Nümunəvi pedaqoq, xanım ziyalı portreti: Ceyran Həsənova. Leyla Məcidova yazır

Barmaqla sayılacaq dostlar var ki,onların varlığı ətrafındakılara nur, qəlblərə ümid, könüllərə rahatlıq gətirir. Özünü sözdə deyil, əməli fəaliyyəti, xeyirxahlığı və insanlığı ilə sübut edən həqiqi ziyalılar zəmanəmizin görünməyən, amma hər addımda hiss olunan qəhrəmanlarıdır. Ceyran Həsənovanı təsvir edərkən ağla gələn ilk anlayışlar da məhz fədaqarlıq, zəhmətkeşlik və tükənməz insan sevgisidir.
​Həsənova Ceyran Xasay qızı 15 avqust 1968-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Orta təhsilinin ilk mərhələsini Lənkəran şəhər 3 saylı tam orta məktəbdə almış, 1983-cü ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. Pedaqoji fəaliyyətə erkən yaşlardan maraq göstərən Ceyran xanım 1987-ci ildə Lənkəran Pedaqoji Məktəbini uğurla başa vuraraq ilk əmək fəaliyyətinə Lənkəran rayonunun Qurumba kənd ümumi orta məktəbində başlamışdır. 1993-cü ilə qədər burada müəllim kimi çalışdıqdan sonra fəaliyyətini Lənkəran şəhər 8, 1 və 2 saylı tam orta məktəblərində davam etdirmişdir.
​Ceyran müəllimə Lənkəran Dövlət Universitetinin yetirdiyi ən fəxr ediləsi, savadlı və təvazökar məzunlardan biridir. Biz onunla eyni illərdə ali təhsil almışıq, unudulmaz tələbəlik illərini birgə paylaşan əziz tələbə yoldaşları olmuşuq. Ali təhsilini filologiya fakültəsində davam 1998-ci ildə fərqlənmə diplomu ilə məzun olan Ceyran xanım hələ tələbə ikən paralel olaraq 2 saylı orta məktəbdə müəllim kimi fəaliyyət göstərmiş, zəhmətkeşliyi və peşəsinə sevgisi ilə elə o məşəqqətli illərdən seçilmişdir.
​Elmi axtarışlara marağı onu Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasına gətirmiş və o, 2002-ci ildə aspirantura təhsilini başa vurmuşdur. 2002-ci ildən etibarən Bakı şəhərində yerləşən S.C.Pişəvəri adına məktəbdə fəaliyyət göstərir, eyni zamanda Respublika Humanitar fənlər gimnaziyasında müəllim kimi çalışır. Hazırda “Azərbaycan dilində nitq hissələrinin struktur-statistik təhlili” mövzusunda dissertasiyasını başa vurmuşdu. Ceyran xanım 12 elmi məqalənin müəllifidir.
​Onun pedaqoji fəaliyyəti, xüsusən Pişəvəri adına məktəbdəki misilsiz xidmətləri və abituriyent hazırlığındakı yüksək nəticələri gənc nəslin gələcəyinə salınmış möhkəm körpüdür. 2002-ci ildə respublika üzrə keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olan, həmin ildə Lənkəran rayonunda “İlin ən fəal gənci” adına layiq görülən və 2016-cı ildə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilən Ceyran Həsənova həm də Elm və Təhsil Nazirliyinin “Ədəbiyyat biliciləri” yarışmasının münsiflər heyətinin üzvüdür. Bu gün onun yetişdirdiyi yetirmələrin respublikanın aparıcı sahələrində, eləcə də Avropanın müxtəlif ölkələrində mühüm vəzifələrdə çalışması bir müəllim üçün ən böyük zirvə və qürur mənbəyidir. Ceyran xanım tək təhsil verən deyil, həm də gənclərə həyat yolu göstərən, insanlıq dərsini aşılayan əsl ustad, səmimi və nümunəvi rəfiqədir.
​Bu köklü ocağın cəmiyyətimizə bəxş etdiyi uğurlar yalnız elmi və pedaqoji sahə ilə məhdudlaşmır. Ceyran Həsənovanın qardaşı oğlu, yunan-roma güləşi üzrə Azərbaycanı beynəlxalq arenalarda fəxrlə təmsil edən, Avropa və dünya miqyaslı yarışların çempionu Xasay Həsənli də öz qələbələri ilə bu nəslin adını uca tutur.
​Ceyran müəllimə boyundan və cüssəsindən qat-qat böyük olaetdirərəkn geniş və rəhmli bir ürəyə malikdir. Öz kökünə, soy-kökünə sıx bağlı olan, milli dəyərlərimizi qəlbində yaşadan təmizqanlı bir Azərbaycan qadını kimi bacı-qardaşlarını sonsuz məhəbbətlə sevir, hər zaman onların yanında duraraq dəstəyini və arxa-dayağını əsirgəmir.
​Cənub bölgəsində şəhid ailələrinin doğma dostu, qazilərin pənahı olmaq, onların hər birinin qayğısına qalmaq, ehtiyac duyanları təmənnasız olaraq həkim müayinələrinə çatdırmaq və hər zaman yanlarında olmaq yalnız böyük ruh sahiblərinə nəsib olan bir keyfiyyətdir. Cənub bölgəsinin ziyalılar qrupunun admini kimi daşıdığı bu humanist missiyanı o, sadəcə bir vəzifə kimi deyil, qəlbinin hökmü ilə yerinə yetirir.Cənub ziyalıları arasında dostluq körpüsü rolunu oynayır.

​Uca dağlar başında bəyaz qar olar,
Nəcib əməllərdən dərin iz qalar.
El üçün çırpınan böyük bir ürək,
Ömrün hər anında firavan olar.
​Elə bir qadın ki, zəhmət bəzəyi,
Nura qərq eyləyib keçdiyi yolu.
Mərhəmət, xeyirxah hissi ilə dolu
Şərəflə ucaldır müqəddəs adı,
Həmişə elinə uzanır qolu.
Beləcə zənginləşir bir ömür yolu.

​Eyni zamanda, Ceyran xanım nümunəvi bir ana və gözəl ömür-gün yoldaşıdır. İki gül balasını gələcəyin dizayneri Həcər xanımı və Vaqif balamızı yüksək mənəviyyatlı, ali təhsilli şəxsiyyətlər kimi boya-başa çatdırmaq onun analıq şərəfinin təcəssümüdür. İndi isə ailəsi ilə birlikdə həyat yoldaşının ata yurdu olan füsunkar Ağdam torpağında istirahətdə olarkən, bu əlamətdar günü doğmalarının əhatəsində qarşılayır.
​Doğum gününüz mübarək olsun, əziz Ceyran bacım! Sizə möhkəm cansağlığı, ailə səadəti, tükənməz həyat sevinci və müqəddəs müəllimlik, xeyirxahlıq yolunuzda yeni-yeni uğurlar arzulayırıq. Yaxşı ki varsınız və yaxşı ki cəmiyyətimizə belə gözəl işlərinizlə örnəksiniz!

​Leyla Məcidov

Lənkəran Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru,
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir