Çimərliklərdə təhlükəsizlik necə təmin olunur? Analiz: peşəkar rəyi və YYSİB sədri Aydın Xan Əbilovun ekspert mövqeyi
Yay mövsümünün gəlməsi ilə insanların çimərliklərə axını artıb. Bu da çimərliklərin təhlükəsizliyi ilə bağlı narahatlıqların artmasına səbəb olub. Bəs çimərliklərdə təhlükəsizlik necə təmin olunur?
Hansı tədbirlər görülür? SİA mövzu ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili və yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilovun fikirlərini öyrənib.
Çimərliklərin təhlükəsizliyi ilə bağlı görülən tədbirlər barədə FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili: “Çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq xidmət tərəfindən artıq aprel ayından etibarən sahilboyu ərazilərdə yerli icra nümayəndələrinin iştirakı ilə monitorinqlər keçirilir.
Monitorinqlərin keçirilməsində əsas məqsəd çimərlik üçün nəzarətsiz, təhlükəli ərazilərin müəyyən edilməsi, o cümlədən, çimərlik operatorlarına təhlükəsizlik qaydaları barədə bildirişlərin təqdim edilməsidir. Məhz monitorinqlərin nəticəsi olaraq icra hakimiyyətlərində aidiyyəti dövlət qurumlarının iştirakı ilə müşavirələr keçirilir və bu müşavirələr zamanı monitorinqdə aşkar olunmuş nöqsanlar və çatışmazlıqların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilir. Bundan sonra xidmətin nəzarət etdiyi çimərliklərdə, o cümlədən, İDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış Bakı şəhərinin Qaradağ, Səbail, Xəzər, Sabunçu və Binəqədi rayonlarında yaradılmış 6 ictimai çimərlikdə dalğıclar vasitəsilə sualtı müayinələr aparılıb, sualtı təmizləmə işləri görülüb. Dənizdə üzmə sərhədlərini müəyyən edən nişanlar quraşdırılıb. Vətəndaşlara bu nişanlara qədər üzmə icazəsi verilir və bu nişanlar 1 metr 75 santimetr dərinliyində quraşdırılır.
Çimərlik ərazisində xilasetmə texnikaları və vasitələrinin hərəkəti üçün xüsusi zolaqlar ayrılıb, xidmətin balansında olan xilasetmə texnika və vasitələri işlək vəziyyətə gətirilib. Bundan başqa, çimərlik ərazilərində insanların təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi üçün məlumatverici nişanlar quraşdırılıb və xidmət iyun ayının 15-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Məhz bu fəaliyyətin nəticəsində çimərlik mövsümünün iyunun 15-dən başlama tarixindən bu günə qədər 31 suda boğulma təhlükəsi ilə üzləşən şəxslər xilas olunub və bizim nəzarət etdiyimiz ərazilərdə ölümlə nəticələnən hadisələr qeydə alınmayıb”.
Bəs insanların təhlükəsizliyi üçün işçi heyəti, xilasedicilər necə seçilir? Hansı qurğular quraşdırılır?
Aqşin Əlili qeyd edib ki, daimi işçilərdən əlavə artıq 15 iyundan etibarən 50 nəfər xilasedici də mövsümi olaraq xidmət aparırlar: “Son günlər çimərliklərdən istifadə edən vətəndaşların sayında da artım müşahidə olunur. Məhz biz təhlükəsiz xidmətinin təşkilinin, o cümlədən, insanların sularda təhlükəsizliyinin daha səmərəli təşkili üçün əlavə olaraq matros xilasedici vəzifələrinə müsabiqə elan etmişik. Bizim daimi işçilərdən əlavə artıq 15 iyundan etibarən 50 nəfər xilasedici də mövsümi olaraq bizdə xidmət aparırlar”.
O, həmçinin, vətəndaşlara müraciət edib ki, çimərlik seçərkən diqqətli olsunlar: “Əgər hər hansı bir çimərlikdə xilasedicilər, xilasetmə texnikaları və vasitələri yoxdursa, bu həmin ərazilərdə təhlükəsizlik tədbirlərinin görülmədiyini və bu kimi yerlərdən istifadənin təhlükəli olduğunu bildirir. Təhlükəsiz istirahət üçün hava şəraiti də olduqca önəmlidir. Yadda saxlamaq lazımdır ki, qanunvericiliyin tələbinə uyğun olaraq küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda çimərliklərdən istifadə təhlükəlidir və qadağandır. Nəzarət olunan çimərliklərdə bunlar qadağandır:
Üzmə sərhədlərini göstərən nişanları dənizə doğru ötüb keçmək;
suda kobud hərəkətlər etmək;
spirtli içki qəbul edərək dənizə girmək;
çimərlik ərazisinə su nəqliyyatı vasitəsilə daxil olmaq.
Yadda saxlamaq lazımdır ki, 13 yaşına qədər uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməli, ərazidə quraşdırılmış maarifləndirici lövhələrin və xilasedicilərin tələblərinə sözsüz əməl olunmalıdır. Çimərliklərdən təhlükəsiz istirahət səhər saat 9-dan axşam saat 8-dəkdir. Vətəndaşlara, xüsusən valideynlərə müraciət edirik ki, uşaqları nəzarətsiz qoymasınlar. Çünki son zaman bəzi bölgələrimizdə bədbəxt hadisələr baş verir, uşaqlar su kanallarından, çaylardan, süni göllərdən istifadə edirlər, nəticəsi isə suda boğulma hallarına gəlib çıxır. Bu kimi su hövzələri isə çimərlik məqsədləri üçün nəzərdə tutulmayıb. Həmin suvarma kanallarının inşasında dəmir betonlardan istifadə olunur, relyeflərində şürüşkənlik olur. Süni göllərdə bataqlıqlaşma halları qeydə alınır ki, vətəndaşlar bu kimi ərazilərdən istifadə edəndə təhlükə ilə üz-üzə qalırlar. Bir daha qeyd edirik ki, valideynlər diqqətli olsunlar, uşaqları nəzarətsiz buraxmasınlar”.
Çimərlik mövsümündə təhlükəsizlik tədbirləri görülsə də, qurumlar gücləndirilmiş iş rejiminə keçsə də, həmişə qoyulan qaydalara əməl etməyən vətəndaşlar da olur”.
İnsanların çimərliklərdə təhlükəsizlik qaydalarına əməl etməməsinin səbəbi nədir?
Yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov: “Artıq ənənəvi problemlərlə yanaşı, yeni, qlobal problemlər də ortaya çıxır. Bu da çimərlikdə təhlükəsizliklə bağlı çox ciddi addımlar atmağı tələb edir. Bu il yay sərin keçib yağış yağsa da, qlobal istiləşmənin çoxalması, hərarətin artması ilə müəyyən zərərli şüalar və dəri problemlərinə görə əvvəl saat 12-dən 4-ə qədər çimərliyə gedilməməsi məsləhət görülürdüsə, indi artıq səhər saat 9-dan 11-ə qədər və saat 5-dən 8-ə qədər çimərliyə gedilməsi tövsiyyə olunur. Digər problem kimi isə Xəzər dənizi və çimərlik kimi istifadə edilən Kür çayı, Mingəçevir su anbarı kimi su hövzələrində də qlobal istiləşmə nəticəsində su buxarlanması, çaylarda az sululuğun yaranması, yağışların azalması, suyun çəkilməsi və ənənəvi çimərlik yerlərinin əvəzinə daşlı, palçıqlı bataqlıq yerlərin yaranmasını göstərə bilərik. Bu problemlərə qlobal xəstəlikləri və epidemiyaları da əlavə edə bilərik. Qidalarla bağlı eyni zamanda, koronavirus kimi virusların suların infeksiya və bioloji çirklənməsi ilə əlaqədar problemlər yaşayırıq. Bu, qlobal şəkildə baş versə də, Azərbaycanda da vardır. Lokal mənada həm təhlükəsizlik baxımından, həm də ətraf mühitin korlanması baxımından Azərbaycan insanında ümumiyyətlə, çimərlik mədəniyyəti hələ də lazımi səviyyədə formalaşmayıb. Yediklərini yerə atmaq, qumdan vəhşicəsinə istifadə etmək, dəniz suyunun çirklənməsi, paltarlarını harada gəldi soyunmaq, özünü başqalarına göstərmək üçün uzaq yerlərə və qadağan edilmiş sularda üzmək kimi problemlərlə yanaşı, eyni zamanda, digər məsələlər də var.
Bütövlükdə Xəzər dənizi və digər çimərlik zonası sayılan yerlərin təhlükəsizlik xidməti, sulardan xilasetmə xidməti və bu kimi dövlət, özəl qurumlarla əhatə olunmaması eyni zamanda insanlarımızın həm çimərlik mövsümündə, həm də ümumiyyətlə normal əylənə bilməsi üçün bir-birinə problem yaratmasını biz göstərə bilərik. Hər kəs istəyir ki, əyləncənin ən yaxşısı ona düşsün, nə cür istəyirlər, başqalarına mane olacaq şəkildə, heç bir təhlükəsizlik qaydalarına əməl etməyərək əylənməyə çalışırlar. Bu da digər insanlar üçün problemlər yaradır, çimərlikdə xidmət göstərən qurumların işinə əngəllər törədir. Bu zaman uşaqlar, məsələn su hovuzuna düşüb əzilirlər, boğulurlar və bunun kimi digər problemlər yaranır”.
A.X. Əbilov əlavə edib ki, bütün bu problemlərə kompleks halında yanaşmaq lazımdır: “Düşünürəm ki, bununla əlaqədar maariflənməyə ehtiyac var, insanlarımız bir çox tövsiyyə edilən və dünyanın hər yerində təklif olunan təhlükəsizlik qaydalarına riayyət etməyə çalışmalıdır. Onlar bir-birinə mane olmadan, problem yaratmadan bir çox məsələlərlə yanaşı, təhlükəsizliyə də önəm verməlidirlər. Düşünürəm ki, çimərliklərdə həm təhlükəsizlik, həm də təmizliklə bağlı inzibati xətalar məcəlləsində müəyyən dəyişikliklər olmalıdır. Bu dəyişikliklər insanların çimərliklərdən normal, təhlükəsiz istifadə etməsi ilə əlaqədar cəriməələrdən tutmuş müəyyən normativ aktların sərtləşdirilməsi və qəbul edilməsinə qədər kompleks halda baxılmalıdır. Eyni zamanda, maarifçilik məsələsinə də önəm verilməlidir. Çünki insanlar müəyyən məlumata sahib olmayanda, maarifçilik, təbliğ xarakterli materiallarla tanış olmayanda böyük problemlər yaşayırlar. Bu baxımdan təklif edərdim ki, bunlar paralel aparılsın və çimərliklər, əyləncə yerlərində təhlükəsizlik qayda-qanunları yaşa görə müəyyənləşdirilsin. Məsələn, gənclər, uşaqlar, yaşlı nəslin nümayəndələri, ailə yerləri üçün ayrı çimərlik yerləri və zonaları müəyyənləşdirilsin ki, insanlar çimərliklərdən rahat istifadə edə bilsinlər”.
Aysel Naibova,https://sia.az/az/news/social/1070720.html