Evlilikdə yaş meyarı nə dərəcədə əhəmiyyət kəsb edir? İctimai xadim, YYSİB sədri, Aydın Xan Əbilovun mövqeyi
“Dünyada ailə qurulması, rəsmi nikaha daxil olunması kimi məsələlərlə bağlı yeni trendlər yaranıb. Əvvəllər Şərq ölkələrində 14-16 yaşlı qızlar ərə verilirdisə, indi bu düşüncə tərzi dəyişilib. İqtisadi və mədəni cəhətdən inkişaf etmiş ölkələrdə 30-35 yaşlı insanlar öz iqtisadi vəziyyətlərini düzəltdikdən, tam formalaşdıqdan sonra evlənirlər”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
O bildirib ki, Azərbaycanda isə erkən nikahlar daha üstünlük təşkil edirdi: “Lakin qanunvericilik dəyişdirildi, ictimaiyyətin maarifləndirilməsi işləri aparıldıqdan sonra nikaha girmək artıq ictimai-sosial dəyərə çevrildi.
Cütlüklər arasında yaş fərqi, hansı tərəfin yaşca böyük və ya kiçik olması hər zaman müzakirələrə səbəb olub. İstənilən halda tərəflərin eyni yaşda olması münasibəti daha möhkəm edəcək. Amma istər xanım, istər bəyin yaşının böyük olması böyük bir problem deyil. Şərq ölkələrində adətən kişilərin yaşı daha böyük olur, Avropada isə yaşıd və ya xanımların daha böyük olması müşahidə olunur.
İnkişaf edən ölkələrdəki təcrübə Azərbaycanda da tətbiq olunmalıdır. Yəni, ali məktəbi bitirməmiş, işləməyən və sosial-məişət problemlərini həll etməyən şəxsin evlənməsi normal qarşılanmamalıdır. Təəssüflər ki, bizim ölkədə valideynlər bir-iki otaqlı evlərinə oğul evləndirib, gəlin gətirirlər. Sonra isə daimi problemlər, münaqişələr yaranır. Bunun olmaması üçün mütləq şəkildə yeni evli cütlüklər ayrı yaşamalıdırlar. Bu zaman fərqliklərin bir o qədər önəmi olmayacaq”.
https://sia.az/az/news/social/1107925.html

