‘Uşaqlara bir qədər sərbəstlik vermək lazımdır’ – VCA və YYSİB sədri Aydın Xan Əbilov
“Dövlətlər insan resursları ilə hər zaman gələcəyin strategiyasını qururlar. Azərbaycan da elə ölkələr sırasındadır ki, burada gənc, uşaq və yeniyetmələr millətin 60 faizdən çoxunu təşkil edir. Bu baxımdan digər xalqlar və millətlərin çoxu bizə baxıb həsəd aparırlar”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, uşaqların intellektual inkişafı, hər hansı sahə üzrə peşəkarlaşması təhsildən asılıdır: “Azərbaycanda da təhsillə bağlı xeyli sayda proqramlar həyata keçirilir. Bu eksperimentlərin çox hissəsi uğur qazanmasa da, təhsilə qoyulan kapitalın çox önəmli yeri və əhəmiyyəti var.
Uşaqlarla bağlı Heydər Əliyev Fondunun, Gənclər Fondunun, QHT-lərin həyata keçirdiyi tədbirlər və layihələr uşaqların yüksək inkişafına təsir göstərir. Azərbaycanda böyük əksəriyyət uşaq dövlətin birbaşa qayğısı altındadır. Ali məktəbdə pulsuz təhsil ala bilirsinizsə, bu həmin dövlətin gənc vətəndaşlarına olan qayğısının böyük təzahürü kimi qəbul edilməlidir”.
Aydın Xan Əbilov sözlərinə belə davam edib: “Uşaqların inkişafı üçün onun qidalanması, həkim müayinəsi və s. layihələr həyata keçirilir.
Biz arzulayırdıq ki, keçmişdə ən yaxşı ənənələri yaşadaq, eyni zamanda aparıcı inkişaf etmiş dövlətlərdə olduğu kimi uşaqlara ruh və vəzifələri aydın surətdə göstərilən yeni uşaq inkişaf konsepsiyası və dövlət proqramı qəbul edilsin. Orada uşaqların inkişafı ilə yanaşı sağlam qidalanması, səhhətindəki sağlamlıq, bədən tərbiyə və idmanla məşğul olması, estetik yaradıcılıq imkanlarının genişləndirilməsi, xarici dil biliklərinin artırılması, eyni zamanda yay tətillərinin səmərəli keçirilməsi, boş vaxtlarının səmərəli keçirilməsi, hərəkətli tədbirlərin sayının çoxaldılması, xüsusən də uşaqların valideynlərin nəzarətindən kənar ictimai təchizatlarda böyüdülməsinə təsir göstərə biləcək lahiyələrin həyata keçirilməsi mütləq vurğulanmalı və qeyd edilməlidir.
Hər bir uşaq gələcəyin hər hansı bir sahəsində işləyən kadrı kimi qəbul edilməli, onların azad, sərbəst, kreativ düşüncəyə malik olması ilə bağlı xüsusi dəyər prinsipləri, dəyərlər sistemi hazırlanmalıdır. Uşaqlara bir qədər sərbəstlik vermək lazımdır”.
Ayşən Vəli, https://sia.az/az/news/social/958655.html

