Bir tarixi fotonun izi ilə (II Hissə). Yazıçı-publisist Xatirə Xatundan etnoqrafik düşüncələr…
Baxın, həmin o fotonun izi ilə yola çıxıb əslində çoxdan tanıdığım, amma Məhbubə xanım ilə bağı olduğunu məhz bu yazını yazarkən bildyim lənkəranlılarla söhbətləşirəm. O qədər maraqlı faktlar var ki…
Lap bir dönəm filmi kimi kadrlar keçir gözlərimin önündən. Və bu kadrların birində Əhməd kişini – Məhbubə xanımın zəhmətkeş ömür-gün yoldaşını görürəm. Kiçik Bazar məscidinin qabağında mer-meyvə satarmış Əhməd kişi… Və meyvənin nübarını ilk öncə anasız nəvələrinə gətirərmiş. Sevinc danışir bunları – Məhbubə xanımın faciəli şəkildə ölən qızının yadigarı:
– Şaftalının, gilasın, albalının nübarını babam həmişə bizə yedirdərdi. Balaca kağız paketlərə yığıb yanına da peçenye, şirniquş və s. belə o vaxtın şirniyyatlarını qoyardı, evə gətirərdi, bizə verərdi. Özü də elə-belə yox. O vaxt evlərdə odun sobası qoyulurdu axı… O sobalar yayda götürülsə də baca yeri açıq qalırdı.
Babam dama çıxıb həmin o açıq baca yerindən o kağız torbaları evə sallayardı. Nənəm də onları alıb böyük sevinc və təəccüblə: “Görün, Allah baba sizə nə göndərib!” – deyə körpə sevincimizə həyəcan qatardı…
Biz də inanardıq və hər gün o bacaya baxardıq ki, ordan bizə yenə pay gələcək. Düzdü, həyat şəraiti çətin idi, ancaq çox gözəl günlər idi… Anamı xatırlamıram, amma mənə desələr ki, ömrünün hansı çağına qayıtmaq istəyərsən, tərəddüdsüz, o nənəli- babalı çağları seçərdim… Hər kəsin baməzə, zarafatcıl biri kimi tanıdığı Məhbubə xanım içində ağır faciədən dünyasını dəyişmiş bala dağı daşıyırdı. Cavan qızının faciəli ölümü, onun böyüyü 6 yaşında, kiçiyi səkkiz aylıq olan dörd körpəsinə baxmaq qayğısı-bunları kiçik bazarın yaşlı nəsli yaxşı bilir. 1963-cü ildə kiçik qızı 27 yaşlı Güllüxanımın ölümündən sonra onun anasız qalan körpələrini qanadı altına alaraq onlara analıq etməyə başlayır.
Bunları da Sevinc danışır:
-1il 8 aylıq olmuşam anam öləndə. Məndən kiçik bacım Gülzar isə 8 aylıq idi. Böyük qardaşım Akifin 6, ondan kiçiyi isə Arifin 3 yaşı olub. Nənəmlə 1975-ci ilə kimi bir yerdə yaşamışıq. Hamı onu baməzə, deyib-gülən bir qadın kimi tanıyardı. Xınayaxdı, nişan və s. bu kimi sırf qadın məclislərində nənəmi başda oturdub onun öz başına gələn maraqlı, gülməli əhvalatları danışdırardlar. Və bu demək olar ki, hər məclisdə təkrar olunardı. Eyni hadisəni dəfələrlə danışmasına baxmayaraq, məclisdəki qadınlar sanki ilk dəfə eşidirlərmiş kimi diqqətlə dinləyər və uğunub gedərdilər. Amma bu hamının tanıdığı Məhbubə xanım idi- məclislər yaraşığı, sözlü-söhbətli, şən, şux, əhvallı… Mənsə hiss edirəm ki, bu o deyil, əsla belə olmaz, ola bilməz… Bura qədər haqqında yazdığım hər kəsin tanıdığı Məhbubə idi.. Bəs tək olanda, ondan ana sevgisi uman yetimlərin qayğıları ilə baş-başa qalanda necə olurdu, kim olurdu bu qadın? Bu suala da Məhbubə xanımın nəvəsi Sevinc cavab verir, həm də heç mən soruşmadan… sağ olsun vallah, elə çətin idi ki, bunu dilimə gətirmək:
-Nənəm heç vaxt el içində dərdini dilinə gətirməzdi, bunu sevməzdi. O boyda dərdi olmasına baxmayaraq, heç zaman adam yanında ağlayıb sızladığını görmədik. Amma tək qalanda körpə bacımı beşiyə qoyub yırğalayanda neçə dəfə layla deyib ağladığının şahidi olmuşam.. .Məhbubə xanım təkcə qız nəvələrini deyil, tək oğlu Əlisanın oğul payı, indi artiq həyatda olmayan İlkini də eyni məhəbbətlə sevər, əzizlərmiş. Burda yadıma yenə də Zeynəb ananın sözləri düşür. Deyir ki, qaynanam həmişə İlkinə: “Nənə sənə qurban olsun”, – deyərdi.
Elə dünyasını dəyişdiyi gün -1975-ci ilin həmin o may günü də ona dediyi son söz bu olub: “Nənə ölsün səninçün”…
Az sonra qonşuya getmək üçün küçəyə çıxanda Məhbubə xanımı maşın vurub. Zalım fələk ona nakam qızının yadigarlarını böyüdüb boya-başa çatdırmağa imkan vermir. Beləcə, o oynaq – gülər, amma içi ağrı dolu, zəhmətkeş, fədakar xanım bu dünya ilə haqq -hesabı faciəvi şəkildə kəsib gedib…
Onu xatırlayanların çoxu da artıq həyatda yoxdu, amma xatirəsi həmişə uca tutulur, adı hər ailə məclisində çəkilir . Babasının adını daşıyan Əhməd öz qızına nənəsinin adını verib- Əhməd kişinin ocağına gəlin gələn Məhbubənin nəticəsi və adaşı gənc Məhbubə də ordan pərvazlanıb öz ocağına köçüb. Bax, beləcə sizinlə sıradan, amma işıq dolu bir həyat hekayəsinin sonuna gəlib çıxdıq. Və bura qədər gəldiyimizə görə əminliklə deyə bilərik ki, Məhbubə xanımın nurlu xatirəsi onu tanıyanların, sevənlərin yaddaşında hələ də parlaqdır – Ermitajdakı bu fotoda hər nə qədər solğun görünsə də…
Nə fotoya , nə də zamana etibar yoxdu, bilirsiz-biri silinə, o biri isə hər şeyi yaddaşlardan silə bilər Ona görə yazdıq ki, “,SÖZ”də qalsın.
Xatirən SÖZ qədər həmişəyaşar olsun , Məhbubə xanım!
XATİRƏ XATUN
YANVAR, 2025-ci il , LƏNKƏRAN

