Şəfalı əllərin və böyük ürəyin işığı: Aytən Mehdiyeva. – Leyla Məcidova yazır
İnsan ömrünün bəzəyi, mənalı yaşanmış illərin bəhrəsi elə bir iz qoymaqdır ki, həmin iz addımladıqca yalnız xeyirxahlıqdan, şəfadan, mərhəmətdən xəbər versin. Cənub barlı-bəhrəli, yaşıl örtüklü Lənkəran torpağı əsrlər boyu öz nəcib, xeyirxah, eli üçün yanan övladları ilə tanınıb, şöhrətlənib. Lənkəranın füsunkar təbiətə malik Şürük kəndi də öz yetirmələri, təmiz qəlbli, əli şəfalı insanları ilə həmişə seçilib. Məhz bu torpaqda 1981-ci il sentyabrın 13-də dünyaya göz açan, ömrünü insanlara xidmətə, həyata ümid bəxş etməyə həsr edən Aytən xanım bu gün tək bir ailənin deyil, bütün bir elin, obanın sevimlisinə, doğmasına çevrilmişdir.
İnsan həyatında peşə seçimi yalnız gələcək sənəti müəyyənləşdirmir, həm də onun daxili aləminin, mənəvi dünyasının güzgüsünə çevrilir. Aytən xanım gənclik illərindən qəlbindəki insan sevgisini, şəfqət hissini xalqa xidmət yoluna yönəltdi. 2002-ci ildə Lənkəran Tibb Məktəbinin “Müalicə işi” fakültəsini fərqlənmə diplomu ilə və “İlin ən yaxşı tələbəsi” adı ilə bitirərkən artıq onun gələcəkdə necə fədakar bir tibb işçisi olacağı bəlli idi. O, böyük həvəslə, zəhmətsevərliklə illərlə topladığı bilikləri insanlara xeyir vermək üçün səfərbər etdi.
Təhsilini başa vuran kimi, elə 2002-ci ildə doğma Lənkəran rayonunun Şürük kənd sahə xəstəxanasında əmək fəaliyyətinə başladı. Doğulduğu, boya-başa çatdığı torpağa, onun insanlarına xidmət etmək Aytən xanım üçün bir vicdan borcu, müqəddəs bir vəzifə idi. 2006-cı ildən bu günə kimi Şürük Ailə Sağlamlıq Mərkəzində (AŞM) Baş tibb bacısı vəzifəsində çalışan Aytən xanım öz işinə olan məsuliyyəti, dəqiqliyi və qayğıkeşliyi ilə həm həmkarlarının, həm də rayon rəhbərliyinin dərin rəğbətini qazanmışdır. Təsadüfi deyildir ki, o, fədakar əməyinə, tibb sahəsindəki nümunəvi fəaliyyətinə görə dəfələrlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru tərəfindən Fəxri Fərmanlarla təltif edilmişdir. Lakin onun üçün ən böyük, ən ali mükafat xalqın duaları, səmimi sevgisi və gözlərindəki minnətdarlıq işığıdır.
Bəzən deyirlər ki, həkim andı, tibb işçisinin içdiyi and sadəcə sözlərdən ibarətdir. Lakin Aytən xanım üçün bu and sətirlərdə yazılan bir mətn deyil, onun həyat fəlsəfəsidir, yaşayış tərzidir. Dünyada bəzi insanlar var ki, bəzən ən çətin məqamda həkim andını belə unuda, pozacaq bir addım ata bilərlər. Amma Aytən xanım heç vaxt, heç bir şəraitdə öz insanlıq və həkimlik andına xilaf çıxmayıb. O, hər bir xəstənin, həyatla, ağrılarla mücadilə aparan hər bir insan yanında bir dayaq, bir ümid çırağı kimi dayanır. Xəstəliyin ən ağır anlarında, ümidlərin söndüyü məqamlarda Aytən xanımın təbəssümü, ilıq sözü və şəfalı əlləri xəstələrə məlhəm olur. O, öz vəzifəsini yalnız iynə vurmaqla, dərman verməklə bitmiş hesab etmir. O, xəstəsinin qəlbinə yol tapır, onun ruhuna toxunur, ona yaşamaq və mübarizə aparmaq üçün ruhi qüvvə verir. O, heç vaxt zərrə qədər də geri çəkilmir, insan həyatı uğrunda yorulmadan, usanmadan çalışır.
Aytən xanım yalnız xəstəxanada deyil, kəndin, elin hər bir evində arzulanan, gözlənilən əziz bir insandır. Gecənin bir yarısı, havanın şaxtalı, yağışlı olmasından asılı olmayaraq, kimin qapısı döyülsə, kimin köməyə ehtiyacı olsa, ilk yadına düşən Aytən xanım olur. O da bir an belə tərəddüd etmədən, öz rahatlığını unudaraq köməyə tələsir. Məhz bu fədakarlığına görədir ki, el-oba onu “bizim həkim bacı”, “elin dadına çatan Aytən” deyə çağırır. Onun gəlişi ilə evlərə huzur, xəstə yataqlarına təsəlli gəlir.
Bu böyük mərhəmət və xeyirxahlıq yolunda Aytən xanımın həyatında çox xüsusi, unudulmaz bir səhifə də var. Bu, mənim rəhmətlik anam, el anası, sınıqçı Əminə ananın Aytən xanıma olan sonsuz sevgisi və inamı idi. Əminə ana sınaqdan çıxarmadığı, səmimiyyətinə inanmadığı insanı heç vaxt özünə yaxın buraxmazdı. Amma Aytən xanımı öz doğma qızlarından heç vaxt ayırmadı. Anam onu öz qızları siyahısında çəkər, adını hər zaman dualarında tutardı. Çünki Aytən xanım hər zaman onun yanında idi. Həm elin dərdinə şəfa axtaranda, həm də insanlara kömək edəndə bu iki şəfalı əl yan-yana, çiyin-çiyinə çalışırdı. Əminə ananın duası, Aytən xanıma olan sevgisi bu gün də onun yolunu işıqlandırır, addımlarına bərəkət qatır.
Aytən xanım yalnız tibb sahəsindəki fəaliyyəti ilə deyil, həm də örnək bir ana, gözəl bir ev qadını kimi dərin hörmətə layiqdir. Bu ocağın möhkəmliyi, evdəki dinclik və səmimiyyət ailə başçısı İlqar bəyin zəhməti, fədakarlığı və ailə dəyərlərinə verdiyi yüksək qiymətlə tamamlanır. İlqar bəy ailə qədrini bilən, ocağının ucalığını, xanımının xalq yolundakı fədakar xidmətini hər zaman dəstəkləyən, arxa-dayaq olan nümunəvi bir ailə başçısıdır. Məhz bu cür qarşılıqlı hörmət və sevgi üzərində qurulmuş gözəl ailə tablosu hər kəsin zövqünü oxşayır.
Bu nümunəvi ocaq cəmiyyət üçün, vətən üçün iki çox tərbiyəli, savadlı və ləyaqətli övlad böyüdüb boya-başa çatdırıb. Böyük övladı Kəmalə İlqar Mehdizadə Lənkəran Dövlət Universitetinin məzunudur, anası kimi savadlı, cəmiyyətə faydalı bir gəncdir. Oğlu Mehdizadə Mirkəlam İlqar oğlu isə əsl vətənpərvərlik, mərdlik nümunəsi göstərərək Sumqayıt Dövlət Universitetindəki təhsilini müvəqqəti dondurub vətən borcunu ödəməyə yollanıb. Bu gün o, Naxçıvandakı N saylı hərbi hissədə məğrurcasına, cəsarətlə vətənin keşiyində durur. Bir ananın, bir atanın bundan böyük fəxri, bundan böyük qüruru ola bilərmi?! Aytən xanım həm öz şəfalı əlləri ilə insanlara həyat bəxş edir, həm də böyütdüyü mərd övladı ilə Vətənin sərhədlərini qoruyur.
Aytən xanımın daxili dünyası, onun torpağına, dövlətinə, xalqına olan sarsılmaz bağlılığı hər addımında hiss olunur. O, öz xalqını, öz elini qarşılıqsız sevən, onların sevincini öz sevinci, kədərini öz kədəri bilən nəcib bir insandır. Onun gözlərindəki işıq, qəlbindəki mərhəmət, əllərindəki şəfa heç vaxt tükənmir. O, həyatın hər bir sınağında öz insanlığını, xeyirxahlığını, uca mənəviyyatını qoruyub saxlamağı bacarmış nurani bir xanımdır.
Zaman keçəcək, illər ötəcək, lakin elinə, obasına, insanlığa təmənnasız xidmət edən, insan qəlblərində taxt quran şəxslərin adı heç vaxt unudulmayacaq. Aytən xanım öz xeyirxah işləri, şəfalı əlləri, fədakarlığı və böyük ürəyi ilə Lənkəran torpağının, Şürük kəndinin tarixinə şərəfli bir səhifə yazmışdır. Qoy onun şəfalı əlləri heç vaxt dərd görməsin, ürəyindəki insan sevgisi, xalqına olan bağlılıq işığı heç vaxt sönməsin.Var olun əziz bacımız!

Leyla Qadir qızı Məcidova
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru,dosent

