“Azərbaycan dilinin sovet dövründə yaşadılması və inkişafı Ulu Öndər Heydər Əliyevin öz xalqı qarşısında ən böyük xidmətlərindən biridir” – VP sədri Adəm İsmayıl Bakuvi
“Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dövlət dili məsələsində daim prinsipial mövqe sərgiləyərək, bu istiqamətdə ardıcıl mübarizə aparıb. O, xüsusilə ziyalıları səfərbər edərək ana dilinin dövlət dili kimi qorunması və inkişafı naminə geniş ictimai dəstək formalaşdırıb. SSRİ Konstitusiyası ilə bağlı çıxışlarında da Heydər Əliyev vurğulayırdı ki, təhsil hüququ yalnız ana dilində təhsil almaq imkanı ilə tam təmin olunur. Bu yanaşma əslində ana dilinin hüquqi statusunun qorunmasına xidmət edirdi. Sovet hakimiyyəti illərində aparılan beynəlmiləlçilik siyasəti çərçivəsində vahid xalq və vahid dil modeli formalaşdırılmağa çalışılırdı. Məqsəd milli kimlikləri zəiflətmək və gələcəkdə mümkün azadlıq hərəkatlarının qarşısını almaq idi. Bu səbəbdən milli dillər xüsusi təzyiqə məruz qalırdı. 1977-ci ildə yeni SSRİ Konstitusiyasının qəbulundan sonra bu siyasət daha da sərtləşdi. Belə mürəkkəb şəraitdə Heydər Əliyev Azərbaycan dilinin qorunması, inkişafı və dövlət dili səviyyəsinə yüksəldilməsi üçün qətiyyətli addımlar atdı. 1978-ci il aprelin 2-də keçirilən sessiyada onun təşəbbüsü ilə Konstitusiyaya “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” müddəasının daxil edilməsi təklif olundu və həmin ilin 27 aprelində bu maddə rəsmiləşdirildi. Bu addım, şübhəsiz ki, Ulu Öndərin Vətən qarşısında tarixi xidmətlərindən biri idi.”
Bu sözləri YeniMedia.net portalina verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi deyib.
Partiya sədri qeyd edib ki, məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dili sovet dövründə sıradan çıxmaq təhlükəsindən xilas edildi: “Digər respublikalarla müqayisədə Azərbaycanda gənclərin ana dilində təhsil almasına üstünlük verilməsi birbaşa həmin siyasətin nəticəsi idi. Bu dövrdə Azərbaycan dilində mətbuat, elm və mədəniyyət sahələri inkişaf etdi, yazıçılar əsərlərini əsasən ana dilində qələmə aldılar, “Azərbaycan”, “Ulduz” jurnalları və “Ədəbiyyat və incəsənət” qəzeti bu dildə nəşr olundu. Eyni zamanda, dilimizin elmi şəkildə araşdırılması genişləndi, dərsliklər və maarifləndirici nəşrlər çap edildi, alimlərin fəaliyyəti yüksək qiymətləndirildi. Ümummilli Lider Heydər Əliyev rəsmi və qeyri-rəsmi tədbirlərdə Azərbaycan dilində çıxış edərək ana dilinə verdiyi önəmi nümayiş etdirirdi. Müstəqillik dövründə isə onun təşəbbüsü ilə dil siyasəti daha da gücləndirildi. 1995-ci ildə Konstitusiya hazırlanarkən dövlət dilinin adı ilə bağlı müzakirələrə son qoyaraq, Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olundu. Bu gün isə ana dilimiz yalnız ölkə daxilində deyil, işğaldan azad olunmuş ərazilərdən yüksələn səslərlə də dünyaya çatır. Cənab Prezident İlham Əliyevin həmin ərazilərdən bütün dünyaya verdiyi mesajlar isə, Azərbaycan dilinin həm də qalib xalqın dili olduğunu bir daha hər kəsə nümayiş etdirdi” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini yekunlaşdırıb.
Ceyhun Süleymanov

