Azərbaycandakı Qələbə seçkiləri: Qərbin əlaltılarına seçki ilə bağlı nə tapşırılıb?

Qərbin bəlli dairələrinin, təşkilatlarının iküzlülüyü, riyakarlığı, Azərbaycana qarşı qərəzli münasibəti yeni hadisə deyil. İllərdir, istər Qarabağ, istərsə insan haqları, demokratiya və s. məsələlərdə Qərbin Azərbaycana yanaşması ifrat ikilii standartlar çərçivəsindən zərrə qədər olsun kənara çıxmayıb. Edilən etirazlara rəğmən, Qərbin daşlaşmış riyakar simasında hər hansı dəyişiklik baş verməyib.

Əksinə, görünən odur ki, Azərbaycanı qaralamaq, ləkələmək kampaniyası son illər daha geniş vüsət alıb. Bu isə səbəbsiz deyil. Qarabağın işğaldan azad olunması və Azərbaycanın güclənməsi erməni ağzı ilə danışan Qərb təşkilatlarını ölkəmizə qarşı daha da aqressivləşdirib. Bu yaxınlarda Azərbaycan nümayəndə heyətinə qarşı AŞPA-da qəbul olunan qərar bunun daha bir bariz nümunəsi idi. Bütövlükdə Qərbin əsas hədəfi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini bütün mümkün vasitələrlə gözdən salmaq, demokratiya pərdəsinə bürünərək ölkəmizə qarşı təzyiqlər etməkdir. Öz ölkəsinə yanaşmada ermənipərəst dairələrlə oxşar mövqe sərgiləyən daxildəki ənənəvi xain çevrələrin, şəxslərin düyməsi buna görə basılıb.

Söhbət o adamlardan gedir ki, Qərbdən tapşırıq alaraq öz ölkəsini ləkələmək məsələsində əməlli püxtələşiblər və mövcudluqları, bütün fəaliyyətləri elə bunun üzərində qurulub. Hər seçkidə və digər başqa taleyüklü məsələlərdə bu şəxslər həmişə ortaya düşür, Qərbin tapşırıqlarına əsasən ölkənin əleyhinə kampaniyada can-başla iştirak edir və ictimai rəyi çaşdırmaq üçün aldıqları tezisləri dövriyyəyə buraxırlar.

Bu seçkilərdə də eyni simalar-Anar Məmmədli, Xədicə İsmayıl və başqa Qərbə satılmışlar kateqoriyasından olanlar hərəkətə gətirilib.

Anar Məmmədli və onunla bir cərgədə olanlara nə tapşırılıb? Seçkiləri ləkələmək, müsbət addımları görməzdən gəlmək, öyrədilmiş adamlardan yararlanmaqla hansısa pozuntuların, insanların seçkilərə gəlməməsi ilə bağlı rəy yaratmaq və bununla əlaqədar quraşdırılmış videolar yaymaq. Tanış ssenaridir. Bu o ssenaridir ki, hər seçkidə bundan istifadə olunub. Məlumatlara görə, bu seçkidə də ayrı-ayrı qruplar bunun üçün hazırlanıb və təxribatlar üçün təlimatlandırılıb. Anar Məmmədli və Xədicə İsmayılın ayrı-ayrılıqda verilən tapşırığın öhdəsindən nəzərdə tutulan formada gələ bilməməsi, buna görə də öz səylərini birləşdirmək üçün bir araya gəlmələri istiqamətində tapşırıq aldıqları yayılan məlumatlar sırasındadır. Təxribat qruplarında isə “Azadlıq” qəzeti və “Azadlıq” radiosunun, o cümlədən “Toplum TV”nin əməkdaşları yer alıb.

Anar Məmmədlinin, Xədicə İsmayılın birgə və ya ayrı hərəkət etməsi önəmli deyil. Önəmli olan bu şəxslərin eyni yerdən-Qərb dairələrindən seçki günü müxtəlif məntəqələrin işini pozacaq təxribatlar törətmək, məntəqələrdə səs-küy salmaq, bilərəkdən gərginlik yaratmaq və xüsusi videogörüntülər paylaşmaq tapşırığını almasıdır.

Qərbin Azərbaycana qarşı istifadə etdiyi SMDTM təqribən 20 ildən çoxdur ki, bu işlə məşğuldur. Mərkəzin rəhbəri Anar Məmmədli bütün seçkilərin (prezident, parlament, bələdiyyə) qeyri-demokratik mühitdə keçirilməsi barədə eyni qərəzli hesabatlara müəlliflik edib, həmin hesabatları qrant aldığı dairələrin istəklərinə uyğun tərtib edərək beynəlxalq təşkilatlara ötürüb. Bu hesabatlarda Azərbaycanla bağlı müsbət nəsə tapmaq mümkün deyil.

Anar Məmmədlinin 2013-cü ildə keçirilən prezident seçkilərini nüfuzdan salmaq məqsədilə ABŞ-nin Milli Demokratiya İnstitutundan 276 min ABŞ dolları qrant alması, qeyri-qanuni fəaliyyətə görə hüquqi məsuliyyətə cəlb olunması da yaddaşlardan silinməyib.

İllərdir, SMDTM-yə dəstək verən təşkilatların adları, əslində başqa şərhə yer qoymur. Bunlar ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Milli Demokratiya İnstitutu (NDİ), Demokratiyaya Milli Dəstək fondu (NED), “German Marşal” fondu, “Freedom House”, Çexiyanın “Prague Civil Society Center” təşkilatıdır. Hansılar ki, Azərbaycana həmişə qara eynəklə baxıblar və baxmaqda davam edirlər…

Növbədənkənar prezident seçkiləri ilə bağlı Məmmədli və başqalarının pozuçu fəaliyyətinin hüquqi baxımdan araşdırılması başqa söhbətin mövzusudur. Fakt budur ki, bu dəfə də Qərbin seçkiləri gözdən salmaq üçün xüsusi planı olub və bu adamlar o planın əsas icraçılarıdır. Fəqət, ayrılan vəsaiti mənimsəyənlər adekvat fəaliyyəti istənilən səviyyədə ortaya qoya bilməyiblər. Səbəblər isə göz önündədir. Artıq cəmiyyət SMDTM rəhbəri Anar Məmmədli kimi adamların hansı məqsədlər üçün bəslənildiyini yaxşı bilir. Qarabağın azad olunmasından sonra maskası tam düşən, əsl simasını bütün çılpaqlığı ilə ortaya qoyan Qərbin, onun əlaltılarının Azərbaycana qarşı ədalətsiz, ikiüzlü, qərəzli siyasətini xalqın ən sadə nümayəndəsi belə görür, anlayır.

Bunun nəticəsidir ki, Qərbin irəli sürdüyü qərəzli tezislərin daxildəki icraçılarının iddiaları az da olsa, dəstək qazanmır.

Planlaşdırılan təxribatlarla yanaşı, növbədənkənar prezident seçkilərinə kölgə salmaq üçün irəli sürülən tezislərdən biri guya xalqın seçkiləri boykot çağırışına qoşulacağı ilə bağlı idi. Amma seçki gününün ilk saatlarında nümayiş olunan yüksək fəallıq bu iddianı tam alt-üst etdi.

Daima dövriyyədə saxlanılan digər iddia isə odur ki, real müxalifət seçkilərə qoşulmayıb. Birincisi, kimdir real müxalifət? Bu hansı meyarla ölçülür? İkincisi, seçkiyə qoşulmayan bir neçə partiya real müxalifət olduğu üçün deyil, elə reallığı yaxşı gördüyü üçün seçkidə iştirakdan imtina edib. Onlar bu seçkinin əsl favoritinin, Qalib xalqın Qalib Liderinin kim olduğunu yaxşı bilir. Bu danılmaz reallıq diqtə edib ki, Əli Kərimlisi və ya bir başqası biabırçı məğlubiyyətdən sığortalanmaq üçün seçkidə iştirakdan uzaq dursun. Buna başqa don geydirməyin adı yoxdur. Gününü sosial şəbəkədə keçirən, aldığı “laykları” sayan bu şəxslərə xalq arasında etimadın sıfır həddinə düşməsi günümüzün reallığıdır.

Artıq birmənalı demək olar ki, növbəti dəfə Qərbin seçkiləri gözdən salmaq planları, seçki günü təxribatların hazırlanması cəhdləri puça çıxdı. Bu planlar Azərbaycan xalqının iradəsi qarşısında iflasa məhkumdur. Xalq 44 günlük Vətən müharibəsində bir yumruq kimi birləşməyin nadir nümunəsini bütün dünyaya sərgiləmişdi. Bu dəfə isə bunu prezident seçkilərinin ilk saatlarından nümayiş etdirməkdədir. Bu gücün qarşısında heç bir xarici və ona satılan qüvvələr dayana bilməz…

Elman Babayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir