Nura qovuşan işıq: Novruzəli Axundov. Leyla Məcidova yazır

Həyatın ən böyük gözəlliyi və insanlığın ali mənası geridə qoyulan xeyirxah əməllərdə, qəlblərdə yandırılan ümid işığında və unudulmaz xatirələrdə təcəssüm olunur. Bəzən həyat bizə elə əvəzolunmaz insanlar bəxş edir ki, onların varlığı təkcə bir ailənin deyil, bütün bir elin, obanın qəlbinə istilik verir. Astara rayonunun tarixi, səfalı Ərçivan kəndinin yetirdiyi, bütün ömrünü maarifçiliyə, insanlığa və xeyirxahlığa həsr etmiş Novruzəli müəllim məhz elə nadir şəxsiyyətlərdən biri idi. Onun haqqın rəhmətinə qovuşması xəbəri doğma insanımızı, valideynimizi itirmək qədər ağır, qəlbimizi göynədən bir kədər oldu.
Novruzəli müəllim sıradan bir pedaqoq deyildi, o, müəllimlər müəllimi idi. Riyaziyyatın mürəkkəb düsturlarını şagirdlərinə sevgi ilə öyrədən bu böyük insan, eyni zamanda onlara həyatın ən ali dəyərlərini, insaniyyəti, sədaqəti və dürüstlüyü aşılamışdı. Novruzəli müəllimin dərs dediyi şagirdlər bu gün dünyanın dörd bir yanında, müxtəlif nüfuzlu sahələrdə uğurla çalışırlar. Onlar Novruzəli müəllim kimi xeyirxah, bilikli və müdrik bir ustaddan dərs aldıqları üçün hər zaman özlərini şanslı saymışlar.
Böyük şəxsiyyətlərin ən böyük irsi onların cəmiyyətə bəxş etdiyi dəyərli övladlar və yetirmələrdir. Bu gün Novruzəli müəllimin ocağında yetişən övladlarından biri Emil Novruzəli oğlu Axundov Astara-Lənkəran Regional Təhsil İdarəsinin aparıcı, nüfuzlu mütəxəssislərindən biridir. İkinci oğlu Şamil Novruzəli oğlu Axundov ADA Universitetində çalışır, gələcək nəsillərə dərs deyən hörmətli bir alim, tələbələrin sevimli müəllimidir. Qızı Ruhəngiz xanım da ADA Universitetinin əməkdaşıdır. Bu, bir atanın, bir ziyalının cəmiyyət qarşısında qoyub getdiyi ən şərəfli imza, ən böyük sərvətdir.
Cənub bölgəsində, Ərçivan kəndində Novruzəli müəllim həm də böyük xeyirxahlığı, insanlara sonsuz diqqəti və sədaqəti ilə yadda qalıb. Qapısına pənah gətirənin əlindən tutan, hər kəsin xeyir-şərində öndə duran, məsləhəti ilə yol göstərən bir el ağsaqqalı idi. Valideynlərimizdən sonra bizi heç vaxt tək qoymayan, hər bir xeyir işimizdə və hər çətinliyimizdə yanımızda olan qan bağımız — bu doğma insanın itkisi bu gün bizim üçün son dərəcə ağır və əvəzolunmazdır. Onun yoxluğu təkcə doğmaları üçün deyil, onu tanıyan hər bir kəs üçün böyük bir kədər və dolmaz bir boşluq yaratdı.
Böyük ustadlar dünyasını dəyişmir, onlar şagirdlərinin uğurlarında, yetişdirdikləri övladların əməllərində və xeyirxah xatirələrdə əbədi yaşayırlar. Novruzəli müəllimin işıqlı ruhu da hər zaman bizim qəlbimizdə dualarla, hörmətlə və dərin minnətdarlıqla anılacaqdır.
Allahdan ailəsinə səbir arzulayırıq. Nur içində yatsın, Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun, inşallah!

Qəfil ölüm gəlib səni apardı…

Səfalı Ərçivan matəmə batdı,
Gör necə bir işıq söndü, dayandı.
El-oba kədərə, qəmə büründü,
Qəfil ölüm gəlib səni apardı…

Sən elm öyrətdin neçə şagirdə,
Riyazi düsturlar dilləndi bir-bir.
Elə dayaq olan, ey gözəl insan,
Qəfil ölüm gəlib səni apardı…

Dünyanın hər yanı sənin izinlə,
Yetirmən fəxr edər gözəl sözünlə.
Çarəsiz qalmışıq ağır hüznlə,
Qəfil ölüm gəlib səni apardı…

Biri alim oldu, biri məmurdur,
Övladın qoyduğun şərəfli yoldur.
Gözümüz yaşardı, könlümüz doldu,
Qəfil ölüm gəlib səni apardı…

Doğma bir insandın, candan da yaxın,
İşıqlı xatirən silinməz qalar.
Bizə valideyn tək ağırdı dağın,
Qəfil ölüm gəlib səni apardı…

Leyla Qadir qızı Məcidova


Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru,LDU-nun dosenti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir