İşıqlı ömrün 40 günlük sükutu: tarixi yaşadan və tarix yazan müəllim. – Leyla Məcidova yazır
Bəzi insanlar var ki, onların gedişi sadəcə bir ömrün bitməsi deyil, bir məktəbin, bir mənəviyyat xəzinəsinin qapanması deməkdir. Lənkəranın fəxri, minlərlə gəncin yoluna işıq saçan baş müəllim Eldar Məmmədov məhz belə insanlardan idi. Bu gün onun haqq dünyasına qovuşmasından 40 gün keçir. Amma arxada qoyduğu izlər, yetişdirdiyi nəsillər və qəlblərə əkdiyi sevgi toxumları onu sonsuzluğa qədər yaşadacaqdır.
Eldar Əsəd oğlu Məmmədov 1959-cu il iyulun 9-da Lənkəran şəhərində saf, köklü bir ziyalı ailəsində dünyaya göz açmışdı. Onun formalaşdığı mühit, aldığı ailə tərbiyəsi gələcəkdə mənsub olduğu millətə təmiz qanlı, ləyaqətli bir övlad bəxş edəcəkdi. 1976-cı ildə Lənkəran şəhər 4 saylı məktəbin rus bölməsini yüksək uğurla bitirən Eldar müəllim, hərbi xidmət borcunu yerinə yetirdikdən sonra qəlbindəki tarix sevgisinin ardınca getdi. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olaraq vətəninin keçmişini, mədəniyyətini dərindən mənimsədi.
Ali təhsilini başa vurduqdan sonra doğma Lənkərana qayıdan gənc mütəxəssis, şəhər 7 saylı və 4 saylı orta məktəblərdə ilk pedaqoji addımlarını atdı. Onun dərsləri sadəcə rəqəmlər və tarixlərdən ibarət deyildi; o, şagirdlərinə vətənpərvərliyi, milli qüruru aşılayırdı.
1997-ci ildən etibarən Eldar müəllimin fəaliyyəti Lənkəran Dövlət Universiteti (LDU) ilə bağlandı. Humanitar fakültənin “Tarix və fəlsəfə” kafedrasında başlayan bu yol, ömrünün sonunadək “Tarix və onun tədrisi metodikası” kafedrasının baş müəllimi kimi şərəflə davam etdi. 1 monoqrafiyanın və 8 elmi məqalənin müəllifi olan Eldar Məmmədov, vətən tarixini dərindən bilən mükəmməl bir tarixşünas idi. Universitet auditoriyaları onun gur, savadlı və məntiqli mühazirələri ilə canlanır, tələbələr bu bilik xəzinəsindən dönə-dönə bəhrələnirdilər.
Mən deyərdim ki,Lənkəran gəncliyinin mənəvi atası idi Eldar müəllim.
Eldar müəllimin ən böyük xidmətlərindən biri Lənkəran rayonunda bəlkə də gənclərin 90%-nin yetişməsində, savadlanmasında oynadığı böyük roldur. O, sadəcə ali məktəb müəllimi deyil, həm də yüzlərlə abituriyenti gələcəyə hazırlayan, onlara elm qapılarını açan ustad idi. Onun yanından çıxan uşaqlar ali məktəblərə ən yüksək ballarla daxil olur, bu gün dövlətin müxtəlif qurumlarında uğurla çalışırlar. O, gənclərə təkcə tariximizin səhifələrini deyil, insanlığı, əxlaqı və düzgünlüyü öyrətdi.
Eldar müəllim həm də böyük, saf bir qəlbin sahibi idi. Onun daxili dünyasının gözəlliyi ailə həyatında da özünü büruzə verirdi. Ömür-gün yoldaşı Validə xanımı özü sevib seçmişdi. Həmişə böyük bir qürur və sevgiylə deyərdi: “Validə mənə söz verdi və məni gözlədi…” Bu vəfa və sevgi üzərində qurulan ailədə iki gözəl övlad bir qız, bir oğul boy atdı. Övladlarına əsil ata qayğısı bəxş edən, ailəsini canından çox sevən bir insan idi. Nə qədər təəssüf ki, qəlbi nəvə sevinci dadmaq istəyilə döyünsə də, amansız əcəl ona bu xoşbəxtliyi çox gördü, o, nəvə görmədən haqqın rəhmətinə qovuşdu.
Səssizcə qapandı o, nur daxılı,
Lənkəran itirdi ulu dağını.
Ömrünü gəncliyə həsr edən ustad,
Niyə tez tərk etdin elm bağını?
Tələbə könlündə taxt quran insan,
Gəncliyə düzlüyü dərslə ucaldan.
Validə xanımın andı, sirdaşı,
Vəfalı ömürlə dünyadan köçən.
Nəvə həsrətiylə yumdun gözünü,
Göyə pıçıldadın o, son sözünü.
Sən elə müəllim, elə insan tək,
Tarixin yaddaşına yazdın özünü.
Dövlətini sevən, vətəninə sadiq, ləyaqətli, əxlaqlı və təmiz bir Azərbaycan ziyalısı necə olmalıdır sualına Lənkəranda hər kəs tərəfindən tək bir cavab var idi: Eldar müəllim kimi!
O, cismən bu dünyadan getsə də, Lənkəran Dövlət Universitetinin dəhlizlərində onun addım səsləri, tələbələrinin qəlbində onun nəsihətləri, vətən tarixinin sətirlərində isə onun elmi imzası əbədi yaşayacaqdır.
40 günlük ayrılığın mübarək, gözəl qəlbli, böyük İnsan! Məkanın cənnət, ruhun şad olsun!
Leyla Qadir qızı Məcidova
Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru, dosent
Lənkəran Tarix Diyarşünaslıq
Muzeyinin direktoru

