Şəfalı – incə əllər sahibi: doktor Rəisə Kazımova. – Leyla Məcidova yazır

Tarix boyunca tibb elmi insanlığın ən uca, ən humanist sahəsi hesab olunub. Bəşəriyyətə şəfa verən Böyük İbn Sina həkimliyi təkcə elmi bilik deyil, ilk növbədə ruhun və qəlbin təmizliyi kimi dəyərləndirirdi. Hipokrat antlaşmasından bu günümüzə qədər həkimlik peşəsi vicdan, mərhəmət və insan həyatına sonsuz ehtiram rəmzi olmuşdur. Bu müqəddəs missiyanın ən həssas, ən məsuliyyətli qolu isə, şübhəsiz ki, dünyaya yeni bir nəfəsin gəlişinə vəsiqə verən mama-ginekologiyadır. Cənub bölgəsində, xüsusən də Xan Lənkəranda minlərlə ailəyə övlad sevinci bəxş edən, hər bir körpənin ilk harayını ümidlə, sevgiylə qarşılayan şəfalı əllər sahibi Raisə xanım Kazımova məhz belə bir müqəddəs yolun fədakar yolçusudur.
Raisə Təyyar qızı Kazımova 1955-ci ildə Lənkəranda anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini mama-ginekoloq ixtisası üzrə bitirərək əmək fəaliyyətinə Lənkəran Mərkəzi Xəstəxanasının doğum şöbəsində başlamışdır. Tibb sahəsini seçməyində nəsil şəcərəsindən gələn irsi amillərin də böyük rolu olmuşdur,belə ki, babası öz dövrünün tanınmış göz həkimi, nənəsi isə Lənkəranda tanınan xalq təbibi və mamaça kimi insanlara xidmət etmişdir.
Raisə xanımın ömür yolu təkcə mülki tibb fəaliyyəti ilə məhdudlaşmır. O, milli dövlətçiliyimizə sonsuz sədaqəti, dərin vətənpərvərliyi və mərdliyi ilə zəmanəmizin əsl Azərbaycan qadını timsalıdır. Birinci Qarabağ müharibəsi dövründə, 1992–2003-cü illərdə o, Vətən qarşısındakı borcunu vicdanla yerinə yerinə yetirərək könüllü olaraq hərbi hospitalın cərrahiyyə şöbəsində çalışmış, ən çətin, təhlükəli günlərdə gecə-gündüz bilmədən yaralı əsgərlərimizin xilası üçün fədakarlıq göstərmiş, tibb xidməti mayoru rütbəsinə qədər ucalmışdır.
Sülh dövründə də insanlara xidmətini davam etdirən Raisə xanım 2003-cü ildə Lənkəranda “Sağlam ailə” mərkəzini təsis etmiş, ginekoloji xəstəliklərin və sonsuzluğun müalicəsində böyük nailiyyətlər qazanmışdır. Hazırda “Medican Hospital”da həkimlik fəaliyyətini sürdürən həkim, eyni zamanda “Sağlamlığa və uğura gedən yol və qadının tibbi kitabçası” adlı vəsaitin müəllifidir. Onun yaratdığı “RAEV” mərkəzinin əsas məqsədi isə cənub bölgəsinin işgüzar, zəhmətkeş və fədakar qadınlarının rahatlığı, onların asudə vaxtlarını səmərəli keçirmələri, dünyagörüşlərini və sağlığlarını inkişaf etdirmələri üçün isti bir məkan bəxş etməkdir. Bütün Azərbaycan qadınlarını xoşbəxt, sağlam və dəyərli görmək onun ən böyük arzusudur.
Raisə xanım peşəkar həkim olmaqla bərabər, həm də vətənə mərd, gözəl və vətənpərvər övladlar böyüdən nümunəvi bir anadır. İki qız övladı da analarının izi ilə gedərək mama-ginekoloq ixtisasını seçmişlər, qızlarından biri Almaniyada məşhur bir xəstəxananın ginekologiya şöbəsində, digəri isə Bakıda “Prime Hospital”da həkim kimi çalışır. Günümüzdə üç nəvə böyüdən Raisə xanım cəmiyyətdə təkcə peşəkarlığı ilə deyil, aristokrat davranışı, xeyirxahlığı, dostluqda etibarı və dağ kəndlərindən gələn imkansız insanlara göstərdiyi təmənnasız köməyi ilə dərin hörmət qazanmışdır.
Bu gün cənub bölgəsinin sevimli həkimi, xeyirxah və işıqlı insan Raisə xanım Kazımovanın doğum günüdür. İllər boyu neçə-neçə ailəyə ana olmaq sevincini bəxş edən, minlərlə insanın dualarında yaşayan bu dəyərli insana ömrün bu gözəl məqamında möhkəm jan sağlığı, tükənməz enerjı və fəaliyyətində yeni müvəffəqiyyətlər arzulayırıq.

Mərhəmət bükülmüş hər baxışında,
Şəfalı əllərin möcüzəsidir.
Həyatın ən həssas, incə çağında,
Uca Tanrımızın bəxşiş səsidir.

İlk nəfəs, ilk haray doğum otaqda,
Ümidlər cücərir sənin sayəndə.
Gecələr oyansın şirin yuxudan,
İşıq saçacaqdır hər bir evdə də.

Gözlərdən oxunan minnətdarlıqlar,
Ailə ocağında bir sevinc payı.
İllərin zəhməti, fədakarlığı,
Ölçülməz dünyada, yoxdur bir tayı.

Sədaqət rəmzisən, vəfalı dostsan,
İnsanlıq ucalır sənin qəlbində.
İşıq saçır hər an xeyirxahlığın,
Xan Lənkəranın əziz elində.

Ömrün yeni yaşı mübarək olsun,
Ailə cənnətdir, nəvələr bəxşiş.
Şəfa paylayan o, incə əllər,
Həmişə var olsun, qoy sağlam olsun!

Leyla Qadir qızı Məcidova


Lənkəran Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir