Diplomatik protokol və simvolizmin mesajları: ABŞ-Azərbaycan-Ermənistan görüşünun görünməyən tərəfləri. Ramal Əliyevdən geosiyasi analiz
Bəllidir ki, beynəlxalq görüşlər zamanı iştirak edən dövlətlər arasında yalnız sözlə deyil, həm də jestlər, dekorasiya, masa düzülüşü və oturacaqların yerləşməsi kimi simvolik vasitələrlə diplomatik mesajlar ötürülür. Bu, siyasi protokolun və beynəlxalq münasibətlərdə simvolizmin ayrılmaz tərkib hissəsidir.
Dünən ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə baş tutan görüş də bu baxımdan maraq doğurdu. Görüşdə ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülhə yaxınlaşmanı ifadə edən sənəd imzalandı. Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ prezidenti Donald Tramp ilə birlikdə bu vacib sənədə imza atdılar.
Bəzi sosial platformalarda İlham Əliyevin Trampın ofisində onun sağ tərəfində, daha kiçik oturacaqda əyləşməsi bəziləri tərəfindən “siyasi mesaj” kimi qiymətləndirildi. Lakin bu hal əslində normal diplomatik protokol çərçivəsində baş verir. ABŞ Prezidentinin kabinetində xüsusilə də Oval ofisdə bir əsas kreslo və onun qarşısında qonaqlar üçün nəzərdə tutulmuş oturacaqlar olur. Bu, idarəetmə və protokol baxımından standart bir düzülüşdür. Burada qeyri-adi və ya rəmzi bir mesaj axtarmaq yerinə düşmür.
Əgər görüş yalnız ikitərəfli şəkildə, masa arxasında üz-üzə baş tutsaydı və Trampın oturacağı digərlərinə nisbətən daha böyük, daha təmtəraqlı olsaydı, bu zaman müəyyən simvolik fərqlərdən bəhs etmək olardı. Lakin üçtərəfli görüş və imzalanma mərasimində bütün tərəflərin eyni tipli kreslolarda əyləşməsi göstərir ki, tərəflər bərabər statusda çıxış ediblər.
Bəziləri bu oturacaq fərqini siyasi mesaj kimi qəbul edərək “ABŞ dünyada güc sahibidir və kiçik dövlətlərə yön göstərir” kimi düşünə bilər. Amma bu yanaşma belə vəziyyətdə qəbahət sayılmamalıdır. Çünki faktiki olaraq bu, dünyanın ən güclü dövləti olan ABŞ-ın ofisində, onun vasitəçiliyi ilə vacib bir beynəlxalq sənədin imzalanması idi. Diplomatiyada hər dövlətin və hər aktorun yeri olduğu kimi, böyük dövlətlərin təşəbbüsləri və vasitəçilik rolu da bu çərçivədə təbii və qəbul olunandır.
Nəticə olaraq, belə görüşlərdə diqqəti detallara yönəltmək faydalı olsa da, hər elementin arxasında mütləq siyasi və ya mənfi məna axtarmaq düzgün yanaşma deyil. Bu görüş, regionda sülhə doğru atılmış mühüm bir addım kimi dəyərləndirilməli və onun müsbət nəticələri üzərində fokuslanmaq daha məqsədəuyğundur.
Ramal Əliyev,
YYSİB sədri müavini, teleekspert.

