Ömrün və sənətin zirvəsində: Ağacəfər Fətullayev. – Leyla Məcidova yazır
Lənkəran torpağı əsrlər boyu özünün yetirdiyi fədakar insanları, alimləri, maarifçiləri, mədəniyyət və sənət xadimləri ilə zəngin bir salnamə yaradıb. Bu zəngin salnamədə elə parlaq simalar, elə nurlu xarakterlər var ki, onların adı çəkiləndə hər bir həmyerlimizin qəlbində böyük bir ehtiram, isti bir təbəssüm, dərin bir minnətdarlıq və tükənməz bir fəxarət hissi oyanır. Qədim Şiləvar kəndinin yetirməsi olan, uzun illər şərəfli pedaqoji fəaliyyəti ilə neçə-neçə gənc nəslin qəlbinə vətənpərvərlik, mənəviyyat, insanlıq və halallıq toxumları səpən Ağacəfər (Cəfər) Əlibala oğlu Fətullayev tam mənası ilə elimizin, obamızın, rayonda keçirilən hər bir toyun, şadlığın, el-oba məclisinin bəzəyi, hamı tərəfindən sevilən tamadası, aparıcısı və ağsaqqalıdır.
Cəfər müəllimin ömür yolu halallıqla və alın təri ilə yoğrulmuş, çətinliklərə sinə gərərək ucalan bir zəhmət məktəbidir. Hələ kiçik yaşlarından, uşaqlıq illərindən zəhmətə alışan, zəhmətin şərəfini bütün varlığı ilə hiss edən bu nurani insan həyatın hər cür sınağından, acısından-şirinindən keçərək öz təvəzökarlığını, ali insani keyfiyyətlərini və mənəvi ucalığını bir an da olsun itirməyib. Gənclik illərində uşaqlıq xəyallarının arxasınca gedərək hüquqşünaslıq ixtisası üzrə imtahan versə də, o dövrün qiymətləndirmə sistemində çox cüzi bir fərqlə, bəxtin kiçik bir sınağı nəticəsində istədiyi fakültəyə daxil ola bilməmişdi. Lakin bu sınaq onun qəlbindəki yaşamaq, yaratmaq və insanlara xidmət etmək həvəsini qırmadı, əksinə, onu daha da məğrur, daha da humanist və iradəli etdi. O, taleyin ona bəxş etdiyi əsl missiyanı – insan qəlblərinə yol tapmaq, mədəniyyətimizə və təhsilimizə xidmət etmək missiyasını böyük ləyaqətlə qəbul etdi.
Cəfər müəllimin daxili aləmindəki incə şeiriyyət duyğusu, söhbətindəki həzin şirinlik, nitqindəki zənginlik və dərin məntiq hələ ilk gənclik illərindən diqqəti cəlb edirdi. Bu torpaqda, bu rayonda şeiriyyətin hər bir növünü, bədii sözün incəliklərini, klasik və müasir poeziyanın incə ruhunu onun qədər dərindən bilən, təfərrüatına bələd olan ikinci bir insanı tapmaq çətindir. Cəfər müəllimin mikrafon arxasına keçdiyi, çıxış etdiyi hər bir el məclisi, hər bir toy sanki bir poeziya gecəsinə, yüksək mənəviyyat və mədəniyyət məbədinə çevrilir. Onun fərqli oratorluq qabiliyyəti, dərin mənalı kəlamları, el ağsaqqalına yaraşan müdrikliyi və məclisə bəxş etdiyi bənzərsiz aurası sayəsində Lənkəran toylarını, şənliklərini Cəfər müəllimsiz təsəvvür etmək tamamilə imkansızdır. O, təkcə toyları idarə edən bir aparıcı deyil, məclisdəki insanları birləşdirən, xoş ovqat paylayan, böyük-kiçik yerini öyrədən mənəvi bir dayaqdır.
Pedaqoji sahədə keçdiyi şərəfli yol Cəfər müəllimin həyatının ən parlaq səhifələrindən birini təşkil edir. 30 ildən artıq bir müddətdə Lənkəran şəhər Rasim Məmmədov adına 5 nömrəli tam orta məktəbdə məktəbdənkənar və sinifdən xaric işlər üzrə tərbiyəvi-təşkilatçı və pedaqoq kimi çalışan Cəfər müəllim sözün həqiqi mənasında “müəllimlər müəllimi” adını qazanıb. Onun tərbiyə etdiyi, cəmiyyətə qazandırdığı yüzlərlə gənc bu gün respublikamızın müxtəlif guşələrində Vətənə və dövlətə ləyaqətlə xidmət edir. Pedaqoji fəaliyyətlə yanaşı, onun zəngin yaradıcılıq palitrası da olduqca heyranedicidir. Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin fəal üzvü olan Ağacəfər Fətullayev Lənkəran Dövlət Dram Teatrının səhnəsində uğurla tamaşaya qoyulmuş dəyərli dram əsərlərinin (“Müəmma ölüm”, “Qış nağılı” və s.) müəllifidir. Eyni zamanda o, bölgəmizin tarixini, mənəvi dəyərlərini, maarifçilik ənənələrini əks etdirən “Milli-mənəvi dəyərləri yaşadan Şiləvar kəndi”, “Müəllimlər, Məzunlar” və “Cənub mirvarisi qızıl Lənkəran!” kimi dəyərli kitabların müəllifidir. Bu gün təqaüddə olmasına baxmayaraq, o, bir an da olsun istirahətlə kifayətlənmir, yenə də yorulmadan yaradır, yazır, el-obanın ictimai-mədəni həyatında böyük şövqlə iştirak edir.
Cəfər müəllimin həyatının və xarakterinin ən müqəddəs, ən ali tərəfi onun dərin vətənpərvərliyi və Azərbaycan dövlətinə, dövlətçiliyinə olan sonsuz, sarsılmaz bağlılığıdır. Bütöv bir elin sevincinə şadlanan, dərdi ilə kədərlənən bu fədakar insan xüsusilə 2020-ci ilin 44 günlük Zəfər yürüşü dövründə və müharibədən sonrakı günlərdə əsl vətəndaşlıq mövqeyi nümayış etdirmişdir. O, şəhidlərimizin müqəddəs ruhuna, onların valideynlərinə, analarına, qazilərimizə xüsusi bir ehtiram və qayğı ilə yanaşmışdır. Hər bir şəhid qapısını öz doğma ocağı bilərək addım-addım gəzmiş, şəhid analarının göz yaşını silməyə çalışmış, onların dərdinə şərik olmuşdur. Cəfər müəllim rəhbərlik etdiyi “Cəfər müəllimin nəvələri” qrupu ilə şəhid və qazi övladlarını öz ətrafına toplayaraq onları Vətən sevgisi, dövlətə sədaqət ruhunda tərbiyə etmiş, respublikamızın ən uca səhnələrindən birində, ADA Universitetində “Biz şəhid övladıyıq, Vətən əmanəti!” kimi son dərəcə təsirli bədii kompozisiyalarla çıxış edərək hər kəsin qəlbini titrətmişdir. Bu fəaliyyət onun Vətənə, xalqa və dövlətə olan fədakar məhəbbətinin parlaq təzahürüdür.
Cəfər müəllimin heyranlıq doğuran, nümunəvi bir ailə tablosu var. Onun ocağı sevgi, ehtiram, fədakarlıq və samimiyyət üzərində bərqərar olub. Xanımı ona hər zaman canla-başla xidmət edən, hər çətinlikdə dayaq duran, qayğısını və nəvazişini əskik etməyən əsl ömür-gün yoldaşıdır. Bu gözəl ailənin ən şirin bəzəyi, ömrün ən böyük sevinc payı isə onun tərbiyəli, gülərüz və nurlu nəvələridir. Təmiz ürəyi, sədaqətli dostluğu, humanist xarakteri və yaratdığı gözəl aurası ilə Cəfər müəllim təkcə öz ailəsinin deyil, bütün Lənkəran elinin sevimli ağsaqqalına çevrilib.
O, dəfələrlə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanlarına, Lənkəran şəhər Bələdiyyəsinin “İlin adamı” mükafatına, Elm və Təhsil Nazirliyinin qrant layihələrinin qalibi adlarına və bir çox fəxri diplomlara layiq görülən Cəfər müəllim üçün ən böyük mükafat hər zaman xalqın qəlbində qazandığı uca sevgidir. Lakin onun həm aparıcılıq sənətinə gətirdiyi yüksək mədəniyyət və etik normalar, həm də nümunəvi insanlığı, təhsildə və mədəniyyətdə göstərdiyi uzunillik təmənnasız xidmətləri, dövlətçiliyimizə verdiyi dəyərli töhfələr nəzərdən qaçmamalıdır. Çünki o, sözün əsl mənasında dövlətimizin ən ali mükafatlarına, fəxri adlarına və təltiflərinə layiq olan fədakar bir ziyalıdır. İnanırıq ki, onun bu misilsiz xidmətləri layiq olduğu yerini tutacaq və aidiyyəti qurumlar tərəfindən ən uca mükafatlarla qiymətləndiriləcəkdir.
Bu gün biz böyük qürur hissi ilə Cəfər müəllimə cansağlığı, uzun və mənalı ömür, ailə səadəti və tükənməz yaradıcılıq enerjisi arzulayırıq. Qoy onun nurlu zəkası, şirin kəlamı, humanist qəlbi və ilhamverici sözü hələ uzun illər elimizi, obamızı, məclislərimizi işıqlandırsın! Arzu edirik ki, bundan sonra da həyatında adına yazılacaq yeni-yeni uğurlar, ali mükafatlar və təltiflər ömür yolunu daha da bəzəsin!

Leyla Qadir qızı Məcidova
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru,
LDU-nun dosenti

