Sosial şəbəkələrdə siyasi mədəniyyət, sosial və siyasi fəallıq… Səviyyəni necə yüksəltməli? – YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilov

(Yazı “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti mövzusunda hazırlanıb)

Artıq internet kimi sosial şəbəkələr də həyatımızın bir parçasına çevrilib və bizdən asılı olmayan səbəblərdən günümüzün yarıdan çoxunu zəbt edib. Hər kəs özünü azad hiss edir, yaşadığı mənzildən ürəyi istədiyi şəkildə videolar çəkib sosial şəbəkə hesabında paylaşır. Həmin videolardan görünən odur ki, insanların ictimia-siyasi və mədəni səviyyəsi yavaş-yavaş yoxa çıxır.

Vətəndaşların sosial şəbəkələrdə siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması üçün hansı addımlar atılmalıdır?

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kulturoloq Aydın Xan Əbilov Qaynarinfo-ya açıqlamasında bildirib ki, sosial şəbəkələr internetdən sonra nəinki hansısa topluma, cəmiyyətə, insanlara, o cümlədən də qlobal şəkildə bəşəriyyətə böyük təsiri olan hadisəyə çevrilib:

“Bizim real həyatda baş verən hadisələrin, dünyagörüşlərin, texnologiyaların virtual variantı məhz internet və sosial şəbəkələrdə özünü biruzə verdi. Bəzən sosial şəbəkələrə alternativ təhsil platforması, alternativ sosium, alternativ virtual həyat da deyirlər. Bu da normal bir tərifdir. Çünki biz həyatda necəyiksə, hətta həyatda ola bilmədiyimiz, artistlik etdiyimiz formalarda belə reallığın virtual variantını sosial şəbəkələrdə görürük. Bir çox cəmiyyətlərdə, hansı ki, intelektual cəhətdən səviyyəlidirlər, estetik, kulturoloji və intelektual dəyərlərə üstünlük verirlər, təhsil və elm orada yüksək səviyyədədir, mədəniyyət, əxlaq normaları artıq sivil dəyərlərə çevirilib. Onlarda sosial şəbəkələr oxşardır və eyni zamanda sosial şəbəkələrin səviyyəsi yüksəkdir. Bir çox cəmiyyətlər var ki, xüsusən də SSRİ xalqlarının formalaşdırdığı cəmiyyətlər bir formasiyadan digərinə keçdilər, 20-30 il təhsil, elm, mədəniyyət, intellektuallıq, mütaliə və s. yüksək zövqləri formalaşdıran amillərə əhəmiyyət vermədilər, bir boşluq yarandı. Onlarda da sosial şəbəkələr Azərbaycanda olduğu kimidir. Bəzən biz sosial şəbəkələri və internet resurslarını analiz edəndə azərbaycandilli internet resurslarının kütləvi şəkildə savadsızlıq, mənəviyyatsızlıq, ciddi dəyərlərə ironik münasibət bəsləyən, eyni zamanda bu platformalarda öz daxili aləmlərində olan eybəcərliklərini, fırıldaqçılıqlarını, seksuallığını, intim hisslərini büruzə verən şəxslər toplusunu , o şəxslərdən ibarət virtul insan, virtual toplumu müşahidə edirik”.

Kulturoloq bunun çox təhlükəli tendensiya olduğunu hesab edir:

“İnsafən, dövlət həm internet, həm kütləvi informasiya vasitələri, həm də sosial şəbəkələrdə ən azı bir və bir neçə məsələni çıxmaq şərti ilə kifayət qədər böyük azadlıqlar verib ki, fərdlər özlərinin bliklərini artırsınlar, bacarıqlarını inkişaf etdirsinlər, maariflənsinlər, virtual təhsilə önəm versinlər. Amma bu sadaladığım çəhətləri özündə ehtiva edən resursların olmaması, həm də insanların yüngül həyat tərzinə, tez-bazar pul qazanmaq eşqinə meyil göstərməsi ona gətirib çıxardı ki, sosial şəbəkələrimiz kütləvi qaragüruhun əlindədir. İnsanların böyük hissəsi, həm “TikTok”, həm “Facebook”, həm “Instagram”, həm də “Twitter” və digər sosial şəbəkələrə aiddir. Bu platformaları onlar yalnız tanışlıq, hansısa hisslərini büruzə vermək, intim təlabatlarını ödəmək üçün bir məkan hesab edirlər. Bəziləri buranı alverxanalara çevirib, bəziləri başqalarını tora salıb asan yolla pul qazanmaq, digərləri internet üzərindən qumar oynamaq, bir hissəsi isə biznes qurmaq üçün istifadə edir. Amma ümumən götürdükdə, sosial şəbəkələri həm keyfiyyət, həm də kəmiyyət baxımından analiz etdikdə görürük ki, Azərbaycan cəmiyyəti bir çox çəhətərdən uduzur”.

Aydın Xan Əbilov əlavə edib ki, Avropanın aparıcı dövlətləri sosial şəbəkələr və internetin imkanlarından maksimum yararlanaraq öz vətəndaşlarını hər hansı təbii və texnogenik hadisələr zamanı xəbardarlıq etmək, bir-birinə dəstək olmaq, sözün həqiqi mənasında virtual və real həyatın sosiallaşdırılması üçün alternativ təhsili inkişaf etdirmək, virtual iniversitetlər və təhsil platformaları qurmaq, internet üzərində onlayın şəbəkə bisnesini formalaşdırmaq, yeni iş yerləri yaratmaq, ofis işlərini məsafədən idarə etmək üçün istifadə etdiyi halda Azərbaycanda bu imkanlar əsasən tanışlığa xidmət edir:

“Sosial şəbəkələrdən qoca kişilər yaşlı-cavan qadınları yoldan çıxartmaq, cinsi azlıqların nümayəndələri bədənlərini satmaq, bir çox gənclər isə müğənni olub tezliklə pul qazanmaq üçün istifadə edirlər. Dövlət bu günə kimi müəyyən azadlıq verdi. Düşünürəm ki, həm ictimai qınaq, həm ictimai platformanı ictimailləşdirmək, sosiallaşdırmaq, intelektuallaşdırmaq üçün güman ki, müəyyən addımlar atılmalıdır. Sosial şəbəkələr bütün dünyada olduğu kimi yaş kateqoriyasına əhəmiyyət vermir, məsələn, günün günorta vaxtı istəlinən uşaq rahatca pornoqrafiya saytlarına daxil ola bilir. Bu onların mənəviyyatını, əxlaqını, dünyagörüşünü pozulması ilə yanaşı, həm də onların bir vətəndaş kimi böyüməsinə təsir göstərə bilər. Fikirləşirəm ki, sosial şəbəkələr və internet seqmentinin artıq yaşlar, cinslər, eyni zamanda dünyagörüşlər üzrə təsnifatlandırılıb və ona uyğun inkişafına zəmin yaratmaq lazımdır. Dəfələrlə demişik ki, internet və sosail şəbəkələrin inkişafı ilə bağlı aparıcı dünya ölkələri, beyin mərkəzləri milyonlarla pullar xərcləyir. Təəssüflər olsun ki, bu, Azərbaycanda yoxdur. İnternetin, sosial şəbəkələrin intelektuallaşdırılması və gələcəyin arxivinə çevrilməsində həm dövlət, həm də cəmiyyət maraqlı olmalıdır. Bizim cəmiyyət isə həbs olunan uşaq kimidir. Uşağın necə formalaşması bizim gələcəyimizin inkişafına təkan verə bilər”.

Bahar Rüstəmli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir