“Azərkitab”ın yerində “İt hospitalı” açdılar… YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov dəstəklədi
Aydın Xan Əbilov: “Kitab yayımı, satışı ilə məşğul olanlar virtuallaşmalıdır”

Məlum olduğu kimi, Yasamal rayonu ərazisində yerləşən “Azərkitab” Kitab Təbliğatı Mərkəzi ötən ildən fəaliyyətini dayandırıb. Adıçəkilən ünvanda mərkəzin bağlanmasına səbəb kimi isə maliyyə çatışmazlığı, mərkəzin gəlir əldə edə bilməməsi göstərilirdi.
İcarə haqqı tam şəkildə ödənilmədiyi üçün Yasamalda “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin fəaliyyəti dayandırıldı. Daha sonra kitab mərkəzi gözdən-könüldən uzaq yerə köçürüldü.
Məlumata görə, bağlanan kitab mərkəzinin yerində “Beynəlxalq it hospitalı” açılıb. Bu isə kitabsevərlərin narazılığına səbəb olub.
- “Yasamalda “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin fəaliyyətini dayandırması gözlənilirdi, çünki Mərkəzin kommersiya baxımından böyük bir binanı icarəyə götürməsi düzgün deyildi”
Mövzu ilə bağlı fikir bildirən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdcüsü, yazıçı-kulturoloq AydınXan Əbilov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, XXI əsr elektronika, virtual kitab, kitabxana dövrüdür. Mətn, bilgilərin, informasiyanın kağız formatında yayılması artıq tarixin arxivinə köçür: “Dünyada olduğu kimi, ölkəmizdə də kitab mağazalarının sayı azalır, eyni zamanda, oxucularında kağız formatında kitab oxumağa marağı əvvəlki kimi deyil. Kağız formatında kitablara meylin azalması yeni bir mərhələyə dəlalət edir. Son 30 ildə klassik kağız kitabların satışı ilə məşğul olan kitabxanaların əksəriyyəti bağlanaraq kiçik bir MMC-yə çevrildi. Bir sözlə, kitab yayımı, satışı ilə məşğul olanlar fəaliyyətini dayandırdı. Nəşriyyatlar isə kiçik bir MMC-yə çevrildi. Beləliklə, kitab yayımı və satışı tənəzzülə uğrayıb. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan cəmiyyəti mütaliəyə elə də üstünlük vermir. Azərbaycan cəmiyyəti XX əsrin əvvəllində daha çox mütaliə edib. Ancaq hazırda davamlı olaraq mütaliə ilə məşğul olan əhalinin sayı heç 10 faiz belə deyil. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan əhalisi hər zaman yeniliklərə açıq olub. Məsələn, ayda, ildə bir neçə kitab deyil, ancaq bahalı smartfon, İphone ala bilər. Bu acı həqiqətdir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Yasamalda “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin fəaliyyətini dayandırması gözlənilirdi. Çünki Mərkəzin kommersiya baxımından böyük bir binanı icarəyə götürməsi düzgün deyildi. Özünü doğrultmayacağı bəlli idi: “Hazırda həmin binada “Beynəlxalq İt hospitalı” fəaliyyət göstərir. Həmin yerdə restortan da, iaşə müəssisəsi də, it hospitalı da açıla bilər”.
Ekspert hesab edir ki, kitab yayımı, satışı ilə məşğul olanlar virtuallaşmalıdır. Onlar nəşriyyatla oxucu arasında ucuz set yaratmalıdır. Belə olarsa kitabların qiyməti sərfəli olar: “Dünyada olduğu kimi, ölkəmizdə də elektron kitabxanalar inkişaf edir. Oxumaq həvəsi olan istənilən şəxs elektron formada kitabı smartfona yükləyib mütaliə edə bilər”.
Günel CƏLİLOVA

