Zamanın zirvəsində işıqlı bir ömür: Həşim Əkbərov. – Leyla Məmişova yazır

Hər bir insanın ömür kitabı onun xarakterinin, əməyinin, qəlb genişliyinin və ətrafına payladığı nurun misilsiz saxlancıdır. Lakin elə şəxsiyyətlər var ki, onların həyat yolu təkcə fərdi bir taleyin bəyanı deyil, böyük bir təhsil ocağının, bütöv bir ziyalı mühitinin mənəvi salnaməsinə çevrilir. İllər ötür, fəsillər dəyişir, amma insanlığın müsbət keyfiyyətləri, mülayimlik, təvazökarlıq, əsl ziyalıya xas olan təbiət və rəhimlilik zamanın sınaqlarından həmişə alnıaçıq, üzüağ çıxır. Bu gün qəlbimdə dərin bir hörmət, kövrək xatirələr və böyük bir iftixar hissi ilə haqqında söz açdığım insan, Lənkəran Dövlət Universitetinin müəllimi, bu müqəddəs elm məbədinin uzun illərdən bəri sadiq təmsilçisi, hazırda Xarici dillər kafedrasının müdiri, tələbələrinin sevimlisi fədakar pedaqoq Həşim Əkbərovdur.
Həşim müəllimi xatırlayarkən gözlərim önündə gənclik illərimizin o,unudulmaz, saf və zəhmətlə yoğrulmuş mənzərəsi canlanır. Universitetə təzə qəbul olunduğum, həyatın geniş yollarına ilk qədəmlərimi basdığım illər idi. Qiyabi təhsil almaqla yanaşı, bilik və təcrübəmi artırmaq üçün eyni zamanda çalışmalı olurdum. Bəli, zəhmətin, axtarışların qızğın vaxtı idi. Məhz bu çalışdığım, həyatı və elmi dərindən dərk etməyə can atdığım həmin tarixi dönəmdə,mənimlə eyni vaxtda kafedramıza çalışmağa Həşim müəllim gəldi. Həşim Əkbərov incə ruha, dərin mədəniyyətə, misilsiz utancaqlığa və sonsuz rəhimliliyə malik olan o,gənc ilk gündən öz insanlığı ilə hamının dərin rəğbətini qazandı. Mən Xarici dillər kafedrasında, onların laborantı kimi də fəaliyyət göstərirdim. O, illərin hər günü, hər saatı mənə Həşim müəllimin nə qədər mülayim, nə qədər diqqətli və nə qədər alicənab bir qəlbə malik olduğunu dəfələrlə sübut etdi. O, sadəcə bir həmkar, sadəcə bir iş yoldaşı deyil, xeyirxahlığın, rəhimliliyin və insanpərvərliyin, qardaşlığın canlı timsalı idi.
1966-cı il avqust ayının 26-da Lənkəran rayonunun səfalı, füsunkar köşələrindən biri olan Cil kəndində dünyaya göz açan Həşim müəllim, elə uşaqlıq illərindən zəhmətə, elmə, kitaba olan dərin sevgisi ilə seçilmişdir. Tarixi kənd olan Cil kəndinin təmiz havası, bu torpağın mərd və samimiyyətlə dolu insanları onun xarakterinin formalaşmasında silinməz izlər qoymuşdur. O, təhsil yolunda ilk böyük addımını 1991-ci ildə SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) “İngilis dili və ədəbiyyatı” fakültəsini müvəffəqiyyətlə bitirməklə atmışdır. Ali təhsilini başa vurduqdan sonra qəlbindəki bilik işığını doğma cənub bölgəsinə, gənc nəslin tərbiyəsinə həsr etmək arzusu onu 1995-ci ildə Lənkəran Dövlət Universitetinə gətirdi. Həmin ildən etibarən onun LDU-nun “Xarici dillər” kafedrasındakı şərəfli pedaqoji fəaliyyəti başladı və bu günə qədər böyük həvəslə davam etməkdədir.
Həşim Əkbərov heç vaxt qazandığı uğurlarla kifayətlənən, yerində sayan pedaqoqlardan olmadı. O, dünya təhsil sisteminin yeniliklərini mənimsəmək, ingilis dilinin tədrisində müasir metodologiyanı tətbiq etmək üçün yorulmadan çalışdı. Məhz bu fədakarlığın və dərin bilik potensialının nəticəsi idi ki, o, 2009-cu ildə Amerika Təhsil Şurasının keçirdiyi nüfuzlu “Universitet Müəllimlərinin İnkişaf Proqramı”nın (JFDP-USA) qalibi oldu (2009/2010-cu tədris ili). Bu uğur ona Amerika Birləşmiş Ştatlarının Kanzas ştatında yerləşən Kanzas Universitetində “Tətbiqi dilçilik” və Uayominq ştatının Uayominq Universitetində “Amerikaşünaslıq” fakültəsində təhsil almaq, dünya səviyyəli mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq imkanı yaratdı. ABŞ-da qazandığı yüksək sertifikatlar və layiq görüldüyü “Qran Pri” mükafatı təkcə onun şəxsi uğuru deyil, bütövlükdə Lənkəran Dövlət Universitetinin, Azərbaycan təhsilinin böyük zəfəri idi.
Həşim müəllimin beynəlxalq aləmdəki uğurları bununla da bitmədi. O, 2002, 2003 və 2004-cü illərdə üç il ardıcıl olaraq Amerika Birləşmiş Ştatlarının “Təhsildə Yüksək Mükafat” (TEA-USA) proqramının qalibi və mükafatçısı olmuş, müvafiq sertifikatlara layiq görülmüşdür. Elmə olan tükənməz marağı onu Avropa təhsil məkanına da daşımışdır. 2011 və 2012-ci illərdə TEMPUS (Almaniya, İngiltərə), ESFIDIP, IANUS və ERASMUS MUNDUS (Avropa – Rumıniya, Yunanıstan, Polşa) layihələri çərçivəsində Böyük Britaniya, İtaliya, Almaniya universitetlərində, eləcə də respublikamızda təşkil olunan möhtəşəm treninq və beynəlxalq konfranslarda ölkəmizi və universitetimizi ləyaqətlə təmsil etmişdir. 2012-ci ildə Böyük Britaniyanın dünyaca məşhur Esseks Universitetində Beynəlxalq Akademiyanın məzunu olmuş və xüsusi sertifikat almışdır. Elmi və idarəetmə təcrübəsini təkmilləşdirməkdən yorulmayan alim, 2023-cü ilin iyun ayında (19.06.-23.06.) ERASMUS+KA107 proqramı çərçivəsində İspaniyanın Leon Universitetində rəhbər işçilərin təlimində (Staff Mobility) iştirak edərək növbəti beynəlxalq sertifikatını qazanmışdır.
Onun elmi axtarışları hər zaman dərinliyi və aktuallığı ilə seçilmişdir. 2007–2010-cu illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun doktoranturasını bitirən Həşim müəllim, elmi üfüqlərini daha da genişləndirərək 2014–2016-cı illərdə Rumıniyanın qədim və zəngin akademik ənənələrə malik İasse (Yaşş) şəhərindəki Aleksandru İoan Kuza Universitetində doktorantura təhsilini uğurla başa vurmuşdur. Mütəxəssis kimi onun dilçilik elminə verdiyi töhfələr danılmazdır. Hal-hazırda “Relyativ sintaqmlar (Azərbaycan və ingilis dilləri əsasında)” mövzusunda fundamental elmi-tədqiqat işini böyük həvəslə davam etdirir. Beynəlxalq impakt faktorlu jurnallarda, tanınmış “Google Scholar” və “Academia.net” platformalarında, o cümlədən respublikamızın aparıcı elmi nəşrlərində müəllifi olduğu 42 elmi məqalə, çoxlu sayda tezis, 4 fənn proqramı və 1 metodik vəsait işıq üzü görmüşdür. Bütün bu elmi irs onun illərlə çəkdiyi gərgin əməyin, gecəli-gündüzlü axtarışlarının bəhrəsidir.
Təcrübəli bir pedaqoq kimi Həşim Əkbərov Lənkəran Dövlət Universitetində “Müqayisəli tipologiya”, “İngilis dilinin tədrisi metodikası”, “İngilis dilinin tədrisində innovasiyalar”, “Kommunikativ dil təlimi” kimi mühüm və müasir fənləri yüksək akademik səviyyədə tədris edir. Onun mühazirələri tələbələr üçün təkcə dil öyrənmək məkanı deyil, həm də geniş dünyagörüşü, təfəkkür və ziyalılıq dərsliyidir. Kafedra müdiri kimi rəhbərlik etdiyi kollektivdə yaratdığı sağlam, səmimi, qarşılıqlı hörmətə söykənən mühit onun təşkilatçılıq bacarığının və alicənab xarakterinin növbəti sübutudur.
Bu gün – 26 avqust tarixi Həşim müəllimin ömür salnaməsində tamamilə müstəsna, təkrarolunmaz və möhtəşəm bir gündür. Çünki bu gün tale ona iki böyük sevinci, iki böyük səadəti eyni anda bəxş etmişdir. Avqustun 26-sı həm Həşim müəllimin doğum günüdür, həm də onun gözünün ağı-qarası olan böyük qız övladının toy günüdür! Bir ata üçün bundan böyük bəxtiyarlıq, bundan böyük qürur hissi ola bilərmi?! İki qız atası olan Həşim müəllim illər boyu çəkdiyi valideyn əməyinin, verdiyi gözəl tərbiyənin en şirin bəhrəsini məhz bu gün dadır. Qızının gəlinlik libasında evdən çıxması, yeni bir ocağın təməlinin qoyulması bir valideynin ömrünə yazılan ən müqəddəs duaların çin olmasıdır.
Əziz və hörmətli Həşim müəllim! Sizi doğum gününüz münasibətilə qəlbən təbrik edir, sizə möhkəm cansağlığı, uzun ömür, elmi və pedaqoji fəaliyyətinizdə yeni-yeni zirvələr arzulayıram. Eyni zamanda, evinizdə qalanan bu təzə çırağın, böyük qızınızın toy gününün mübarək olmasını diləyirəm! Qoy təzə qurulan ailə həmişə səadət, məhəbbət və bərəkət içində yaşasın. Qədəmləri uğurlu, bəxti gözəl olsun! İnanıram ki, sizin kimi xeyirxah, rəhimli və nəcib bir atanın ocağından pərvazlanan övladlar həmişə sizi başı uca edəcəklər. Qoy ömrünüzün bundan sonrakı illəri də məhz bu gün kimi iki qat sevinclə, toy-büsatla və zəngin uğurlarla zəngin olsun
Yeni yaşınız mübarək doğma insan. Var olun!

Leyla Qadir qızı Məcidova

Lənkəran Dövlət Universitetinin müəllimi,
Tarix üzrə fəlsəfə doktoru, dosent,
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir