Aydın Xan Əbilov “ərin yoxdu deyə zobun çıxıb” deyən Elgizi dəstəklədi: “Xəstəliyin səbəbi qadınların özləridir…”

Tanınmış aparıcı Elgiz Əkbər verilişinə zob problemi ilə bağlı müraciət edən xanıma “ərin yoxdur, ona görə zobun çıxıb, gəl səni ərə verim” deməsi tənqidlə qarşılanıb. Bildirilir ki, Azərbaycan televizya kanallarında sosial məzmunlu verilişlər inkişaf etmiş ölkələrdə yayımlanan eyni məzmunlu verilişlərlə müqayisədə çox aşağı səviyyədədir, aparıcılar danışıqlarını bilmir, küçə ifadələrinə, təhqirə yol verir, bununla da şou yaradıb reytinq qazanırlar…

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən yazıçı-kulturoloq Aydın Xan Əbilov isə deyib ki, Azərbaycan telekanallarında müxtəlif səviyyədə, formatda, janrlarda verilişlər hazırlanır.

O, təəssüflə bildirib ki, tamaşaçılar intellektual, estetik, mədəniyyətlə, elmlə, tarixlə, ciddi analitik təhlillərlə bağlı verilişlərə, demək olar, baxmırlar: “Belə verilişlərə az sayda – əhalinin beş faizi baxır, o da yarımçıq… Ümumiyyətlə, dünyada ənənəvi telekanalların verilişlərinə baxanların sayı aşağı düşür. Televiziyalar da məcbur olub ya verilişin onlayn, yaxud da “Youtube” üçün qısaldılmış versiyasını hazırlayır, yerləşdirirlər ki, insanlar baxa bilsinlər. İstər tanınmış aparıcı Elgiz Əkbər, istər digər kanallarda çalışan aparıcılar məcburdurlar ki, xalqın sadə dili ilə danışsınlar. AzTV kimi dövlət televiziyasının yüksək ədəbi dil normalarına uyğun verilişləri, təəssüf ki, xalq tərəfindən o qədər də anlaşılmır, ya da qəbul edilmir. Amma xalqın dilinə enən kanallarda, verilişlərdə bunun əksini görürük. Əksinə, xalq belə kanallara daha çox meyil göstərir. Onsuz da, bütün dünya telekanllarında da belədir. Rusiya kanallarına baxın, az qala “ana” söyüşündən tutmuş, kənd ləhçəsinə qədər hər kəs necə bilirsə, elə danışır. Türkiyə kanallarının səviyyəsi heç də bizimkilərdən yüksək deyil. Bu baxımdan, Elgiz bəyin yumoristik, şən əhval-ruhiyyəli verilişini bir qədər normal qəbul etmək lazımdır. Çünki verilişə gələn qonaqlar hər halda alimlər, intellektuallar deyil, problemli, xəstə, evliliklə bağlı müraciət edən insanlardır. Bu insanlara da Elgiz bəy onların öz dilləri ilə müraciət edir, könüllərini almağa, hansısa problemləri ilə bağlı kömək etməyə çalışır. Əslində, bu sosial platformaları dəstəkləməli, alqışlamalıyıq. Belə verilişlərin dəvətlərini imkan daxilində qəbul edir, tez-tez iştirak edirəm. Düzdür, mənim nitqim, stilim, üslubum Elgiz bəyinkindən fərqlənir. Çünki o, aparıcıdır, hər kəslə öz dili danışır. Yəni bəzən canlı yayımlarda problemlər olur, tamaşaçıların, istər aparıcıların, qonaqların dilindən nəsə çıxa bilir. Bununla əlaqədar real montaj texnologiyası var. Amma bəzən rejissorların, yaxud redaktorların gözündən qaçan müəyyən epizodlar ola bilir. Bunu normal qarşılamaq lazımdır. Çünki televiziya həyatımızın güzgüsüdür, ondan qorxmaq lazım deyil. Bu ayna həyatda nə problemlər varsa, insanlar necə danışırlarsa, elə göstərilməlidir. Televiziya Sovet dövründə olduğu kimi rəsmi, ciddi bir üslubdan istifadə etsə, Azərbaycan tamaşaçısı on-iyirmi il bundan əvvəlki kimi milli efirlərimizdən qaçacaq, türk, rus, ingilis, farsdilli məkanlara üz tutacaq. Razılaşaq ki, nə qədər səviyyəsini tənqid etsək də, Azərbaycan kanallarının son illərdəki inkişaf yolu milli tamaşaçının Azərbaycan efirinə qayıtmasında çox böyük rolu olub. Hər şeyi tənqid etmək, nəyisə vurub-yıxmaq, dağıtmaq olar, amma onu yaratmaq, inkişaf etdirmək çətindir. Məncə, Azərbaycan televiziyası inkişaf dövrünü yaşayır. Xüsusilə, tamaşaçıların sevə-sevə baxdıqları, hörmət etdikləri tanınmış, ictimai düşüncəyə – söhbət kütləvi ictimai şüurdan gedir – təsir edən aparıcılarla bağlı hansısa kiçik problemdən, faktdan yapışıb nəyisə tənqid etmək düzgün deyil”.

A.Əbilovun sözlərinə görə, Azərbaycan tamaşaçısının böyük hissəsi əsasən evdar qadınlar, ya da çayxanalar, kafe, restoranlar, emalatxanalarından tutmuş bəzi oturaq iş yerlərində özləri üçün televizor qoyub, müəyyən verilişlərə baxanlardır: “Bu verilişlərin də reytinqlə bağlı olaraq əsas gəliri reklamlardır. Reytinqli verilişlər reklam qazanırlar, reklam da “pul” deməkdir, pul isə verilişlərin rəngarəngliyinin inkişaf etdirilməsi, qonaqlar və ekspertlərin ciddiliyi, musiqi tərtibatı, efir vaxtı və s. deməkdir. Təəssüf ki, Azərbaycanda reklam bazarı çox məhduddur. Bir qisimi yalnız telekanallara reklamlar verib. Reklamçılar isə tələb edirlər ki, verilişə kütləvi baxış olsun. Kütləvi baxış isə kütləvi zövq, düşüncə tərzi, kütlənin, dili, qəbul etdiyi sadəliklə nəyisə çatdırmaq deməkdir…”

O, Elgiz Əkbərin “ərin yoxdur, ona görə zobun çıxıb” ifadəsinə qarşı çıxan xanımlara isə belə cavab verib: “Xanımlarımız başları çıxdı-çıxmadı, onsuz da hər şeyə etiraz edirlər. Zob, nevroz, son zamanlar yayılan xərçəng xəstəliyi, bundan əvvəl COVİD-19 – bütün bunlar nə cinsə, nə insanın dilinə, varlı-kasıb olmasına fikir vermir. Bu xəstəliklər insanın müxtəlif əzalarında ola bilər. Necə ki qadınlara aid xəstəlik var, bu, kişilərdə ola bilmir. Amma özünü kişilərdə prostatda göstərə bilir. Bu kimi xəstəliklər artır və artıqca onlar haqqında maarifləndirmə aparmaq həm də televiziyanın işidir. Sevinmək lazımdır ki, zob xəstəliyi, yaxud digər xəstəliklər haqqında aparıcılar və dəvət edilən həkimlər tamaşaçılara kütləvi şəkildə məlumatlar ötürürlər. Pandemiya dövründə biz məlumatlandırma aparmasaydıq, vəziyyət nə günə qalardı? Bütün internet, televiziya kanalları, tanımış adamlar, ictimai fəallar xəstəliklə, tiblə bağlı məlumatları ötürürdülər. Və bu məlumatların çoxu əhaliyə kömək etdi – pandemiya sürətlə yayılmadı, kritik hadisələr baş vermədi… Azərbaycanda bir çox xəstəliklər var ki, bunlar sırf oturaq həyat tərzi ilə bağlıdır. Eyni zamanda sosiallaşmamaq, çölə çıxmamaq, hərəkət etməmək, son illərin hərəkətsizliyi, pandemiya qapanmaları, insanlar arasında mənfiliyə meyilliliyin artması, telekanllar və KİV-də, internetdə, sosial şəbəkələrdə mənfi enerji yüklü məlumatlara daha çox meyil göstərmək – bütün bunlar, əlbəttə, qadınlarımıza daha çox təsir edir, zob, digər xəstəliklər kimi ağır bəlalara düçar olmalarına gətirib çıxarır. Qadınlar incə məxluqdurlar. Həkim deyiləm. Bu barədə danışan vətəndaşlar da həkim deyillər. Biz, sadəcə, tibbi maarifləndirmə ilə bağlı oxuduğumuz, tətbiq etdiyimiz məlumatları ötürə bilərik. Zob xəstəliyi ilə bağlı mütəxəssislərin danışması daha düzgündür. Bu, qadınların ən çox rastlaşdıqları xəstəliklərdən biridir. Nəinki zob, sinə xərçəngindən tutmuş ürək-damar sistemindəki problemlərə qədər – qadınlarımız sanki epidemiya şəklində yoluxmağa başlayıblar. Ən böyük səbəblərdən biri isə özləridir. Çünki hər şeyi ürəyinə salmaq, hər şey haqqında düşünmək, yalnız qara – mənfi şeyləri düşünmək adamı istənilən xəstəliyə düçar edə bilər. Anama həmişə qadağan etmişəm ki, problemli, müəyyən ailə-məişət mövzulu verilişlərə baxmasın. Deyirəm ki, ondansa konsertlərə qulaq as, futbol yarışlarına, komediya filmlərinə bax, dünya ilə, sənətlə, təbiətlə bağlı verilişlərə önəm versin. Bu, bütün xanımlarımıza aiddir. Mənfilikləri özünüzə yaxın buraxmayın, əks halda, əlbəttə, xəstələnəcəksiniz…”

Aytəkin Qardaşova

https://pravda.az/news/102941

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir