Lənkəranlı igid gizir Orxan Quluzadənin Şükürtaz dastanı. – Leyla Məcidova yazır
Bəzi ömürlər var ki, coğrafi sərhədləri aşaraq tarixin ən dərin qatlarına köçür. Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı giziri Orxan Quluzadə məhz belə bir ömrün yiyəsi idi.
1994-cü ilin bərəkətli yay günündə iyunun 29-da Lənkəranın yaşıl ağuşunda dünyaya göz açan Orxan Elxan oğlu Quluzadə, hələ uşaq yaşlarından daxilindəki böyük amalların işığı ilə seçilirdi. Onun ömür kitabının ilk rəsmi sənədi 2000-ci ildə Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseydə yazılmağa başladı. Buradakı ibtidai təhsil illəri onun həm dərin intellektual dünyasının, həm də sarsılmaz xarakterinin bünövrəsini qoydu.
Məktəb illərini uğurla başa vurduqdan sonra, 2011-ci ildə gəncliyinin ən coşqun çağında, müddətli həqiqi hərbi xidmətə yollandı. Bakının Pirəküşkül qəsəbəsində yerləşən “N” saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edərkən nizam-intizamı ilə fərqləndi, manqa komandiri vəzifəsinədək yüksəldi və çiyinlərində “kiçik çavuş” rütbəsini qürurla daşıdı.
Orxanın ruhunda bir tərəfdən döyüşkənlik, digər tərəfdən isə incə bir idrak nizamı hökm sürürdü. O, doğma yurdu Lənkəranda qaydasız döyüşün (MMA) sirlərinə yiyələnir, respublikanın müxtəlif guşələrində keçirilən yarışlardan qələbə sevinci və yüksək nailiyyətlərlə dönürdü. Lakin onun gücü təkcə biləyində deyil, həm də zəkasında idi. Xarici dillərə, xüsusilə ingilis dilinə olan sonsuz marağı onu intellektual müsabiqələrin, bilik yarışlarının qalibinə çevirmişdi,qazandığı çoxsaylı sertifikatlar və diplomlar bu parlaq zəkanın əyani sübutları idi.
2013–2017-ci illər arasında Orxan mülki həyatın müfəssəl sahələrində çalışsa da, daxilindəki vətənpərvərlik vulkanı bir an belə səngimirdi. Doğma torpaqlarımızın düşmən tapdağı altında inildəməsi, ölkədə cərəyan edən ictimai-siyasi hadisələr onun milli qürur hissini daha da alovlandırırdı. Vətəni canından, gəncliyindən və bütün arzularından üstün tutan Orxan, birdəfəlik dərk etdi ki, onun əsl missiyası mülki fəaliyyət deyil, sarsılmaz bir sərhəd keşikçisi olmaqdır.
Bu ali duyğunun sədası ilə o, 2017-ci ilin oktyabr ayında daxili bir qətiyyətlə Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə rəsmi ərizə ilə müraciət etdi. Ruhundakı vətən sevgisi sənədlərin soyuq sətirlərini keçib öz təsdiqini tapdı və 2018-ci il martın 29-da müvafiq əmrlə DSX-nin Yevlax şəhərində yerləşən “N” saylı hərbi hissəsində peşəkar xidmətə addım atdı.
Nümunəvi addımları, xüsusi hərbi taktikası və soyuqqanlılığı ilə qısa müddətdə komandanlığın rəğbətini qazanaraq “kiçik gizir” rütbəsinə layiq görüldü. Artıq o, DSX-nin Çevik Hərəkət Qüvvələrinin kəşfiyyat bölüyündə mühüm bir vəzifəni “kəşfiyyatçı-snayper” missiyasını yerinə yetirirdi. Onun gözü hədəfdə, qəlbi isə intiqam alovunda idi.
2020-ci il sentyabrın 27-də o, müqəddəs nida vətən müharibəsi başlayanda Orxan ilk saniyələrdən döyüş meydanına atıldı. Kəşfiyyatçı-snayperin hər bir sərrast atəşi tarixin intiqam səhifəsi, düşmənin onlarla canlı qüvvəsinin və strateji atəş nöqtələrinin birdəfəlik susdurulması demək idi. O, mənsub olduğu bölmələrin irəliləməsi üçün keçilməz yolları açır, ölümün gözünə dik baxırdı. Zəngilan şəhərinin və Xocavənd rayonunun bir sıra strateji yaşayış məntəqələrinin azad edilməsində misilsiz hərbi şücaət nümayiş etdirdi. Oktyabrın 21-də Zəngilan istiqamətindəki adsız və mühüm yüksəkliklərin azad olunması uğrunda gedən amansız döyüşlərdə mənsub olduğu çevik hərəkət taborunun önündə gedərək əsl igidlik dastanı yazdı.
Vətənin taleyi həll olunurdu və bu böyük tarixi Zəfərə cəmi bir gün qalırdı, bütün ölkə Şuşanın azadlığı xəbəri ilə coşub-daşarkən, Orxan Ermənistanla dövlət sərhədində yerləşən, son dərəcə mühüm və strateji “812.0” yüksəkliyinin düşmən qüvvələrindən təmizlənməsi uğrunda son döyüşünə girdi. Amalı yüksəkliyi fəth edib,sərhədlərimizi bərpa etmək idi. O, öz qanı ilə sərhəd dirəyinə azadlıq rəsmini çəkmək istəyirdi.Sərhəddə başlayan xidmət yolu onun üçün sadəcə bir vəzifə deyil, ruhunun vətən torpağı ilə bütövləşdiyi müqəddəs bir ibadətgah idi. Xüsusi təyinatlı olmağın gətirdiyi o, polad iradə, daxilindəki sönməz vətən sevgisi ilə birləşəndə Orxan düşmən üçün sarsıdıcı bir qüvvəyə, qorxulu bir kabusa çevrildi.
Vətən müharibəsinin o, gərgin, hər anı qanla və şərəflə yazılan günlərində Orxan ön cəbhədə, ən təhlükəli nöqtələrdə idi. O, addım atdığı hər qarış torpaqda, girdiyi hər bir döyüşdə düşmənə aman vermədi, onlara diz çökdürərək tarixin ən ağır rəzalətini yaşatdı. Onun hər bir həmləsi illərin intiqamı, hər bir atəşi şəhidlərimizin qisas fəryadı idi.18 döyüş yoldaşını xilas edərək, Azərbaycan xalqının zəfər müjdəsini gözlədiyi, tarixin ən qürurlu gününün astanasında Zəngilanın strateji baxımdan ən mühüm və keçilməz nöqtələrindən biri “Şükürtaz yüksəkliyi”uğrunda son və həlledici döyüşlər gedirdi. O, yüksəklik sadəcə bir dağ zirvəsi deyil, Zəfərə açılan qapının açarı idi.
Gizir Orxan Quluzadə o,yüksəkliyə doğru irəliləyərkən yalnız bir şeyi düşünürdü zirvədə müqəddəs bayrağımız dalğalanmalı idi. Döyüşün ən qızğın çağında, qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə ucaldı. O, Şükürtaz yüksəkliyini fəth edərkən bədəni torpağa düşsə də, ruhu Azərbaycanın azad səmalarına ucaldı. Zəngilanın o, sərt qayalıqları Orxanın son nəfəsinə bələndi və o,andan etibarən Şükürtaz adı onun qəhrəmanlığı ilə əbədi olaraq eyniləşdi.
Orxan bu dünyadan köçərkən özündən sonra gələn nəsillərə azad, bütöv bir məmləkət və fəxarət dolu bir ad qoydu. Onun göstərdiyi misilsiz şücaət dövlətimiz tərəfindən ən yüksək mükafatlarla taclandırıldı.“Qarabağ” ordeni onun döyüş meydanındakı cəsarətinin və sərkərdəlik ruhunun əbədi rəmzi oldu.
“Vətən uğrunda” medalı Canını vətən torpağına fəda edən bir oğulun dövlətinə sadiqlik sənədi idi.
“Zəngilanın azad olunmasına görə” medalı Şükürtaz yüksəkliyinin dumanında yazılan o, qəhrəmanlığın rəsmi təşəkkürü idi.
Orxan Quluzadə sadəcə bir gizir, bir döyüşçü deyil,o, Azərbaycanın müstəqillik və zəfər salnaməsinin canlı, heç vaxt unudulmayacaq bir tarix səhifəsidir.
Şükürtaz yüksəkliyindən boylanan hər bir səhər şəfəqi indi Orxanın və onun tək qəhrəman igidlərin pak ruhunu salamlayır.Qəhrəman Orxanın düşmənə qan udduran cəsur baxışları, sarsılmaz iradəsi və canı,qanı bahasına qazandığı zəfəri ilə qəlblərdə əbədi yaşayacaq.
Şəhid Orxan Quluzadənin əmanəti olan dəyərli ailəsi, vətən borcunu şərəflə yerinə yetirən qəhrəmanın xatirəsini qəlbində yaşadır. Ata Elxan bəy və ana Fatma Quliyeva mərd övlad böyüdüblər, qardaşı Kamran isə onun yolunu davam edir. Canından çox sevdiyi həyat yoldaşı Ayşə xanım və balaca qızı Ayla isə şəhidimizin ən əziz xatirəsi, onun bu dünyadakı davamçılarıdır. Allah bütün şəhidlərimizin yaxınlarına səbr versin və balaca Aylanı qorusun.
Ruhun şad olsun, nəslimin və millətimin məğrur oğlu!
Leyla Qadir qızı Məcidova
Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru, dosent
Lənkəran Tarix-Diyarşünaslıq
Muzeyinin direktoru

