Azərbaycanda palçıq vulkanları və ekoturizmin inkişafı. QHT sədri, ekoloq İradə Həsənova yazır

Azərbaycan dünyanın ən zəngin palçıq vulkanı bölgələrindən biri hesab olunur. Dünyadakı palçıq vulkanlarının böyük bir hissəsinin məhz öılkəmizin ərazisində yerləşməsi Azərbaycanın təbii irsini daha da unikal edir. Bu nadir təbiət hadisələri yalnız geoloji baxımdan deyil, həm də turizm və ekoturizm potensialı baxımından böyük əhəmiyyət daşıyır. Son illərdə Azərbaycanda ekoturizmin inkişafına marağın artması palçıq vulkanlarının da diqqət mərkəzinə çevrilməsinə səbəb olub.
Dünyadakı 800 vulkandan 300-dən çoxu Azərbaycan ərazisində yerləşir. Palçıq vulkanları əsasən Abşeron yarmadasında, Qobustanda və Xəzər dənizi hövzəsində yayılıb. Xüsusilə Qobustan Dövlət Tarixi – Bədii Qoruğu yaxınlığında yerləşən vulkanlar həm yerli, həm də xarici turistlərin marağına səbəb olur. Bu vulkanlar yerin dərin qatlarından çıxan qazların və minerallarla zəngin paıçığın təsiri nəticəsində formalaşır. Bəzi vulkanların fəaliyyəti zamanı alov püskürməsi və gurultulu səslər müşahidə olunur ki, bu da onların geoloji baxımdan nə qədər maraqlı olduğunu göstərir.


Palçıq vulkanlarının ekoturizm üçün əhəmiyyəti çoxşaxəlidir. İlk növbədə, bu ərazilər insanlara təbiətin nadir və fərqli görüntülərini təqdim edir. Vulkanların yaratdığı qeyri-adi landşaft turistlər üçün xüsusi maraq doğurur. Bundan əlavə, bəzi palçıq növlərinin müalicəvi xüsusiyyətlərə malik olduğu düşünülür və bu amil sağlamlıq turizm baxımından da imkanlar yaradır.
Ekoturizmin əsas məqsədi təbiəti qorumaqla turizmi inkişaf etdirməkdir. Azərbaycanda palçıq vulkanları ətrafında ekoloji marşurutların yaradılması , müşahidə meydançalarının qurulması və maarifləndirici proqramların təşkili bu istiqamətdə mühim addımlar hesab olunur. Bu cür layihələr həm turistlərin, həm də təbiətə mənfi təsirin qarşısını almağa kömək edir.
Palçıq vulkanlarının beynəlxalq səviyyədə tanıdılması da ölkənin turizm potensialını artırır. Xarici turistlər üçün bu ərazilər ekzotik və nadir təbiət möcüzəsi kimi qəbul olunur. Azərbaycanın beynəlxalq sərgilərdə və turizm forumlarında bu təbii abidələri tanıtması ölkəyə marağın artmasına səbəb olur.
Bununla yanaşı, palçıq vulkanlarrının qorunması mühüm məsələdir. Ərazilərdə nəzarətsiz hərəkət, tullantıların atılması və ekoloji qaydalara əməl olunmaması bu unikal təbiət abidələrinə zərər verə bilər. Buna görə də ekoturizmin inkişafı ilə yanaşı, təbiətin mühafizəsi də əsas prioritetlərdən biri olmalıdır.
Beləliklə belə qənaətə gəlmək olar ki, Azərbaycandakı palçıq vulkanları həm elmi, həm ekoloji, həm də turizm baxımından böyük sərvət hesab olunur. Bu təbiət möcüzələrinin düzgün qorunması və tanıdılması ölkədə ekorurizmin inkişafına ciddi töhvə verə, Azərbaycanın dünya turizm xəritəsində mövqeyini daha da gücləndirə bilər.

İradə Həsənova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir