QHT-nin təşəbbüsü ilə Xəzər dənizinin Lənkəran ərazizindəki sahili zibillərdən təmizləndi

Oktyabr ayının əvvəlindən eko-həftəliyə başlamış “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ekoloji təmiz kənd kampaniyası – təcrübələrin tətbiqi” adlı eko-layihəsi çərçivəsində Xəzər dənizinin Lənkəran rayonu sahillərində, Aşağı Nüdədi və Kənarmeşə kəndin sahilyanı ərazilərində zibillikdən təmizləmə və ictimai eko-aksiya təşkil olunub.

Təşkilatın rəhbəri İradə Həsənovanın rəhbərliyi ilə layihə eksperti və könüllülər, məktəbin yuxarı sinif şagirdləri, müəllimlərin və kəndlərin sakinlərinin iştirak etdiyi aksiya ekoloji-maarifçilik kampaniya kimi həyata keçirilirdi. 2 aylıq ekoloji-sosial layihə Lənkəran rayonunun Aşağı Nüvədi və Kənarmeşə kəndinlərində təmiz, cəlbedici yaşayış mühitinin yaradılması, onların respublikanın başqa bölgələrdəki kənd yerlərində təcrübə kimi tətbiq edilməsinin nəzəri-praktik tərəflərinin hazırlanmasına yönəldilib. Layihə çərçivəsində tam orta məktəbinin həyətlərində ağacəkmə aksiyaları, eləcə də yerli sakinlər, məktəblilər arasında eko-təbliğat kampaniyasıı da təşkil edilib.

Oktyabrın 8-9-da rayonun iki iri dənizkənarı yaşayış massivində – Aşağı Nüvədi və Kənarmeşə kənd tam orta məktəblərində təşkil olunan ağacəkmə aksiyalarında, eləcə də təbliğat xarakterli lokal kampaniyalarda bu təhsil ocaqlarının müəllimləri, şagirdlər, qonaqlarla yanaşı, kənd icmasının nümayəndələri fəal iştirak edib.

İctimai maarifçilik, ekoloji müzakirə formatında təşkil olunan təbliğatxarakterli söhbətlər, ekoloji bilgilərin yeni nəslin təlim və tərbiyəsində xüsusi yerini olması haqqında çağırışlar layihənin əsas hədəflərini geniş əhali kütləsinə çatdırmaq baxımından maraqla qarşılanıb.

Təşkilatın sədri İradə Həsənova çıxışında ekoloji problemlər, ətraf mühitin mühafizəsi, bio-müxtəlifliyin qorunması, təmiz yaşayış məntəqələrinin yaradılmasında ağacların, yaşıllıqların rolu, həmçinin dövrümüzün eko-etik normalara, dəyərlərə çevirməyin vacibliyini çatdırıb. Layihə eksperti Vamiq Babayev, YYSİB sədri Aydın Əbilov, icra nümayəndəliyinin başçısı və başqalarının iştirak etdiyi təmizlik aksiyası zamanı sahilyanı ərazilər zibilliklərdən, plastik və şuşa qablar, sallofan materiallar, digər məişət tullantılarından tam təmizlənib. Yığılan zibillər xüsusi kisələrdə qalaqlanıb və kənd icra nümayəndəliklərinin köməkliyi ilə daşınaraq lazımi yerə təhvil verilib.

Hər iki kəndin sakinləri arasında ətraf mühitin korlanması, məişət tullantılarının yığılmasındakı çətinliklər, zibillərin hər yerə atılması, ağacların kəsilməsi, çayların çirkləndirilməsi və belə kəskin ekoloji durumun insanlara daha çox təsir etməsi günümüzün problemləri haqqında geniş təbliğat xarakterli söhbətlər aparılıb. dir. Bildirildi ki, layihənin ideyası bölgələrdə ətraf mühitin qorunmasına kömək etməkdir.

Layihə icraçıları monitorinq və sakinlər arasında həyata keçirdikləri eko-sorğular davam etdirilib. Sorğunun aparılmasının əsas məqsədi əhalinin təmiz kəndlə bağlı nəyi bəyəndiyi, nəyi isə bəyənmədiyi aşkar etmək, ekoloji problemlərin əsasən nədən ibarət olduğu üzə çıxarmaqdır.

Məlumat verildi ki, kəndlərdə yerli sakinlər, gənclər və məktəblilərlə birlikdə zibillərin təmizlənməsi və ağacların əkilməsi ilə bağlı aksiyalar mütəmadi keçiriləcək. Yerli icra orqanlarına və bələdiyyələrə problemlərin həlli və ekoloji təmiz kəndlərin yaradılması üçün müvafiq tövsiyyələr təqdim edilib, öyrədilən bilik və bacarıqların başqa kəndlərdəki sakinlərə ötürülmüsinə çalışılıb. Eko-araşdırmaların nəticəsi olaraq yerli ekoloji problemlərin müəyyən edilməsi, cəlbedici kənd mühitinin yaradılması üçün tövsiyyələrin hazırlanması, təkliflərlə yerli icmalara və dövlət orqanlarına təqdim edilməsi nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir