İslam Dünyası həmrəyliyi: siyasi şüardan dövlət strategiyasına
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu yalnız iqtisadi və hərbi imkanlarla ölçülmür. Qlobal proseslərə təsir göstərmək, beynəlxalq təşkilatlarda təşəbbüslərlə çıxış etmək, müxtəlif siyasi və mədəni platformalar arasında körpü yaratmaq bacarığı da ölkənin strateji çəkisini müəyyənləşdirən əsas amillərdəndir. Bu baxımdan Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətləri ölkəmizin milli maraqlarını beynəlxalq müstəvidə müdafiə etmək, İslam dünyasının ortaq problemlərinin həllinə töhfə vermək və sivilizasiyalararası dialoqun gücləndirilməsində fəal iştirak etmək üçün yaxşı imkanlar yaradır.
Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşündə səsləndirdiyi fikirlər də bu istiqamətin xarici siyasətimizin strateji istiqaməti olduğunu təsdiqləyir. Çünki Azərbaycan İslam həmrəyliyini yalnız ortaq dini və mədəni kimliyin ifadəsi kimi deyil, həm də beynəlxalq əməkdaşlığın, qarşılıqlı dəstəyin və ortaq maraqların müdafiəsinin mühüm vasitəsi kimi qəbul edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə bu yanaşma ardıcıl xarakter daşıyır. Belə ki, Azərbaycan bir tərəfdən dünyəvi dövlət modelini, müasir inkişaf prinsiplərini və multikulturalizm ənənələrini qoruyur, digər tərəfdən İslam sivilizasiyasının zəngin irsinə, mənəvi dəyərlərinə və müsəlman xalqlarının həmrəyliyinə xüsusi önəm verir. Bu iki istiqamət bir-birini istisna etmir. Əksinə, Azərbaycanın təcrübəsi göstərir ki, dünyəviliklə dini-mədəni irsə bağlılıq arasında sağlam tarazlıq qurmaq mümkündür.
Görüşün diqqətçəkən məqamlarından biri Baş katibin Ümummilli Lider Heydər Əliyevin xatirəsini xüsusi ehtiramla yad etməsi və onun Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında münasibətlərin qurulması və inkişafındakı xidmətlərini vurğulamasıdır. Bu, Azərbaycanın müstəqillik tarixinin mühüm bir mərhələsinə və xarici siyasətinin fundamental prinsiplərinə verilən qiymət öz əksini tapıb. Çünki Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq münasibətlər sistemində öz yerini müəyyənləşdirmək, milli maraqlarını müdafiə edən tərəfdaşlıqlar qurmaq və dövlətçiliyinin beynəlxalq dayaqlarını möhkəmləndirmək zərurəti ilə üzləşmişdi. İslam Əməkdaşlıq Təşkilatına üzvlük bu baxımdan mühüm siyasi seçim idi. O dövrdə Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursu Azərbaycanın İslam dünyası ilə münasibətlərini milli maraqlar, qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri əsasında inkişaf etdirməyə imkan vermişdi. Sonrakı illərdə Prezident İlham Əliyev bu siyasəti yeni təşəbbüslərlə zənginləşdirdi, Azərbaycanın İƏT daxilindəki mövqeyini gücləndirdi və təşkilatın fəaliyyətində fəal iştirak etməyə başladı. Beləliklə, bu gün Azərbaycanın İslam dünyasındakı nüfuzundan danışarkən, onun arxasında dayanan siyasi irsi, dövlətçilik ənənələrini və uzunmüddətli diplomatik strategiyanı nəzərə almaq vacibdir.
İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsini tarixi hadisə kimi qiymətləndirməsi də xüsusi siyasi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaqlarımızın işğalı dövründə Azərbaycanın mövqeyini dəstəkləyən qətnamələr və bəyanatlar qəbul edib. İşğal dövründə Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair yaradılmış İƏT Təmas Qrupu da bu istiqamətdə fəaliyyət göstərib. Hazırda isə İƏT-in azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini alqışlayan sənədlər qəbul edir. Bu isə təşkilatla aramızda formalaşan əlaqələrin, həmrəyliyin konkret siyasi məzmuna söykəndiyini göstərir. Bu gün isə Azərbaycanın qarşısında yeni mərhələnin vəzifəsi dayanır: əldə olunmuş nəticələri davamlı sülhə, regional sabitliyə və uzunmüddətli əməkdaşlığa çevirmək. Baş katibin Cənubi Qafqazda daimi sülhün bərqərar olması istiqamətində Prezident İlham Əliyevin səylərini və strateji addımlarını dəstəkləməsi də məhz bu kontekstdə qiymətləndirilməlidir.
Azərbaycanın İƏT daxilindəki fəaliyyətinin mühüm xüsusiyyəti təşəbbüskar mövqeyidir. Ölkəmiz təşkilatın gündəliyində yalnız öz milli maraqlarına aid məsələlərin deyil, bütövlükdə İslam dünyasının inkişafı, mədəni irsin qorunması, gənclərin əməkdaşlığı və islamofobiya ilə mübarizə kimi istiqamətlərin də yer almasına töhfə verir. 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi İli elan edilməsi və həmin ilin mayında IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bu siyasətin mühüm nümunələrindəndir. Azərbaycan müxtəlif ölkələrdən olan idmançıları və nümayəndə heyətlərini bir araya gətirməklə İslam dünyasının ortaq dəyərlərini, dostluq və əməkdaşlıq imkanlarını nümayiş etdirdi.
Ölkəmizin təşəbbüsü ilə 2004-cü ildə İslam Əməkdaşlığı Gənclər Forumu və onun Avrasiya Regional Mərkəzinin yaradılması, 2023-cü ildə Bakıda İƏT Əmək Mərkəzinin təsis edilməsi, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə BMT arasında tərəfdaşlığın gücləndirilməsinə həsr olunan yüksək səviyyəli iclasa təşəbbüs göstərməsi da institusional əməkdaşlığa verilən mühüm tövhələrdir. Bu da onu göstərir ki, Azərbaycan İslam həmrəyliyini yalnız siyasi dəstək və bəyanatlar səviyyəsində saxlamamağa, onu institusional əlaqələr, humanitar əməkdaşlıq və beynəlxalq dialoq vasitəsilə möhkəmləndirməyə çalışır.
Təbii ki, bu siyasətin digər istiqaməti islamofobiya ilə mübarizədir. Azərbaycanın bu sahədəki fəaliyyəti dini dəyərlərin müdafiəsi ilə yanaşı, qarşılıqlı hörmətə və mədəni müxtəlifliyə əsaslanan beynəlxalq münasibətlərin təşviqi baxımından da əhəmiyyətlidir. Azərbaycan Ermənistanın 30 il davam edən işğalı dövründə dağıdılmış məscidlkəri bərpa etməklə təkcə özünün yox, həm də İslam irsinə tövhə verir, xalqın yaddaşını, dini-mədəni kimliyi, tarixi irsi qoruyur. Azərbaycanın dini-mədəni irsə münasibəti yalnız öz milli sərhədləri ilə məhdudlaşmır, ölkəmiz mədəniyyətin ümumbəşəri dəyər olduğunu nümayiş etdirərək başqa xalqların və dinlərin irsinə də diqqət yetirir. Bu yanaşma İslam həmrəyliyinin mahiyyətini daha geniş müstəvidə təqdim edir. Həmrəylik yalnız ortaq problemlər zamanı bir araya gəlmək deyil, həm də digər xalqların mənəvi irsinə hörmət göstərmək, ortaq tarixi dəyərləri qorumaq və gələcək nəsillərə çatdırmaq məsuliyyətidir.
Azərbaycan dünyəvi dövlət quruluşunu qoruyur, eyni zamanda İslam mədəniyyətinin və mənəvi dəyərlərinin inkişafına töhfə verir. Dini irsin qorunması, beynəlxalq dini-mədəni tədbirlərin təşkili, islamofobiya ilə mübarizə və müxtəlif sivilizasiyalar arasında dialoqun təşviqi bu siyasətin bir-birini tamamlayan istiqamətləridir. Azərbaycan-İƏT əməkdaşlığı bu baxımdan da geniş məna kəsb edir. Ölkəmiz İslam dünyasının bir hissəsi olmaqla yanaşı, Avropa və Asiya arasında yerləşən, müxtəlif mədəniyyətlər arasında əlaqələrin inkişafına töhfə verən dövlət kimi çıxış edir. Azərbaycanın üstünlüyü məhz bu istiqamətləri vahid dövlət siyasəti çərçivəsində birləşdirməsidir.
Gələn il Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcək. Bu tədbir Azərbaycanın İslam dünyası ilə münasibətlərini yeni səviyyəyə qaldırmaq, ortaq problemlərin həllinə dair təşəbbüslər irəli sürmək və çoxtərəfli əməkdaşlıqda daha fəal rol oynamaq üçün yeni imkandır. Azərbaycanın təcrübəsi göstərir ki, İslam həmrəyliyi yalnız dini və mədəni yaxınlıqdan doğan mənəvi anlayış deyil. O, düzgün siyasi strategiya, institusional əməkdaşlıq və ardıcıl diplomatiya vasitəsilə beynəlxalq münasibətlər sistemində real məzmun qazanmaqdır. Milli maraqları qətiyyətlə müdafiə etmək, mənəvi-mədəni irsə sahib çıxmaq, eyni zamanda beynəlxalq dialoqa və qlobal əməkdaşlığa töhfə vermək – bütün bunlar Azərbaycanın İslam dünyasındakı rolunun strateji mahiyyətidir.
Yunis Orucov,
Əməkdar jurnalist

