Prezidentin dil barədə sərəncamına bütün dairələrdən reaksiya var… YYSİB sədri Aydın Xan Əbilovun ekspert rəyi
Azərbaycanda Dövlət Dil Komissiyasının yeni tərkibi müəyyənləşəcək. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının yeni tərkibi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.
Maraqlıdır, Dövlət Dil Komissiyasının yeni tərkibi necə formalaşmalıdır?
Aydın Xan Əbilov: “Dillə bağlı müəyyən gözləntilərimiz var, bu da texnologiya dövründə azərbaycan dilinin inkişaf etdirilməsidir”
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananin təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, azərbaycan dili artıq dünya dilləri içərisində oturuşmuş, bir çox istiqamətlər üzrə inkişaf etmiş ünsiyyət vasitəsinə çevrilib: “Dünyanın hər bir yerində olan azərbaycanlılar, o cümlədən, bizimlə təmasda olan xaricilər, qarışıq nikahlardan dünyaya gələn uşaqlar artıq bu dili mənimsəyib. Bu səbəbdən də azərbaycan dili ümumtürk dilləri içərisində Türkiyə türkcəsindən sonra ən çox inkişaf etmiş dildir. Bu baxımdam ümummilli lider Heydər Əliyev, ölkə başçısı İlham Əliyev Azərbaycan dilinin inkişafı ilə bağlı mühum işlər görüb. Belə ki, latın qrafikasına keçid, dünya ədəbiyyatının 150 cildinin Azərbaycanda çap edilib kitabxanalara bağışlanması, həmçinin, azərbaycan dilinin dövlət dili kimi ünsiyyət vasitəsi elan edilməsi dilimizin inkişafını daha da sürətləndirib”.
Həmsöhbətimiz qeyd etdi ki, Dövlət Dil Komissiyasının yaradılması ilə dilimizin hərtərəfli inkişafı, onun bütün üslubları ilə inkişafında maraqlıdır: “Dillə bağlı müəyyən gözləntilərimiz var. Bu da texnologiya dövründə azərbaycan dilinin inkişaf etdirilməsidir. Təəssüf ki, Dövlət Dil Komissiyası yaradılandan bugünə kimi öz fəaliyyətini düzgün icra etməyib. Bu qurumun bəzi üzvləri, demək olar ki, ancaq lağ-lağı obyektinə çevrilib. Belə ki, onlar azərbaycan dilini normal şəkildə bilmədikləri halda, Dövlət Dil Komissiyasının üzvü olublar. Ona görə də Komissiyanın yeni tərkibdə formalaşacağı gözlənilən idi. Hesab edirəm ki, yeni Komissiyanın tərkibində azərbaycan dilinin inkişafına töhfə verən şəxslər iştirak edəcək. İnternet, süni intellekt dövründə azərbaycan dilinin necə inkişaf edəcəyi maraqlıdır. Maraqlıdır, Dövlət Dil Komissiyasında bu istiqamətdə ekspert olacaqmı? O ekspert könüllü olaraq işləyəcək, yaxud dilimizin yeni qatı ilə bağlı peşəkar iş ortaya qoya biləcək? Həmçinin, əlifba ilə də bağlı islahatlar gözləyirik. Belə ki, yazıda bir çox işarələrdən istifadə edirik, ancaq onu əlifbaya gətirməmişik. Ümumiyyətlə, bu kimi məsələlərə aydınlıq gətirilməlidir”.
Ekspert hesab edir ki, dil üslubu ilə bağlı islahat aparılmalıdır: “Bədii, poetik, fəlsəfi dil normaları var. Bununla yanaşı, siyasi, publisist dil üslubuna cavab verəcək islalatlar aparılmalıdır. Təəssüflər olsun ki, hələ də rəsmi tədbirlərdə azərbaycan dili kifayət qədər istifadə olunmur. Həmçinin, internet resurslarında da müəyyən çatışmazlıqlar var, elektron kitabxanalara nəzər yetirmək lazımdır”.
Həmsöhbətimizin fikrincə, azərbaycan dilinin inkişafı ilə bağlı çoxlu işlər görülməlidir. Bu işlər isə köhnə nəslə deyil, yeni nəslə həvalə edilməlidir.
Günel CƏLİLOVA

