“Gənclər arasında ekoloji maarifləndirmə və tərbiyə işinin kompleks təşkili” istiqamətində GVİB-nin yeni tədbiri
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Vətənpərvərlər “İctimai Birliyi (GVİB) “Gənclər arasında ekoloji maarifləndirmə və tərbiyə işinin kompleks təşkili” adlı layihə çərçivəsində növbəti təşəbbüs Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində gerçəkləşib.
11 oktyabrda keçirilən tədbir Gənclər Fondunun maliyyə yardımı ilə baş tutub. Məqsəd tələbələrin COP29 və iqlim dəyişikliyi mövzularında maarifləndirilməsi və ekoloji proseslərdə gənclərin müsbət rolunun artırılmasına təşviqatdır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsi, güclü diplomatiyanın göstəricisi və ölkəmizin etibarlı tərəfdaş nüfuzunun ifadəsidir.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Pedaqoji Kollecinin tərbiyə işləri üzrə direktor müavini Nigar Şirəliyeva tədbir iştirakçılarını salamlayıb və qeyd edib ki, müstəqil Azərbaycanın inkişafı ilk növbədə gənc nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən və vətəndaşlıq hazırlığından asılıdır.
Layihənin rəhbəri, ictimai xadim Müqamət Əliyev tədbir iştirakçılarını salamladıqdan sonra layihənin mahiyyətindən və bu layihəyə qoşulan könüllülərin fəaliyyətindən və bacarıqlarından danışıb. Sonra o, qeyd edib ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin əhəmiyyətini anlayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi bugünkü uğurumuzda həlledici rol oynayıb. Azərbaycan dünyada yeni enerji resurslarının istifadəsi nöqteyi-nəzərdən lider ölkədir.
“COP29-un Azərbaycanda keçirilməsi təsadüfi hal deyil. Azərbaycanın ədalətin bərpası yönündə yürütdüyü siyasət, eləcə də beynəlxalq ictimaiyyətə verdiyi töhfə COP29-un ölkəmizdə keçirilməsinə imkan yaratdı. Azərbaycan bu gün dünyanın ən qüdrətli ölkələri ilə müqayisə olunacaq səviyyədə bir ölkədir. Dünya COVID-19 problemi ilə üzləşərkən Azərbaycan 30-dan çox ölkənin vaksinləşməsi istiqamətində fəaliyyət yürütdü. Azərbaycan bəşəri dəyərlərə sadiq bir ölkədir”, – o, əlavə edib.
Sonda COP29-la bağlı videoçarx və fotoslayd nümayiş olunmuş və suallar cavablandırılmışdır. Qeyd edək ki, “İqlim Dəyişmələri və COP” mövzusundakı tədbirdə iştirak edərək, iqlim dəyişikliyi mövzusunda vacib məqamlar müzakirə edilib. Tədbirin məqsədi, COP29-a hazırlıq çərçivəsində gənclərin bilik və bacarıqlarını, iqlim dəyişikliyi ilə bağlı qlobal və yerli səviyyədə məlumatlılığı artırmaq idi.
Layihə iştirakçıları əsasən gənclərdən ibarət olub. Tədbirin sonunda iştirakçılara layihə çərçivəsində nəşr edilmiş, üzərində Gənclər Fondunun və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş təsvirli köynəklər və sertifikatlar paylanılıb. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bir qrup tələbələri, universitetin müvafiq struktur rəhbərləri, GVİB-nin İdarə Heyəti və QHT-nin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, layihə Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.

