Fədakar alim: Dosent Arif İsmayılov. Leyla Məcidova yazır
Cənub bölgəsinin ziyalı mühitində özünəməxsus dəsti-xətti, dərin zəkası və nəcib insani keyfiyyətləri ilə seçilən şəxsiyyətlər arasında pedaqoji elmlər namizədi, dosent Arif İbrahim oğlu İsmayılovun xüsusi yeri vardır. O, təkcə riyaziyyat elminin incəliklərini tələbələrinə sevdirən bir alim deyil, həm də davranışı, əxlaqı və kübarlığı ilə hamının qəlbində taxt qurmuş əsl ziyalı nümunəsidir. Dünyada insanlığa, ləyaqətə və səmimiyyətə dəyər verilirsə, Arif müəllim bu keyfiyyətləri öz şəxsiyyətində ən ali səviyyədə təcəssüm etdirən nadir insanlardandır. Onun zəngin köklərdən qidalanan həyat yolu, elmə və təhsilə həsr olunmuş ömrü gənc nəsillər üçün əsl məktəbdir.
Arif müəllimin elmə və təhsilə olan həvəsi onun gənclik illərindən, ilk addımlarından özünü göstərmişdir. 1951-ci ildə Lənkəran rayonunda anadan olan Arif İsmayılov 1967-ci ildə orta məktəbi parlaq nəticələrlə, qızıl medalla bitirmişdir. Zəkasının iti vaxtında elmin çətin yollarına qədəm qoyaraq 1972-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini əla qiymətlərlə başa vurmuşdur. Ali təhsil illərində qazandığı dərin nəzəri biliklər və analitik təfəkkür onun gələcək pedaqoji və elmi fəaliyyətinin möhkəm təməlini təşkil etmişdir.
Ali məktəbi bitirdikdən sonra o, doğma Lənkəran rayonuna qayıdaraq gənc nəslin təlim-tərbiyəsinə bütöv bir ömür bəxş etmişdir. Uzun illər rayonun müxtəlif orta məktəblərində riyaziyyat müəllimi, məktəb direktoru və şəhər Təhsil şöbəsində metodist vəzifələrində şərəflə çalışmışdır. Rəhbərlik etdiyi təhsil müəssisələrində nümayiş etdirdiyi yüksək təşkilatçılıq qabiliyyəti və yenilikçi pedaqoji yanaşmalar Respublika və rayon səviyyəsində qabaqcıl iş təcrübəsi kimi nümunə göstərilmiş, tövsiyə olunmuş və layiqincə qiymətləndirilmişdir. “Respublika Pedaqoji mühazirəçilər” müsabiqəsində I dərəcəli diploma layiq görülməsi onun nəzəriyyə ilə praktikanı ustadcasına birləşdirmək bacarığının bariz göstəricisidir.
Pedaqoji fəaliyyətlə yanaşı, elmi axtarışlarını da aramsız davam etdirən Arif İsmayılov 1996-cı ildə “Orta ümumtəhsil məktəbləri şagirdlərinin riyaziyyat və fizikadan nəzəri biliklərinin kənd təsərrüfatına tətbiqi üzrə işin sistemi” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2007-ci ildən etibarən isə onun zəngin təcrübəsi Lənkəran Dövlət Universiteti ilə bağlanmışdır. 42-dən artıq elmi-metodik işin müəllifi olan dosent Arif İsmayılov bu gün də ali məktəb auditoriyalarında gənc kadrların yetişdirilməsində yorulmadan çalışır.
Arif müəllim elə bir insandır ki, onun haqqında danışarkən yalnız elmi nailiyyətləri ilə kifayətlənmək mümkün deyil. O, qarşı tərəfi səbirlə dinləyən, hər bir müraciət edənə dəyərli məsləhətlər verən, diqqətli və son dərəcə qabiliyyətli bir şəxsiyyətdir. Aliliyi və alimliyi özündə birləşdirən bu dəyərli müəllim Lənkəran Dövlət Universitetinin tələbələrinin unudulmaz sevimlisinə çevrilmişdir. Tələbə qəlbinə yol tapmaq, onların yadında yalnız bilik verən deyil, həm də yol göstərən bir mənəvi ata kimi qalmaq hər pedaqoqa nəsib olmayan böyük səadətdir.
Nəcib ömür yolu, insanlığa və elmə xidməti ilə seçilən belə ziyalılarımızın varlığı cəmiyyətimizin mənəvi sütunudur. Müəllimlik peşəsinin ucalığını öz əməli ilə sübut edən Arif müəllimin şərəfli ömrünə həsr olunmuş bu misralar onun böyük şəxsiyyətinin təbii tərənnümüdür.
Zəkadan nur alıb elmə yol açan,
Səbirlə, təmkinlə nurunu saçan.
Zülmət gecələrdən işığa qaçan,
Qəlblərə yol tapan ustadır müəllim!
Sözündə aydınlıq, gözündə diqqət,
Kökündən gəlibdir bu ulu hikmət.
Tələbə qəlbində tükənməz qüdrət.
Ömrə nur paylayan ustadır müəllim!
Arif İsmayılov şəxsiyyəti zamanın sınağından keçmiş, öz kökünə, elminə və mənəvi dəyərlərinə sadiq qalmış nadir insanlardandır.
Dəyərli Arif müəllimə elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar, möhkəm can sağlığı, uzun və mənalı ömür, həyatın hər anında sevdiklərinin və tələbələrinin əhatəsində xoşbəxtlik arzulayırıq. Şərəflə yaşanan bu ömür yolu hələ uzun illər gələcək nəsillərə işıq saçmaqda devam edəcəkdir.Var olun doğma insan!

Leyla Qadir qızı Məcidova
Lənkəran Dövlət Universitetinin müəllimi,
Tarix üzrə fəlsəfə doktoru, dosent,
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru
