Ürək atəşindən su içən kəlmələrin sərrafı, dövlətçiliyə və elmə sədaqət nümunəsi: Professor İlyas Həmidov. – Leyla Məcidova yazır

​Azərbaycanın elmi və ictimai fikrinin zəngin salnaməsində elə şəxsiyyətlər yetişdirir ki, onların ömür yolu təkcə fərdi uğurlar silsiləsi deyil, bütöv bir ziyalı məktəbinin, milli-mənəvi dəyərlərə bağlılığın və dövlətçilik düşüncəsinin təcəssümüdür. Belə görkəmli alimlərdən biri də Azərbaycan dilçilik elminin, xüsusilə rusistika, nəzəri sintaksis, paremiologiya və frazeologiya sahələrinin tanınmış tədqiqatçısı, filologiya elmləri doktoru, professor İlyas Həmidulla oğlu Həmidovdur. İlyas Həmidov haqqında danışmaq və yazmaq böyük məsuliyyət tələb edir, çünki o, tərifdən uzaq, təvazökarlığı özünə həyat kredosu seçmiş, heç vaxt özü haqqında yüksək pafosla danışmağı sevməyən, lakin əsl ziyalı qürurunu, alim ləyaqətini hər şeydən uca tutan nadir şəxsiyyətlərdəndir. Onun həyat fəlsəfəsində şöhrət axtarışı deyil, elmə, xalqa və dövlətə təmənnasız xidmət dayanır.
​Cənub bölgəsinin dilbər guşələrindən olan Astara rayonunun qədim tarixə, zəngin mədəniyyətə və ziyalı ənənələrinə malik Ərçivan torpağında 1947-ci il iyun ayının 15-də (rəsmi sənədlərdə 16 iyun) dünyaya göz açan İlyas Həmidov hələ erkən yaşlarından elmə, biliyə dərin marağı, zəhmətsevərliyi və prinsipiallığı ilə seçilmişdir. Doğma yurdun saflığı, mərdliyi və böyüyə-kiçiyə ehtiram ruhu onun xarakterinin təməl daşlarını formalaşdırmışdır.
1964-cü ildə Astara rayonunda orta məktəbi bitirdikdən sonra M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil olan gənc İlyas 1969-cu ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuş, istedadı və elmi axtarışlara meyli nəzərə alınaraq institutun Elmi Şurasının qərarı ilə Rus dilçiliyi kafedrasında saxlanılmışdır. Hərbi xidmətini başa vurduqdan sonra elmi tədqiqatlarını daha da dərinləşdirmək məqsədilə 1972-ci ildə Rostov-Don Dövlət Pedaqoji İnstitutunun aspiranturasına qəbul olmuş, 1975-ci ildə aspiranturanı bitirərək 1977-ci ildə Rostov-Don Dövlət Universitetində “Müasir rus dilində kompleks nisbətli çoxkomponentli tabeli mürəkkəb cümlələr” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir.
​Elmi axtarışlarını yorulmadan davam etdirən alim 1992-ci ildə “Rus dilinin ümumi cümlə tipologiyasında universal-analitik konstruksiyalar” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə, 1994-cü ildə isə professor elmi adına layiq görülmüşdür. 1969-cu ildən doğma ali təhsil ocağına bağlanan ömrü boyu müəllim, baş müəllim, dosent, kafedra müdiri (Müasir rus dili, Müasir rus dilinin qrammatikası, Ümumi dilçilik kafedraları), Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı vəzifələrində şərəflə çalışmış, 11 il ərzində universitetin “Elmi əsərlər” jurnalının redaktoru kimi elmi nəşrlərin keyfiyyətinə töhfə vermiş və bu gün də Bakı Slavyan Universitetinin Ümumi dilçilik kafedrasının məsləhətçi professoru kimi elmi-pedaqoji fəaliyyətini ləyaqətlə davam etdirir.
​Professor İlyas Həmidovun elmi irsi həm Azərbaycan dilçiliyinin inkişafında, həm də milli dilçilik fikrimizin dünya elminə inteqrasiyasında mühüm mərhələ təşkil edir. Onun tədqiqatlarında müasir rus dilinin sintaktik quruluşu, eləcə də Azərbaycan və rus dillərinin müqayisəli tipologiyası, frazeologiya və paremiologiya problemləri sistemli və konseptual şəkildə araşdırılmışdır. 200-ə yaxın elmi və elmi-metodiki əsərin, monoqrafiya, dərslik və lüğətlərin müəllifi olan alimin «Простое и сложное предложение в современном русском языке» (1989), «Семантика и структура предложения» (1992), «Аксиоматика» (1994/1999), «Философия грамматики афоризмов и паремий» (2001), «Русский язык в Азербайджане: история, современность, перспективы» (2005/2009), “Azərbaycanca-rusca atalar sözləri lüğəti” (2004), “Azərbaycanca-rusca, rusca-Azərbaycanca atalar sözü və zərbi-məsəllər lüğəti” (2009), «Фразеологический словарь азербайджанского языка» (2017) və «Философия грамматики паремио-фразеологических единиц» kimi fundamental əsərləri təkcə ölkəmizdə deyil, Almaniya, Polşa, Çexiya, Slovakiya, Rusiya, Ukrayna, Belarus və Qazaxıstanın elmi dairələrində də yüksək qiymətləndirilir və geniş istinad mənbəyi kimi istifadə olunur.
​Ənənəvi sintaksis nəzəriyyələrində nitq prosesində sərbəst yaradılan cümlələrə tətbiq edilən predikasiya, modallıq, zaman, şəxs, yer və təsdiq-inkar kateqoriyaları uzun müddət sabit, daşlaşmış paremioloji və frazeoloji vahidlərə münasibətdə kənarda qalmışdı. Professor İlyas Həmidov bu boşluğu dolduraraq dilçilik nəzəriyyəsinə universal-analitik konstruksiyalar (UAK) konsepsiyasını gətirmiş, bütün dillərdə predikativ tipli frazeoloji vahidlərin universal-filoloji relyativliyini, onların nitqdəki qrammatik-məntiqi uyğunluğunu və lakonik sintaktik quruluşunu elmi əsaslarla sübuta yetirmiş, semantik, distributiv-derivasion və praqmatik təbəqələşmə mexanizmlərini üzə çıxarmışdır. Alimin müasir paremiologiyaya verdiyi ən mühüm töhfələrdən biri də atalar sözü ilə zərbi-məsəllərin fəlsəfi-semiotik meyarlar əsasında dəqiq təsnifatıdır. O, göstərir ki, atalar sözləri ikitərkibliyi, komponentlərin dialektik vəhdəti və yüksək mücərrədləşdirmə gücü ilə qlobal, ümumbəşəri linqvo-fəlsəfi mahiyyət daşıyır, zərbi-məsəllər isə konkret situasiyaya bağlı olub həmin ümumiləşdirici konseptual bazadan fərqlənir. İlyas müəllimin təbirincə desək, “ürək atəşindən su içən kəlmələr” , məhəbbətlə nifrətin, xeyirlə şərin, ələmlə nəşənin toqquşmasından doğan bu söz inciləri insan ruhunun və xalq müdrikliyinin misilsiz simfoniyasıdır. Bu zəngin söz xəzinəsinin etimoloji, sintaktik və müqayisəli tədqiqi sahəsində onun rəhbərliyi ilə 25-dən çox elmlər namizədi və 2 elmlər doktoru yetişmişdir ki, bu da elm aləmində Professor İlyas Həmidovun sintaktik məktəbinin artıq bərqərar olduğunu təsdiqləyir.
​Professor İlyas Həmidovun böyüklüyü təkcə elmi kəşfləri ilə ölçülmür,onu ucaldan ən ali keyfiyyət vətəndaşlıq mövqeyi, dövlətinə və xalqına olan sarsılmaz sevgisidir. O, müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, milli təhsil sisteminin inkişafı və elmi potensialın qorunması yolunda daim fəal ziyalı mövqeyi nümayiş etdirmiş, uzun illər Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında rus dili fənni üzrə seminara rəhbərlik etmiş və orta ümumtəhsil məktəbləri üçün dərsliklər hazırlayaraq milli təhsil quruculuğuna sanballı töhfə vermişdir. Auditoriyada və həyatda o, tələbələrinə dəyər verən, onları səbirlə dinləyən, gənclərin haqqının tapdalanmasına heç vaxt imkan verməyən ədalətli və qayğıkeş müəllimdir. İlyas müəllim üçün hər bir tələbə gələcəyin alimi, müəllimi, dövlətin dayaq sütunudur. O, gənclərə yalnız elmin sirlərini deyil, həm də dürüstlüyü, mərdliyi, vətənə sədaqəti və insan ləyaqətini öyrədir. Kökdən gələn ədəb-ərkanı, kübarlığı, danışığındakı müdriklik və davranışındakı alicənablıq onu ünsiyyətdə olduğu hər kəsin gözündə əsl kişilik və ziyalılıq etalonuna çevirmişdir. Özündənrazılıqdan uzaq, qürurlu, lakin bir o qədər də sadə və səmimi olan bu böyük alim ömrünü kitabların, tələbələrin və elmi həqiqətlərin işığında mənalandırmışdır.

                        ​Alim ömrü

​Hər kəlməsi bir ümmanın dərinliyi, sirri-xuda,
Ömrü boyu elmə verib gəncliyini, canın fəda.
Tərif sevməz, şöhrət gəzməz, uca tutar ləyaqəti,
Söz mülkünün sərrafıdır, nur saçıbdır həqiqəti.

​Ərçivanın saf suyundan, torpağından güc alıbdır,
Ürək adlı atəşindən söz incisi ucalıbdır.
Haqqı pozmaz, düz yolundan bir an belə sapmayıbdır,
Ədaləti hər məqamda özünə tac tapmayıbdır.

​Tələbəyə arxa-dayaq, elmə işıq, nurlu çıraq,
Vətən eşqi, dövlət sevgisi ürəyində sönməz ocaq.
Zirvələrdə qərar tutan bu müdriklik, bu vüqarlar,
İlyas müəllim, sizin kimi alimlərlə Vətən parlar!

​Dəyərli həmyerlimiz, elmi və şəxsiyyəti ilə hər birimizin qürur mənbəyi olan görkəmli alim, filologiya elmləri doktoru, professor İlyas Həmidovu əlamətdar yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, tükənməz yaradıcılıq enerjisi və firavan həyat arzulayıram!

Leyla Qadir qızı Məcidova

​Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru,
Tarix üzrə fəlsəfə doktoru, LDU-nun dosenti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir