YYSİB sədri Aydın Xan Əbilov: “Onlar dünyadan köçsələr də, yaradıcılıqları, bu ölkə, xalq üçün etdiklər əbədi qalacaq”

“İllər gəlir… Ancaq yazıçı Nazim Hikmətin də dediyi kimi, bu illər həm də ağaclarımızdan yarpaqları qoparıb aparır. Əgər biz xalqımızı böyük bir ağaca oxşatsaq onun yarpaqları sözsüz ki, bu xalq üçün öz intellektini, əməlini, yaradıcılığını, həyatını sərf etmiş insanlardı. Bu ilin ilk ayı da mədəniyyət aləmində itkisiz ötüşmədi. Əməkdar incəsənt xadimlərini, qarmon ifaşısı Gülbahar xanımla Əməkdar artist, özünəməxsus ifa tərzi ilə seçilən və sevilən Aygün Bəyləri son mənzilə yola saldıq”.

Bu fikirləri Bugun.tv-yə müsahibəsində mədəniyyətşünas Aydın xan Əbilov deyib. Onun sözlərinə görə, 2023-cü ildə də çox dəyərli insanlarımız, ziyalılarımız  dünyasını dəyişdi. Bütün bunlar, ümumilikdə ölkəmizin istər elm, istərsə də incəsənət aləminə ağır zərbədir.

“Prezident tərəfindən də daim qiymətləndirilən Xoşbəxt Yusifzadədən tutmuş,  yadda qalan kreativ yaradıcılığı ilə Azərbaycan televiziya və mədəniyyətinə böyük töhfələr verən Oqtay Əliyevə qədər dəyərli şəxsləri itirdik. Elə insanlar var,  yaşına, xəstəliyinə görə, elələri də var ki, avtomobil qəzaları nəticəsində dünyasını dəyişir. İstənilən halda tökülən bu yarpaqlar, həyatlarına son qoyulan bu insanlar milli dəyərlərimizdir. Çünki, cənab Prezident İlham Əliyevin də dediyi kimi, “Azərbaycanın sərvəti onun insanlarıdır”. Azərbaycan Respublikası son 30 ildə nə edibsə bu insanlar üçün edib. Hətta bizim Qarabağda apardığımız smart müharibə belə… Bilirsiniz ki, çox bahalı savaş idi. Orada onlarla, yüzlərlə dronları məhv etdik. Düzdü, şəhidlərimiz də oldu, qazilərimiz də… Allahdan ölən igidlərimizə rəhmət, qalanlara can sağlığı diləyirəm. Ancaq həyat davam edir. Bu həmişə belə olub. Nəsillər dəyişir. Kimlərsə dünyadan köçür. Necə ki, bir toxum torpağa düşəndə ondan çoxlu buğda, yaxud ağacda meyvə yetişir, bu dəyərli insanlar da  istər şəhidlərimiz, qəhrəmanlarımız olsun, istərsə də mədəniyyət, elm və siyasi-ictimai sferada olan insanlarımız olsun… Onlar Azərbaycanın torpağına bir toxum kimi düşürlər. Son mənzilləri isə o biri dünya olur. Ancaq onların yaradıcılığı, bu ölkə, millət, xalq üçün etdiklər qalır. Biz isə zamanla onların yetişdirdikləri həmin meyvələrdən yararlanırıq, faydalanırıq”, – A. Əbilov vurğulayıb.

Azərbaycan öz dəyərli övladları, vətən üçün canından keçən babəkləri və öz yaradıcılığını bu vətən üçün sərf edən nizamiləri, füzuliləriylə qürur duyub, fəxr edib. İmperiyalar olub, tarixlər, dövrlər dəyişib. Amma xalqımız hər zaman yaşayıb, yaradıb.

“Bəli, ötən il çoxları taleyini yaşayıb, bitirib, dünyasını dəyişdilər. Bu insanlar sanki ölümləri ilə də həyatımızda bir ulduza çevrildilər. İllər keçəcək, biz də dünyamızı dəyişəcəyik. Hər kəs düşünməlidir ki, insan dünyasini dəyişdikdən sonra nəsə, yadda qalan hadisə, yaradıcılığı, yazdığı kitabları, çəkdiyi rəsmləri, oxuduğu ifaları, bir sözlə, sənət nümunəsi ilə yadda qalsın. Tarixə yazılsın. Əgər insan bu həyata gəlib, digər məxluqlar kimi yeyib-içir, ailə qurur, kimlərisə dünyaya gətirirsə, hansı ki, onların sayı milyonlarladı, bunlar heç vaxt yadda qalmır. Amma Səməd Vurğun, Nizami Gəncəvi, Heydər Əliyev kimi şəxsiyyətlərlər gördükləri işlərlə Azərbaycan tarixinə qızıl hərflərlə yazılırlar. Belə insanlar xalq üçün örnəkdirlər və hər kəs onlardan nümunə götürməlidir”, – deyə, Aydın Xan Əbilov dünayasını dəyişən ziyalılara, incəsənət adamlarına Allahdan rəhmət, digərlərinə isə görkəmli şəxsiyyət olaraq tarixdə qalmağı arzulayıb.

İntizar Əmirova,

https://bugun.tv/aydin-xan-ebilov-onlar-dunyadan-kocs%c9%99l%c9%99r-d%c9%99-yaradiciliqlari-bu-olk%c9%99-xalq-ucun-etdikl%c9%99r-%c9%99b%c9%99di-qalacaq/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir