Hicab “mehi” də belə keçəcək, yaxud cəmiyyətin həssaslığı… Arifə Əliyeva yazır
Hökumət qərar qəbul elədi. Biz hökumətdən çox bilə bilmərik. Ehtimal, fərziyyə irəli sürə bilərik, ağlımıza, ürəyimizə nəsə gələ bilər, bir də var fakt. Fakt təkzib olunmaz. Demək, bilmədiyimiz faktlar var, həm də təhlükəli. Belə olmasaydı hökumət bucür həssas məsələyə toxunmazdı. Qərarlar icra olunmaq üçündür. Baxır necə icra olunur? İnanıram ki, əhalimizin 95%-i inanclıdır, necə, nə dərəcədə, bu ayrıca mövzudur. Ən imansız adam da dara düşəndə “Ay Allah” deyir. Şüuraltı olaraq hamı Allahın varlığına inanır. Ölümüzü mollasız yerdən qaldırıb, məzara qoymuruq. Ramazan süfrələri açılsın evlərinizdə, Qurani-Kərim oxunmayan ev yoxdur. İslam dini həyat tərzimizə, yaşayışımıza hopub. Heç kim xalqımıza dinsiz deyə bilməz. Belə bir məsələ heç vaxt gündəmdə olmayıb.
Hökumət qərar qəbul edib. Aydındır ki, qərar yerinə yetiriləcək. Məncə, icra bu şəkildə olmamalı idi. Cəmiyyəti bu qərara hazırlamaq lazım idi. Əvvəla, tv-lər çal-çağırı, vur-çatlasını azaldıb maarifləndirmə aparmalı idi. Səbəb dövlət sirri də olsa, müəyyən qədər açıqlama verilməli idi. Məktəblərdə valideyn iclasları çağırılmalı, valideynlərdən bu məsələyə anlayışla yanaşmaları rica olunmalı idi. Cümə günü məktəbə başı bağlı gələn müəllim və şağirdlərin üzlərinə bazarertəsi məktəb qapılarını bağlamaq nə dərəcədə doğrudur? O balaları pərt edib geri yollamaq inanıram ki, ateistin də ürəyini ağrıdıb. Hər birimizin övladını hər hansı bir səbəbdən məktəbə buraxmasalar mütləq kəskin reaksiya verərik. Başıbağlı xanım müəllimin ilk videosu paylaşılanda mən münasibət bildirərək yazdım ki, müəllimlərimiz bu məsələyə maarifçilər kimi yanaşmalıdırlar, qarşıdrmaya, vəziyyətin kəskinləşməsinə imkan verməmək ən vacib məqsəd olmalıdır. Təbii ki, şərhimi bir nəfər də bəyənmədi. Şükür, vətəndaş qarşıdurması olmadı, sosial şəbəkədə yerli əhali bir xeyli çəkişib cəmiyyətimizin harayacan gəlib çıxdığını göstərdi. Qadınlardan çox kişilər hicab tərəfdarı imiş. Güzəranlarından narazı olan kişilər də hicabı bayraq edib ürəklərini boşaltdılar. Ara sakitləşirdi ki, qardaş Türkiyə vətəndaşları Azərbaycan xanımının örtüyü uğrunda iki cəbhəyə parçalandılar. Yeri gəlmişkən, Türkiyədə bölmək-bölünmək həvəsimi deyim, zəifliyimi deyim, türk demişkən, dodaq uçuqladır. Partiyalara, cəmaətlərə, aşirətlərə, təbəqələrə, hətta futbol klublarına da bölünə-bölünə gedirlər, irəliyəmi-geriyəmi, özləri bilirlər. Özləri də özlərinə çılğın türklər deyirlər. Emosional qardaşlarımız çox narahatdırlar. Neçə gündür şərh yazmaqdan barmaqlarım qabar olub, qardaşlar, arkadaşlar, bizdən dolayı rahatsız olmayın, çocuqlar dərslərinə davam edirlər, ölkəmizdə sabitlikdir, deyirəm. Təəssüf ki, böyük Türkiyədə bizə qarşı hücumlar davam edir, amma Nazirlər Kabinetimizin qərarını alqışlayanlar da çoxdur. İnşallah sular durular, inciklik aradan qalxar. Atalarımızın bir sözü var, insanın özünün-özünə etdiyini fələk də edə bilməz. Vəziyyəti bu yerə özümüz gətirib çıxardıq. Müsəlman olmadan öncə biz millət olmuşuq, dinlər də yaranıb, nə gözəl, dinlər ilk növbədə mədəniyyətdir, sivilizasiyaya keçiddir, üzərinə elm, təhsil də gələndə ziyalı, imanlı, əməli saleh insanlar yetişir. Fanatizm, cəhalət deyilən zəncirlər-buxovlar da var. Nə yadıma düşür, bilirsinizmi, bütün qadınlarımızın başlarını örtdükləri zamanlarda ulu nənələrimiz yaylıqlarını açıb kişilərin ayaqları altına atıblar ki, qan davası dayansın, qan düşməsin. İndi, ay analar, ay bacılar, ay xanım müəllimlər, nə olardı dövlətimizin qərarına əməl edib, tədris zamanı örtüklərinizi açsaydınız? Axı hamımız deyirik, Allah rəhimli, rəhman, bağışlayandır. Az qala İran-Turan davası gedir, ay atalar, ay qardaşlar, məktəb qapılarını qırıb, videolar çəkib bizi dünya ilə üz-üzə qoyaraq nə qazandınız? Türkiyəli atalar-analar, bacılar-qardaşlar, birliyimizə əngəl olmaq istəyənlərə fürsət verməyin. Vallahi-billahi türkün-türkdən başqa dostu yoxdur.
P.S. Azərbaycan xanımlarının şəklini instagram səhifəsindən götürmüşəm, paylaşan halal eləsin.

