Millətin kulturoloji – intellektual intiharı. Rafiq Tağı öldü, yaşasın Rafiq Tağizm! Qoca Sufiyə vurulan 7 zərbənin sevgisi. Aydın Xan Əbilov yazır

Millətin kulturoloji – intellektual intiharı. Rafiq Tağı öldü, yaşasın RafiqTağizm! Qoca Sufiyə vurulan yeddi zərbənin sevgisi.

Aydın Xan (Əbilov), yazıçı-kulturoloq, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri

Rafıq Tağı simasında bütün yaradıcı intellektuallara ərməğan edilir…

Rafiq Tağı haqqında 3 yazı: birinci 2007-ci ildə yazılıb, ölkənin aparıcı qəzetləri onu nəşr etdirməkdə imtina etdilər, təkcə “Sənət qəzeti”ndən başqa. Sonrası da məlum…

Millətin kulturoloji – intellektual intiharı

İçində türkcə düşünən, ölüsünə ərəbcə ağlayan, klassiklərini farsca oxuyan, qadınlarla rusca sevişən, uşağını ingiliscə anladan və bütün bunlara qlobalcasına gülən Azərbaycan insanına segiylə…  

…«Sənət qəzeti»ndəki oxunaqlı və ciddi mübahisələrə səbəb olan «Avropa və biz» başlıqlı analitik-kulturoloji yazıyla Rafiq Tağı – Samir Sədaqətoğlu intellektual-estet cütlüyünün çağdaş dini düşüncəmizi silkələdiyini heç kim boynuna almır. Siyasi-sosial-ictima-dini-mədəni-elmi-ədəbi susqunluq içində çürüməyə məhkum olmuş Azərbaycan insanı fərqinə varmadı ki, məhz milli yazarın ictimai fikrə hücumundan sonra bizdə ilahiyyat mövzusunda geniş ictimai-dini, elmi-mədəni polemikalar açıldı. Bəlkə də məmləkətimizin tarixində tək-tük belə ictimai müzakirələr gedib: məsələn, Atəşpərəstlik-Zərdüştlükdən xaçpərəstliyə, xurrəmilikdən İslama, ilkin müsəlmançılıqdan sufi-hurifiliyə, şiəizmlikdən Qərbçiliyə-ateizmə keçid vaxtlarında bu cür mübahisələr-mübarizələr-müharibələr baş vermişdi. Xeyrini də görmüşdük: çağdaş dünyaya sübut etdik ki, ilk sivilizasiya məkanı məhz Azərbaycandır – maraqlananları Böyük Britaniya kulturoloqu Devid Rolun tədqiqatlarıyla, xüsusən də «Sivilizasiyaların genezisi» kitab-monoqrafiyasıyla, ondan da çox, bizim sivilizasiya araşdırıcımız Camal Əliyevin «Sivilizasiyaların genezis sirləri» mövzusundakı çoxillik elmi-kulturoloji araşdırmaları ilə tanışlığa dəvət edirəm…

Sözsüz, bizim ictimai humanitar-kulturoloji düşüncəmizdə indilər böyük problemlər yaşanır. Məhz bunun nəticəsidir ki, Rafiq Tağı kimi düşünənlərin təklif etdiyi model – şəxsən mənim elə bu məsələlərlə bağlı «Sənət qəzeti»ndəki məlum yazıdan bir ay öncə İctimai Televiziyanın «Gecənin aydınlığı» verilişindəki çıxışımda da bir qədər yumuşaq tərzdə həmin problemlər səslənmişdi – ətrafında özlərini ziyalı, intellektual, yazar, nə bilim, qlobalist, islahatçı adlandıran bilgi adamlarının deyil, məhz dini fanatiklərinin çılğın mübahisəyə – polemika imitasiyasına başlamasının nəticəsidir ki, Rafiq Tağı və Samir Sədaqətoğluya ölüm fitvası səsləndi. Sonucdan da iki düşünən beyin artıq neçə müddətdir ki, zindanda sönməyə məhkum ediliblər…

Maraqlıdır, bəlkə də ömründə ayaqları Quzey Azərbaycana dəyməmişlərin – İslama qarşı cihad etmiş Babəyin qəsbkar ərəblərin fərmanıyla başının və qollarının kəsilməsinə, Tanrıya məhəbbətini izhar etmiş Məhəmməd Füzulinin fanatik zülmətbaşların əlindən məsciddə gizlənməsinə, dövrün Çin, İran, Qərb, Türk sivilizasiyalarına qarşı hücuma keçənlərin əmriylə dərisi soyulmuş İmaməddin Nəsiminin aqibətinə, məzhəbdaşları tərəfindən məscid qapısı arasında baş əzilmiş Seyid Əzim Şirvaninin acı taleyinə, dindaşlar tərəfindən vərəmlədərək çərlədilən Mirzə Ələkbər Sabirin faciəsinə, düşüncələrinin sərtliyinə görə danabaşlar tərəfindən İrana qovulmuş Mirzə Cəlilin «Mola Nəsrəddin» dərdinə dəsmal açaraq göz yaşı tökən millidaşlarımız iki cavan intellektualın daş-qalaq edilməsinə niyə bu qədər biganədirlər görəsən???

Bəlkə Avropa Birliyinə can atan Azərbaycan Respublikasının yolunda bu iki şəxsi qaya etmək istəyən İran dövlətinin maraqları bizi üstələdi; yaxud Ermənistan xüsusi xidmət orqanlarının tələsinə düşdük; və ya Qərb-Şərq qarşıdurmasında geopolitik xeyirlərini güdənlərin toruna ilişdik – həqiqətə yaxın fikir yürütmək çox çətindir…

Fəqət biz bu həllimüşkül problemin bağlarını qırmalıyıq, dostlar, yoxsa nə qədər pafoslu səslənsə də, əlahəzrət zamanın vicdan adlı qılıncının iti ülgüyünü həmişə boynumuzun arxasında hiss edəcəyik… 

Sonda təkliflərimi irəli sürmək, məsələnin həlli yollarını göstərmək istəyirəm:

1) Rafiq Tağı və Samir Sədaqətoğlu ömürlük zindana məhkum edilsin;

2) Onlar azadlığa buraxılsın və cəmiyyət bu iki art-məhbusdan üzr istəsin;

3) Bizə düşünən beyin, yaradıcı şəxs, cəmiyyəti irəli aparan intellektual lazım deyil – onları ölkədən sürgün edək.

P. S. Maraqlıdır, içi mən qarışıq Azərbaycanın iyirmiyə yaxın yeni nəsil yazarının, sənətçisinin ictimai surətdə İslamın Nardaran variantından imtina etməsi xəbəri nə dövlətin əlaqədar orqanlarını – məsələn, Dini İşlər üzrə Dövlət Komitəsinin, nə marağına təsir etdiyimiz ictimai təşkilatların – nümunə üçün deyək, Qafqaz Ruhanilərinin Dini İdarəsinin, nə də özlərini İslam dövlətləri sayan İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, Misir kimi ölkələrin Azərbaycandakı səfirliklərin əməkdaşlarını tərpədə bildi: mən hələ Beynəlxalq Musəlman Qurumlarını qoyuram bir kənara. Amma dünyanın əksər xaçpərəstyönümlü KİV-ləri və qurumları bizlərlə yaman maraqlandı. Hətta… xristianlığın mərkəzinə – Vatikana turist kimi mədəni səyahətə dəvət edilənimiz də oldu. Səudiyyə Ərəbistanını kralının hər il Azərbaycana ərməğan etdiyi pulsuz Həcc ziyarətinə kimlərin göndərildiyinə nəzər salsanız aralarında deputatdan aşağı bir kimsə görməzsiz…

P. S. Şəxsən mən ikinci variantdan başqa bu problemin hər hansı bir həlli yolunu görmürəm. Əgər başqa variantlara üstünlük verilsə, bundan sonra Azərbaycan Respublikasında bədii yazılarımın çapını ilk əvvəl dörd ay, daha sonra bir il, ən axırda isə Rafiq Tağı və Samir Sədaqətoğlu kəsiləcək həbs müddəti qədər art-yasaq – veto qoyuram. Bütün qələmdaşlarımı da buna çağırıram, çünki yaşadığımız toplumun İntellektual-Kulturoloji İntiharı məhz yazarlarımızın məhkəməsi zamanı baş verəcək. Onun qarşısını isə bəlkə də bu cur addımlarımızla ala bilərik…    

2007

Rafiq Tağı öldü, yaşasın RafiqTağizm…

Niyə İslam intellektuallarını öldürürsüz, müsəlmanlar?

Daha mənə rəvayət eləməyin ki, yüzlərlə Şərq mütəfəkkirlərini, o cümlədən Şəms Təbrizini, Mənsur Həllac, Nəsimini müsəlmanlar qətlə yetirməyib, dar ağacından asmayıb, dərisini soymayıb?!

Bir maraqlandınızmı ki, onlar niyə rəsmi dini ehkamlara qarşı çıxırdılar? Axı onlar da başqa məxluqlardan fərqlənməyən KÜTlələrin sıravi nəfərlərdən fərqlənirdilər və nə qədər kəskin olsa da, öz fikirləri ilə cəmiyyətin inkişafına səbəb olurdular…

Rafiq Tağını bıçaqladız, özü də elə-belə bıçaqla deyil, məhz sonradan adamı qusduraraq öldürən zəhərli məhlulla işlənmiş soyuq silahla…

Mən bilmirəm kim və nə üçün yazıçıya – millətin düşünən beyninə, yazan əlinə, danışan dilinə, fəryad qopardan vicdanına, bir sözlə müqəddəs Ruhuna arxadan – arvadcasına bıçaq yeridib? Amma dəqiq bilirəm ki, bu olay hələ çox qan aparacaq…

Hanı bəs büdcədən milyonlar qopararaq Bakını təhlükəsizlik kamerAları ilə bəzəyən məmurların ictimai dinclik nağılları? Yəni o kameralarda yoxdur ki, Rafiq Tağı ilə bircə ictimai nəqliyata hansı üzdəniraq minib?

Sevinməyin, bizim hər birimiz – yazarlar ki, 37-ci ildəki kimi əynimizə kəfən geyinib bayıra çıxırıq, amma bu, o demek deyil ki, siz dünyəvililərə – sivil zamandaşlarımıza, düşüncə adamlarına – kreativlilərə qalib gələ bilərsiz!? 

Bir Rafiq Tağını fiziki aradan qaldıranlar onun azadsevərliyini – RafiqTağıizmini beyinlərdən poza bilməzlər? 

Cəfər Cabbarlının “Sevil” əsərinin tamaşasından sonra vaxtilə Bakıda çadrasız evə qayıdan qadının başını yaxını kəsdi və millətin xanım kəsimi birdəfəlik çadranı ayaq altına atdı və onu qadın azadlığını bayrağına çevirdi…

Rafiq Tağı dövrünün yazılı vicdanı idi – ən kəskin fikirlərində belə qorxmadan-çəkinmədən sözünü dedi, ictimai-mədəni düşüncəni qarışdırdı, ədəbi fikrə təlatümlər gətirdi…

Sizsə onu öldürdüz: məncə burada xalqın da günahı vardı – o yazıçısını qoruya bilmədi…

Yaxşı, hansısa yazısına görə xarici qüvvələr önu öldürənə evini boyun olmuşdu, bunu anladıq, bəs məgər dindar kəsimimiz deyildimi onun ölüm fitfasını verən?

Bu dindarların biri narkotikaya, qadın alverinə, xalqın malını talayanlara, saunaları fahişəxanalara çevirən harınlaşmışlara heç ölüm hökmü vermədi, onları bışaqlamadı…

Nəsə, sabah mənim də bışaqlandığımı eşitsəniz, təccüblənməyəsiz, və indidən vəsiyyət edirəm: məni müsəlman kimi basdırmağı hamıya qəti qadağan edirəm. Yaxşı olar ki, hansısa dini ocaqda nəşim 40 gün KÜTləyə nümayiş olunsun…

P.S. Əlaqədar orqanlardan tanınmış yazarlara fərdi təhlükəsizliyinə görə silah verilməsini təklif edirəm…

23.11.2011

Qoca Sufiyə vurulan yeddi zərbənin sevgisi…

Rafiq Tağıya ağı əvəzi…

Birinci zərbə: Düşünmə əmr etdik, bu dünyada əbləhlər, varlılar, hakimlər yalnız düşünə bilər – özü də dar çərçivədə: yazar – intellektual düşünəndə, millət durular, ayılar, ayağa qalxıb üstümüzə – gələcəyə alnıaçıq addımlayar…

İkinci zərbə: Dilinə görə, danışma dedik, susmadın, susmaq ya qızıl olur, ya da ölüm!

Üçüncü zərbə: Yazma buyurduq, ağzına-ağlına-intellektinə gələni sözləşdirdin, beyinlıəri zəhərlədin, bir ağlınla milyonlardan necə üstün olduğunu, varlıların-məmurların başıboşluğunu zəmanənin gözünə soxdun…

Dördüncü zərbə: KÜTləni tərpətmə, qəflət yuxusundan oyatma,buyurduq, vecine deyildi, sanki bu dünyanın bütün ağırlığı sənin çiynində idi, insanların problemlərini sən qabartmaqla adamları qaldırırdın…

Beşinci zərbə: Zəmanənin vicdanı rolunda, ədalətin vəkili obrazından çıx qışqırdıq, amma nə faydası, elə hey qaşınmayan yerdən söz çıxarırdın… anki zamanın nəbzini əlinə alıb yoxlamaq, onun azarını sağaltmaq üçün resepti – dava-dərmanı təklif etmək yalnız sənlik idi…

Altıncı zərbə: Ehkamlara toxunmamağı, tabuları dağıtmamağı tapşırdıq, onları bu cəmiyyət üçün dar bir mentalitet tabutuna çevirmişdik, sənsə qələminlə oradan azadlıq deşikləri açır, oradakı üfünəti üstümüzə sıçradırdın…

Yeddinci zərbə: Ölümünü bizə sat təklifini verdik, ruhunu qaldırdın sənət dağına, əvəzinə biz də sənə həyat dağı vurduq…

P.S. Məni niyə vurusan axı, – qatilinin bulanıq baxışlarını axtaran Rafiq Tağı ağrıdan qovrularaq zəif, mülayim səslə soruşdu, İsa Məsihvari mərhəmətlə sanki deyirdi: – səni ağrılarıma və sevgilərimə bağışlayıram… Bu zaman Nəimi, Nəsimi və Mirzə Fətəli Axundovun ruhu yaralı yazarı yerdən qaldırıb evinə qədər göylə apardılar. Şəhid yazarın əvəzinə ruhu inildəyirdi: – Mən bu insanları o qədər sevirdim ki, hətta ölümümüm də halal edirəm. Yuaxrıdakı mələklər belə göz yaşlarını qar dənəsi edib yazar üçün ağlayırdı. 

P.P.S. XX-XXI əsrin qeyrətli şəhid yazarı Rafiq Tağı 24 noyabr 2011-ci ildə torpağa tapşırılanda Bakının dəli küləyi dil açıb zəmanənin sifətinə şillə yağdırırdı: “Alim qələminin mürəkkəbinin bir damcısı min şəhidin qanına bərabərdir…”

24.11.2011

https://www.facebook.com/notes/10224506090536045/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir