“Uşağınızı sığallayan, öpən qohumunuzdan şübhələnin…” – YYSİB və VCA sədri Aydın Xan Əbilov

“İndiki dövrdə heç kimə inanmaq, uşaqlarını əmanət etmək olmaz. Ay xalaoğludur, əmioğludur, dayıoğludur, mənim uşağımı çox istəyir sığallayır, öpür, konfet alır, bunlar boş şeylərdir. Əgər belə şeylər görürsünüzsə, şübhələnin! Ən yaxın qohumlarınızdan belə şübhələnmək lazımdır”.

Bu sözləri Yeni Sabah”a Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Yetkinlik yaşına çatmayan övladları olan valideynlərə səslənən kulturoloq onlara son dərəcə diqqətli olmağı tövsiyə edib:

“Son vaxtlar baş verən kriminal hadisələrin böyük əksəriyyətində görürük ki, qohumlar, qonşular arasında bu tip hadisələr olur. Son hadisəyə baxın, anasını sevmək üçün gəlmişdi, amma öz qızlığını zorladı, ananı da bıçaqladı”.

Təcavüzə məruz qalan, yetkinlik yaşına çatmayan qızlardan danışan Aydın Xan bu hallarda bəzi valideynlərin yanlış addım atdığını bildirib:

“Bu tip hadisələri bəzən “ayıbdır”, “camaat nə deyəcək”, “sabah mənim qızımı almayacaqlar” deyib gizlədirlər. Hətta həmin qızcığazı təcavüz edənlə nişanlayırlar, 18 yaşı olanda toy edirlər. 6 aydan sonra da boşayıb göndərirlər dövlətin ixtiyarına ki, dövlət buna baxsın. Sonra da dövlət pis olur, amma həmin valideynlər, təcavüzkarlar əla kişilər kimi gəzirlər. 

Azərbaycan cəmiyyətində nə qədər ki, bu hallara qarşı kəskin ictimai qınaq, cinayət məcəlləsində kəskin maddələr olmayacaq, belə hadisələrin də sayı artacaq. Görün son vaxtlar nə qədər belə hadisə baş verib. Biz belə hallara qarşı, bu halları törədənlərə qarşı mübarizə aparmalıyıq. Azyaşlı uşaqları yoldan çıxaran, istər virtual, istərsə də real həyatda onları aldadıb cinsi təcavüz  edən, psixoloji, mənəvi zərbə vuranlara qarşı çox ağır cəzalar verilməlidir. Hətta həmin şəxslərin ailə üzvləri belə ictimai qınağa məruz qalmalıdır, cəmiyyətdən təcrid olunmalı, toya-yasa çağrılmamalı, bütün münasibətlər rədd edilməlidir ki, belə hallar artmasın. 

Əks halda, görürük ki, bu tip hadisələr artır, cəmiyyət hara gedir, heç kəs ona təminat verə bilmir. Dövlət orqanları lazımi addımları atır, amma biz nə qədər azyaşlılarla cinsi əlaqə, nikah olmaz dedikcə sanki onların sayı daha da artır. Bu baxımdan istəyərdim ki, cəmiyyət bir az ayıq olsun, bu cür hadisələrə öz etirazını, ictimai təpkisini bildirsin və bu tip hadisələr yaşanmasın”.

Əsmətxanım Rzazadə 

https://yenisabah.az/usaginizi-sigallayan-open-qohumunuzdan-subhelenin-birlik-sedri


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir