Müstəqillik Günü – xalqımızın milli qürur və birliyinin simvoludur. – Muğan Əliyev
“Milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qısa müddət ərzində həyata keçirilən islahatlar və insan hüquqları sahəsində atılan addımlar dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edirdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilməyən Azərbaycan 1991-ci ildə Sovet İttifaqının dağılması ilə yenidən öz müstəqilliyini elan etdi. Bununla da Azərbaycan Respublikası müstəqilliyin ilk illərində ciddi təhlükələrlə üzləşsə də, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmiz xilas olaraq sabit inkişaf yoluna qədəm qoydu”.
Bu fikirləri “Gənc Vətənpərvərlər” İctimai Birliyinin (GVİB) sədri, ictimai xadim Muğan Süleyman oğlu Əliyev (Müqamət) YeniMedia.net portalına açıqlamasında bildirib.
M.Əliyevin sözlərinə görə, Azərbaycan dövlətinin müasir müstəqilliyinin 1918-ci il Xalq Cümhuriyyətinin varisliyi ilə bağlı tarixi-siyasi əsasları möhkəmləndirildiyi və bu varisliyin dövlətçilik ənənələrinin davamı kimi təsdiq olunduğu qeyd olunur: “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” sözləri onun həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq təsdiqini tapmışdır. Azərbaycan öz müstəqilliyini dünyaya sübut etmiş, istiqlaliyyətimizin əbədi olmasının əsasını yaratmışdır”.
Muğan Əliyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafı və demokratik islahatlar ölkənin müasir güclü dövlətə çevrilməsini təmin edir: “Ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir. Ölkəmiz ümumbəşəri dəyərlərə əsaslanaraq demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edir”.
İctimai xadim vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə olunan qələbə Azərbaycan Ordusunun tarixi zəfəri kimi işğal altında olan torpaqların azad edilməsini təmin edib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan ordusunu məğlub edərək tarixi Zəfərə imza atdı və uzun müddət işğal altında olan torpaqlarımız azad edildi. Bu, Azərbaycan xalqının tarixi qələbəsidir”.
O qeyd edib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərqərar olunmasına və müasir dövlət quruculuğunun formalaşmasına səbəb olub: “XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qorumağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev dövlətçiliyimizin qorunması üçün qətiyyətli tədbirlər gördü və ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu”.
Onun fikrincə, Azərbaycan Xalq Cümhuriyyətinə verilən yüksək dəyər onun dövlətçilik ənənələrinin müasir dövrdə də yaşadığını göstərir: “Ulu Öndər dəfələrlə bildirmişdir ki, biz demokratik Azərbaycan dövlətini qururuqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev demişdir: ‘Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq onu Azərbaycanın Dövlət Müstəqilliyi Günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır'”.
M.Əliyev əlavə edib ki, Azərbaycanın müstəqil və balanslı siyasəti onu regionda və beynəlxalq aləmdə nüfuzlu dövlətə çevirib: “Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycan bu gün yalnız regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan bir dövlət kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik siyasət və qazanılmış uğurlar göstərir ki, Azərbaycanın müstəqilliyi əbədidir”.
“Yaşasın müstəqil Azərbaycan dövləti!”

