Elmə, təhsilə və insanlığa həsr olunmuş ömür: Məlikməmməd Əhmədov – Leyla Məcidova yazır
Təbiətin təmizliyindən güc alan bir elm xadiminin keçdiyi şərəfli ömür yolu, elmi nailiyyətləri və təmkinli, işıqlı xarakteri təkcə yaşadığı illərin sayıyla deyil, arxada qoyduğu xeyirli əməllərlə, yetişdirdiyi dəyərli övladlarla və qəlblərdə silinməz izlərlə ölçülür. Təbiətin əzəmətini, dağların məğrurluğunu xarakterində gəzdirən, təmkinli duruşu, yüksək mədəniyyəti və elmə sədaqəti ilə tanıyanların qəlbində dərin ehtiram qazanan Məlikməmməd müəllim məhz belə unudulmaz ziyalılarımızdandır. Həyatdan erkən köçməsinə baxmayaraq, onun qoyub getdiyi mənəvi irs bugünkü nəsillərə işıq saçmaqda davam edir.
Məlikməmməd Orucəli oğlu Əhmədov 1938-ci il iyulun 1-də cənub bölgəsinin füsunkar guşələrindən biri olan Lerik rayonunun Velaçola kəndində dünyaya göz açmışdır. Uşaqlıq və gənclik illəri zəngin təbiətin, saf dağ havasının qoynunda keçən Məlikməmməd müəllim, hələ kiçik yaşlarından elmə, təbiətə və kainatın sirrinə dərin maraq göstərmişdir. 1946–1956-cı illərdə Lerik rayonu Velaçola kənd orta məktəbində təhsil aldıqdan sonra elmin ardınca Bakıya üz tutmuş, 1957–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsində ali təhsil almışdır. Bu illər onun gələcək alimlik yolunun möhkəm bünövrəsini qoymuşdur.
Məlikməmməd müəllim sadəcə nəzəriyyəçi deyil, təbiətin canlı nəbzini tutan həqiqi bir tədqiqatçı idi. O, 1975-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda müdafiə etdiyi «Dəyişdirilmiş şəraitdə Kür-Araz ovalığı göllərinin balıqları və balıq təsərrüfatının bioloji əsasları» mövzusundakı dissertasiyası ilə biologiya elmləri namizədi elmi dərəcəsini almış, ölkəmizin biologiya elminə dəyərli töhfələr bəxş etmişdir. İxtioloji tədqiqatları ilə nəinki respublikamızda, keçmiş SSRİ mühitində də tanınan alim Alma-Ata, Leninqrad, Moskva, Tbilisi və İrəvan kimi böyük elmi mərkəzlərdə keçirilən konfranslarda, pedaqoji mühazirələrdə Azərbaycanı ləyaqətlə təmsil etmişdir. 1979-cu ildə Qazaxıstanın Alma-Ata şəhərində keçirilən V Ümumittifaq mühazirələrində aldığı I dərəcəli Diplom onun zəhmətinə verilən yüksək qiymətin təzahürü idi. O, həmçinin Təbiəti Mühafizə Cəmiyyətinin üzvü və Rayon Xalq Deputatları Sovetinin deputatı seçilərək elmi fəaliyyətini ictimai faydalılıqla birləşdirmişdir.
Onun əmək yolu zəngin və şərəfli bir salnamədir. 1963–1979-cu illərdə Lerik kənd orta məktəbində müəllim və tədris işləri üzrə direktor müavini, 1979–1987-ci illərdə Ağ göl Dövlət Qoruğunda baş elmi işçi və elmi işlər üzrə direktor müavini, 1987–1995-ci illərdə Lerik Rayon Təhsil Şöbəsində Gənc təbiətçilər stansiyasının direktoru, 1995–1997-ci illərdə Lerik kollecində direktor müavini, 1997–2002-ci illərdə Lerik RTŞ-də metodist və Ekoloji tərbiyə və təcrübəçilik mərkəzinin direktoru vəzifələrində çalışmışdır. 1995-ci ildən etibarən Lənkəran Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayan Məlikməmməd müəllim uzun illər boyu burada gənc nəslin tərbiyə olunmasında, təbiət elmlərinə sevgi aşılanmasında müstəsna rol oynamışdır. O, tələbələrin gözündə təkcə tələbkar bir alim deyil, həm də müdrik bir ata, hər bir gəncin qayğısına qalan xeyirxah bir insan idi. İslam Qəriblinin «Sönməyən ocaq» kitabında onun haqqında qələmə alınan «İxtioloq» məqaləsi, dövrü mətbuatdakı çıxışları onun necə böyük elm fədaisi olduğunu bir daha sübut edir.
Dağların qoynundan boylanan günəş,
Ömrünə nur saçdı, qəlbinə atəş.
Sakit xasiyyətin, saf mərhəmətin,
Ucaltdı adını el arasında.
Elmin pilləsində imzan var sənin,
Ocağın sönməyib, nur saçır hələ.
Sən ömür sürsən də sakit, təmkinlə,
Xatirən yaşayır uca sevgiylə.
Məlikməmməd müəllimin ən böyük keyfiyyətlərindən biri onun misilsiz xarakteri, sakit, təmkinli, işini bilən və xeyirxah təbiəti idi. O, heç vaxt iddialı çıxışlar etməz, kimsənin xətrinə dəyməz, hər kəsə dərin hörmətlə yanaşardı. Lənkəran Dövlət Universitetində çalışdığı illərdə bütün kollektivin və tələbələrinin böyük rəğbətini qazanmışdı. Onunla həmsöhbət olan hər bir kəs onun işıqlı ruhunu, insanlara olan mehriban münasibətini və yüksək mənəviyyatını hiss edərdi.
Bu böyük insanın həyatında qoyduğu en dəyərli töhfələrdən biri də şübhəsiz ki, onun tərbiyə edib boya-başa çatdırdığı övladları və qurub yaşatdığı gözəl ailəsidir. Məlikməmməd müəllim valideynlik vəzifəsini müqəddəs bir borc kimi yerinə yetirmiş, övladlarına zəhmətkeşlik, düzgünlük, elmə ehtiram və sarsılmaz mənəvi dəyərlər aşılamışdır. Bu gün onun övladları atasının adına layiq şəkildə cəmiyyətdə öz yerlərini tutmuş, valideynə dərin məhəbbət və bağlılıq nümunəsi göstərən gözəl bir ailə tablosu yaratmışlar. Atalarının ruhuna olan bu ehtiram Məlikməmməd müəllim ocağının heç vaxt sönməyəcəyinin və onun xatirəsinin daim yaşayacağının bariz sübutudur.
Dağların ucalığından gələn səmimiyyəti, alim həyası və müəllim ləyaqəti ilə yaşayan Məlikməmməd müəllim, əcəl onu aramızdan tez aparsa da, arxasında unudulmaz xatirələr, parlaq elmi irs və qürur duyulacaq bir ad qoyub getmişdir. Onun əziz xatirəsi Lənkəran Dövlət Universitetinin divarları arasında, yetirmələrinin qəlbində və el-obasının yaddaşında əbədi yaşayacaqdır.
Ruhun şad, məkanın cənnət olsun, unudulmaz Məlikməmməd müəllim!

Leyla Qadir qızı Məcidova
Lənkəran Dövlət Universitetinin müəllimi,
Tarix üzrə fəlsəfə doktoru, dosent,
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

