırasındayıq. Buna görə izləyicilər dəfələrlə bizi “İsrail nökəri”-filan adlandırıblar. Halbuki bu əməkdaşlıqda xüsusi bir sevgi göstərisi yox, sadəcə, dövlətlərarası qarşılıqlı maraqlar var.
İndi bəlli bir qrup var ki, onların “İsrail sevgisi” əndazədən çıxıb. Arqumentləri də budur ki, Fələstin “Qarabağ” mövzusunda Ermənistanı müdafiə edib. Əslində isə bu mövzuda Azərbaycan saytlarında yazılanların hamısı yalandır. Fələstin münaqişənin ilk günündən bu yana dəfələrlə Qarabağın Azərbaycan torpağı olduğunu dilə gətirib. Azərbaycanın rəsmi mediasında, o cümlədən “AzərTac”-da bu barədə xəbərləri tapıb oxuya bilərsiniz. Fələstin Ermənistana nə mənəvi, nə siyasi, nə də hərbi dəstək veməyib. Əksinə, bunların hamısını Rusiya edib, amma ölkəmizdəki Türk düşmənləri Rusiyanı sevməyə davam edir.
Fələstinin Xarici İşlər naziri Riyad əl-Maliki və hazırkı prezident Mahmud Abbas müxtəlif vaxtlarda Azərbaycanın ərazi bütövlüyünə açıq mətnlə dəstək veriblər. Yalnız bir dəfə Fələstinin sabiq lideri Yasir Ərəfat “biz və ermənilər bir xalqıq” deyib. Amma bunu Azərbaycana qarşı deməyib: İsrail Fələstindəki erməni məhəlləsini nəzarəti altına keçirəndə Ərəfat buna etiraz olaraq o fikirləri səsləndirib. Yəni o fikrin bizimlə və Qarabağ münaqişəsi ilə heç bir əlaqəsi yoxdur.
Fələstinin “erməni soyqırımı”nı tanıması haqda deyilənlər də yüz faizlik yalandır. Mahmud Abbasın Kipr səfəri də sadəcə, öz ölkəsinə siyasi dəstək axtarması ilə bağlıdır.
Azərbaycan mediasında Fələstin əleyhinə yazılan xəbərlərin heç biri faktyoxlayıcı şəbəkələr tərəfindən təsdiqlənməyib. Sadəcə olaraq, bəlli bir qruplaşma öz İsrail sevgisinə haqq qazandırmaq üçün Fələstinin adına hər növ cinayətləri yazır.
“Fələstin çılğınlığı”na görə zaman-zaman Türkiyə toplumunu biz də qınayırıq. Həqiqətən də bu qədəri çoxdur. Ərəb dünyası Türklərin fədakarlığını heç zaman dəyərləndirməyəcək.
Ancaq bütün bunlar gürcü polisinin kin-küdurətinə haqq qazandırmır. Əgər Rusiya Türk dünyasına qarşı “maşa” rolunda Ermənistanın yerinə Gürcüstanı seçsəydi, Allah bilir nələr edərdilər…
“Bizim Yol”

