Vətənpərvər şəhid əmanəti: Nuranə Fərəcova. – Leyla Məcidova yazır
Hər kəsin bu həyata özünəməxsus bir baxış bucağı var. Kimi dünyanı öz mənəvi daxili ilə ölçər, kimi də ətrafındakı işığı görüb onu yaşatmağı özünə borc bilər. Həyat bəzən insanı çətin sınaqlarla üz-üzə qoyur, lakin məğrur duruşu, yüksək mənəviyyatı və müqəddəs amallara bağlılığı ilə bu sınaqlardan alnıaçıq, üzüağ çıxan şəxsiyyətlər hər zaman cəmiyyətin qürur mənbəyinə çevrilirlər. Belə fədakar, qeyrətli, vətəninə və dövlətinə sonsuz sevgilərlə bağlı olan ziyalı xanımlardan biri də Astara Pedaqoji Kollecinin “Maliyyə və kompüter sistemləri” şöbəsinin müdiri Nuranə Rufulla qızı Fərəcovadır. Nuranə xanım yalnız öz sahəsinin peşəkarı, gənc nəslin tərbiyəsində xüsusi xidmətləri olan dəyərli bir pedaqoq deyil, eyni zamanda Vətən uğrunda canından keçmiş qəhrəman şəhidimiz Kamran Fərəcovun adını uca tutan, ona layiq bir həyat yoldaşı və əkiz övladlarını vətənpərvər ruhda böyüdən fədakar bir anadır.
Nuranə xanım 1976-cı ildə Astara rayonunun Səncərəddi kəndində ziyalı və zəhmətsevər bir ailədə dünyaya göz açıb. O, boy-başa çatdığı doğma kəndində 1982-ci ildə Səncərəddi kənd orta məktəbinin 1-ci sinfinə qədəm qoymuş, 1992-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. Elmə, biliyə olan sonsuz həvəsi onu respublikamızın ən köklü ali təhsil ocaqlarından birinə — Azərbaycan Dövlət Pedaqoji Universitetinə gətirib çıxarmışdır. 1992–1997-ci illərdə bu mötəbər təhsil müəssisəsinin Riyaziyyat fakültəsində təhsil alaraq dəqiq elmlərin sirrinə yiyələnmiş və gələcəyin işıqlı müəllimi kimi formalaşmışdır.
Ali təhsilini başa vurduqdan sonra Nuranə xanım müqəddəs müəllimlik peşəsinə böyük məsuliyyətlə qədəm qoymuşdur. 16 avqust 1997-ci il tarixində Artupa kənd orta məktəbində riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlayan gənc pedaqoq, 23 noyabr 1998-ci ildən doğulub boya-başa çatdığı Səncərəddi kənd orta məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdir. Təhsil sahəsindəki fəallığı və bacarığı sayəsində o, 31 avqust 2000-ci ildə Astara Pedaqoji Texnikumuna işə qəbul olunmuşdur.
Taleyin müxtəlif dövrlərində Nuranə xanımın şərəfli əmək yolu Azərbaycanın fərqli bölgələrini əhatə etmişdir. Ailə vəziyyəti ilə əlaqədar 2005-ci ildən etibarən bir müddət Ağdam rayonunun Mahrızlı kənd orta məktəbində riyaziyyat müəllimi, ardından isə həmin məktəbin dərs hissə müdiri vəzifəsində çalışaraq təşkilatçılıq qabiliyyətini nümayiş etdirmişdir. 2007–2011-ci illərdə Gəncə Musiqi Texnikumunda riyaziyyat müəllimi kimi gənclərə elmin əsaslarını öyrətmişdir.
Ancaq doğma yurdun çəkiciliyi və pedaqoji kollektivin ehtiyacı onu yenidən Astaraya qaytarmışdır. 15 sentyabr 2011-ci il tarixindən etibarən o, yenidən Astara Pedaqoji Kollecində müəllim kimi fəaliyyətə başlamışdır. İşinə olan məsuliyyəti, idarəçilik bacarığı və dərin biliyi sayəsində qısa müddətdə kollecin metodisti, ardından qiyabi şöbə müdiri, daha sonra Texnologiya şöbə müdiri vəzifələrinə yüksəlmişdir. İllər ərzində müəllimlik və şöbə müdirliyi vəzifələrində zəngin təcrübə toplayan Nuranə xanım hazırda Astara Pedaqoji Kollecində “Maliyyə və kompüter sistemləri” şöbəsinin müdiri vəzifəsində şərəflə çalışır. O, çalışdığı təhsil müəssisəsində tələbələrini doğma övladı kimi sevən, onlara bilik verməklə yanaşı həyat yolu göstərən, mənəvi dəyərləri aşılayan işıqlı bir ziyalıdır.
Nuranə xanımın həyatının ən şərəfli və qürurlu səhifələrindən biri də onun dastanlara sığmayan sevgisidir. O, 2004-cü ildə Fərəcov Kamran Qılman oğlu ilə ailə həyatı qurmuşdur. Bu nümunəvi ailədə 16 aprel 2015-ci ildə gözəl əkiz qız övladları Dəniz və Şəms dünyaya göz açmışlar. Hazırda 5-ci sinifdə təhsil alan bu iki gül balanın tərbiyəsi, onların layiqli vətəndaş kimi böyüməsi Nuranə xanımın ən böyük amallarından biridir.
Lakin 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi bu ailənin də taleyinə silinməz bir qəhrəmanlıq tarixi yazdı. Nuranə xanımın həyat yoldaşı Kamran Fərəcov Vətənin çağırışına səs verərək torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatıldı və 20 oktyabr 2020-ci il tarixində uca Şəhidlik zirvəsinə ucaldı. Kamran Fərəcov öz qanı ilə Zəfər tariximizi yazan qəhrəmanlarımızdan biri oldu. Nuranə xanım bu böyük itkinin acısını böyük bir mətanətlə, qürurla qarşıladı; şəhidinə layiq bir həyat yoldaşı kimi məğrur duruşunu, Həcər qeyrətini heç vaxt pozmadı.
Hər kəsin dünyada var yaraşığı,
Kimi kölgə gəzər, kimi işığı.
Qəlbi vətən ilə döyünənlərin,
Mənəviyyatdadır əsl ucalığı.
Nuranə xanım bu gün həm bir şəhid həyat yoldaşı kimi şəhidlik zirvəsinin ucalığını qoruyur, həm də fədakar bir ana kimi əkiz qızları Dəniz və Şəmsi atasının adına layiq, vətənpərvər ruhda böyüdür. Onun hər addımı, tələbələrinə verdiyi hər öyüd-nəsihət, göstərdiyi pedaqoji fədakarlıq cəmiyyətimiz üçün əsl vətənpərvərlik və mətanət məktəbidir.
Vətən uğrunda canını fəda etmiş qəhrəman həyat yoldaşı Kamran Fərəcova Allahdan rəhmət diləyir, unudulmaz xatirəsini ehtiramla yad edirik. Şəhidimizin əmanəti olan övladlarına parlaq gələcək, Nuranə xanıma isə həm müqəddəs analıq yolunda, həm də gənc nəslin tərbiyəsindəki pedaqoji fəaliyyətində yeni-yeni uğurlar və dözüm diləyirik. Şəhidlərimizin əmanətlərinin işıqlı gələcəyi Nuranə xanım kimi fədakar anaların, ziyalı müəllimlərin əllərində hər zaman etibarlı olacaqdır.

Leyla Qadir qızı Məcidova
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, LDU-nun dosenti

