Lənkəran Dövlət Universiteti və Qazaxıstan ali təhsil əlaqələri. – Leyla Məcidova yazır

Lənkəran Dövlət Universiteti (LDU) ilə Qazaxıstan Respublikasının X. Dosmuxamedov adına Atırau Dövlət Universiteti arasında imzalanmış “Akademik Əməkdaşlıq Protokolu” çərçivəsində 2026-2027-ci tədris ilinin payız semestrində LDU-nun Filologiya və ibtidai təhsil fakültəsinin “Xarici dil müəllimliyi” ixtisası üzrə IV kursunda təhsil alan qazaxıstanlı tələbələr — Zhadyra Miramova (Jadrə) və Anar Mubarakova ölkəmizdədirlər.
​Qazaxıstandan LDU-ya gələn bu tələbə qızları şəxsən öz nəzarətimə götürərək Lənkəranın tarixi və görməli yerləri ilə yaxından tanış etmək üçün xüsusi ekskursiya təşkil etdim. İlk növbədə onları Sütəmurdov kəndini Lənkəranın mərkəz hissəsi ilə birləşdirən, 1929–1932-ci illərdə almanlar tərəfindən tikilmiş tarixi körpü ilə tanış etdim və abidə barədə ətraflı məlumat verdim. Daha sonra Dairəvi qalaya gətirdim,burada restavrasiya işləri getdiyinə baxmayaraq, qalanın tarixi haqqında geniş məlumat verdim. Ardınca onları mayaka apardım, orada da aparılan bərpa işləri barədə danışdıqdan sonra səyahətimizi qəhrəmanlıq salnaməmizin simvolu olan iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstünün yanına davam etdirdik.
​Şəhər mərkəzində yerləşən Mərkəzi kitabxana, musiqi məktəbi, Lənkəran Dövlət Dram Teatrı, Yeni Azərbaycan Partiyasının binası, Dostluq parkındakı milli qəhrəmanların büstləri ilə yanaşı, Xocalı faciəsini özündə əks etdirən memorial kompleksi və “Ana harayı” heykəlinin yerləşdiyi Xocalı parkına da baş çəkdik. Tələbələr buranı ehtiramla ziyarət edərək xatirə şəkilləri çəkdirdilər.
​Gəzintinin davamında onları Mirvari dəniz vağzalında yerləşən “Mirvari” restoranında nahara qonaq etdim. Daha sonra XX əsrin əvvəllərinə aid olan, el arasında “Xan evi” adlanan Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə gətirərək çay süfrəsinə qonaq etdim və tariximiz barədə geniş məlumat verdim.
​Məqsədimiz qardaş ölkədən gələn bu gənclərə həm tariximizi dərindən tanıtmaq, həm də Lənkəran Dövlət Universitetində təhsilin yüksək səviyyəsini və beynəlxalq əlaqələrin inkişafını əyani şəkildə göstərməkdir. Jadra və Anar səyahətdən çox böyük məmnunluq və xoş təəssüratlarla ayrıldılar. Onları universitet tərəfindən təyin olunmuş yataqxanaya yerləşdirdim və söz verdim ki, yanvar ayına qədər hər həftə onları tariximizi əks etdirən ərazilərə aparıb bu ənənəni davam etdirəcəyəm, gənclərimizi mədəniyyətimizlə tanış edəcəyəm.

Leyla Məcidova

LDU-nun dosenti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir