“Bir xalçanın ilmələri” adlı antologiya. Aydın Xan Əbilov: “Azərbaycan- müxtəlif mədəniyyətlərin birləşdiyi evimiz…”
Bu antologiyada etnik azlıqların ədəbiyyat nümunələri yer alıb
Azərbaycanda yaşayan mili azlıqların milli-etnik folklorunda zənginlik və özünəməxsusluq tədqiqatçıların hər zaman diqqətini cəlb edib. Belə ki, artıq bu istiqamətdə yerli mütəxəssislərimiz tərəfindən bir sıra tədqiqatlar və araşdırmalar aparılaraq bir sıra kitablar nəşr edilib. Mili azlıqlarla bağlı Yeni Yazarlar və Sənətçilər Qurumu (İctimai Birliyi) Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının (Agentliyin) maliyyələşdirdiyi “Azərbaycan- müxtəlif mədəniyyətlərin birləşdiyi ümumi evimiz” adlı layihənin nəticəsi kimi “Bir xalçanın ilmələri” adlı antologiyanı oxuculara təqdim edib. Bu antologiya haqqında ətraflı məlumat əldə etmək üçün Qurumun sədri Aydın Xanla Əbilov həmsöhbət olduq:
-Bu gün dünyada filosoflar mədəniyyətlərin yarışı, dialoqu və savaşı deyilən anlamlarla insanların qarşısında çıxış edirlər. Bu mənada Azərbaycanda çoxçalarlı mədəniyyətə malik ölkədir. Statistik məlumatlara görə, Şimali Azərbaycanda 60-dan çox etnik qrup yaşayırlar. Bunlar arasında tarixən Azərbaycanda yaşayan etnik azlıqlar da var, eyni zamanda sonradan gəlib buranı ikinci vətən seçən xalqlar da . Bu etnik və dini azlıqların hər birinin Azərbaycan mədəniyyətində öz rolu, öz yeri var. Azərbaycanın qədim incəsənət növü olan xalçaya oxşatsaq, bu etnosların hər birinin Azərbaycan mədəniyyətində və müasir dövrə çıxmasında öz mədəni, ədəbi və düşüncə çalarları, ilmələri var. Azərbaycan mədəniyyəti həm linqvistik, həm də kultroloji baxımdan türk və qədim Azərbaycan mədəniyyəti üzərində qurulub. Amma ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələrinin də bizim ümumi mədəniyyətimizin formalaşmasında öz rolu var.
“Bir xalçanın ilmələri” adlı antologiyada talış, ləzgi, avar, tat, udin, kürd , dağ yəhudilərinin və s. ədəbiyyat, folklor, poeziya nümunələri yer alıb. Onu qeyd edim ki, etnik azlıqların ədəbiyyatı Azərbaycan ədəbiyyatının az tədqiq olunmuş qollarından biri sayılır. Bilirsiniz ki, bizdə dünya ədəbiyyatı tədqiq və tərcümə olunsa da, amma öz etnik qruplarımızın ədəbiyyatı ilə bağlı tədqiqatlara son vaxtlar başlanıb. Sevindirici haldır ki, Təhsil Nazirliyinin xətti ilə bu xalqların ana dilində dərslikləri və əlavə kitablar çap edilib.
– Sözügedən antologiyada ancaq etnolinqvistik azlıqların ədəbi nümunələri yer alıb?
– Bəli. Bildiyimiz kimi, Azərbaycanda əhalinin 90 faizindən çoxunu azərbaycanlılar təşkil edir, amma türkəsillilərlə yanaşı Azərbaycanın digər əhalisinin də tarixən və indinin özündə də çox maraqlı ədəbiyyat nümunələri var. Sayca çoxluq təşkil edən ləzgilərin, talışların, kürdlərin dağ yəhudilərinin tarixən ədəbiyyat nümunələri olub. Ancaq onlar indiyədək tədqiqata cəlb edilməyib. Bu mənada biz Azərbaycan ədəbiyyatının yeni qatları olaraq, bu ədəbiyyat və folklor (istər yazılı və istərsə də şifahi) nümunələrini iki kitabda artıq sistemləşdirməyə çalışmışıq. Onların özünəməxsus mədəniyyət və folklorunu qorumaq üçün biz bu kitabın birinci hissəsini “Soros” Fondunun (Açıq Cəmiyyət İnstitutunun) xətti ilə, ikincisini isə Prezident Yanında Qeyri- hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə nəşr etdirdik.
– Bu kitablar üçün materialları necə əldə etdiniz?
-Onu qeyd edim ki, bu kitabları hazırlayan zaman bir çox çətinliklərlə rastlaşdıq. Çünki etnik azlıqların ədəbiyyatını tədqiq edən mütəxəssislər çox azdır, tərcüməçiləri, eyni zamanda onların özünəməxsus əlifba işarələri də yox idi. Biz həm də bu kitabı ərsəyə gətirəndə, Azərbaycanda etnik ədəbiyyatlarla məşğul olan tərcüməçilərin, tədqiqatçıların, redaktə işi ilə məşğul olan insanların üzə çıxarılmasına müvəffəq olduq. Biz müxtəlif kitabları nəzərdən keçirdik, eyni zamanda ayrı-ayrı xalqların özünün ədəbiyyatıyla bağlı mütəxəssisləri ilə görüşdük. Onlar bizə materiallar verdilər, tərcümə və redaktə işində bizə kömək etdilər. Ancaq bunlarla məhdudlaşmadı, indinin özündə də bizə müraciət edənlər var. Bu layihənin bizim təşkilatın və ya digər təşkilatların xətti ilə davam etdirilməsi yaxşı olardı.
Siz bilirsiniz ki, aşıq sənəti, Azərbaycan xalçası və digər mədəniyyət nümunələrimiz YUNESKO-nun xətti ilə dünyanın dəyərlər siyahsına daxil edilib. Biz həm də çalışırıq ki, Azərbaycanı dünyada tolerant bir ölkə olaraq tanıdaq. Bizim gördüyümüz bu layihə bir daha dünyaya sübut etdi ki,əslində Azərbaycanda bütün mədəniyyətlərə hörmət var və bu mədəniyyətin daşıyıcıları olan insanlara heç bir məhdudiyyət qoyulmur. Bu kitab nəinki Azərbaycanda, həm də xaricdə yayımlandı. Fikirləşirik ki, gələcəkdə artıq ayrı-ayrı xalqların ədəbiyyat antologiyasını hazırlayıb, nəşr etdirək.Təbii ki, bu iş çox maliyyə vəsaiti tələb edir. Bu layihəmiz maliyyələşdirilsə bu işi davam etdirəcəyik.
– ”Bir xalçanın ilmələri” adlı antologiyanız internetdə yer alıbmı?
– İkinci kitab bloq şəkilində internetdə də yayımlanır. Belə ki, “ Bir xalçanın ilməsi” kitabı (ttp://www.antologiya.azeriblog.com) yerləşdirilib. Bu həm kitab və həm də ayrı-ayrı əsərlər variantında yayımlanır. Onu da qeyd edim ki, kifayət qədər insanlar sayta daxil olub, bu materiallardan bəhrələnirlər.
– Bu antologiyalarda ölkəmizdə yaşayan bütün etnik qrupların ədəbiyyatı yer alıbmı?
-Sözügedən kitabın birinci hissəsində doqquz, ikinci hissəsində isə yeddi xalqın nümayəndəsinin ədəbiyyat və folklor nümunəsi yer alıb. Kitabda materiallar hər iki dildə, yəni həm hər etnik qrupun öz dilində və həm də Azərbaycan dilində verilib. Amma gələcəkdə Azərbaycanda yaşayan xalqların ədəbi və folklor nümunələrinin ətraflı araşdırılması və üzə çıxarılması çox vacibdir. YUNESKO çoxdandır həyəcan təbili çalır ki, hər il neçə-neçə dil və ləhcə aradan çıxır. Bu xalqların dilinin qorunması və gələcək nəsilə çatdırılması çox vacib hadisədir. Bunların hər biri özlüyündə o xalqların, o etnomədəniyyətlərin kodlarını özündə daşıyır. Bu səbəbdən də bu layihəni davam etdirmək lazımdır.
Kitab üzərində işləyən zaman gördük ki, bu xalqların, etnik qrupların, milli azlıqların hər biri özlərini azərbaycanlı və Azərbaycan mədəniyyətinin daşıyıcısı kimi göstərməyə çalışırlar. Yəni bu xalqların böyük əksəriyyətinin ədəbiyyatçıları şair və yazıçıları öz ana dillərində və həm də Azərbaycan dilində yazıb yaradıblar. Onlar arasında ikidilli şair və yazıçılar da var, amma daha çox da Azərbaycan ədəbi dilində əsərlərini yazanlara rast gəlirik. Eyni zamanda biz bu xalqların nəinki söz sənəti ilə, digər incəsənət növləri ilə də tanış olduq və araşdırdıq. Onu qeyd edim ki, tədqiqata cəlb edilməli çoxlu maraqlı faktlar var. Amma bunların hər birinin folkloruna və yaradıcılığına baxanda, burada yeganə bir xətt var ki, bizim ümumi vətənimiz Azərbaycandır və biz Azərbaycanla birlikdə böyüyük.
– Bu antologiya oxucular tərəfindən necə qarşılandı?
– Məlumdur ki, bu gün dünyada, o cümlədən Azərbaycanda da kitaba- ədəbiyyata maraq sönüb. Ancaq bu tipli nəşrlər kifayət qədər insanların marağını ədəbiyyata və kitaba qaytarmış oldu.
Bundan başqa Yeni Yazarlar və Sənətçilər Qurumu bir çox qurumların iştirakı və maliyyə dəstəyi ilə başqa bir layihədə işləyir. Bu Milli Virtual Kitabxananın hazırlanması ilə bağlıdır. Artıq (www.kibtaxana.net) saytında milli virtual kitabxanada böyük elektron resursumuz yayımlanır. Orda 1000-dən çox kitabın (dünya, Azərbaycan, müasir ədəbiyyat, dərslik və s.). Xüsusilə qeyd edim ki, bu işdə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər və İdman Nazirliyi , Mədəniyyət və Turizm Nazirliyi və Yazıçılar Birliyi dəstək olub. Növbəti mərhələ də bunu daha da inkişaf etdirmək istəyirik. (www. kitabxana.net ) portalı olaraq Azərbaycan ədəbiyyatını , mədəniyyətini və ümumiyyətlə, müasir kulturoloji düşüncəsini bir resursda birləşdirmək istəyirik. Bu resursdan Azərbaycanla yanaşı, dünyanın hər yerində istifadə etmək mümkün olsun. Bu (www.kitabxana.net ) portalında ayrıca Azərbaycanda yaşayan xalqların ədəbiyyatı ilə bağlı bölmümüz də var. Düzdür, bu bölüm o qədər inkişaf etməyib, ancaq gələcəkdə çalışacağıq ki, bu istiqamətdə məqsədli işlər aparılsın və inkişaf etsin. Gün ərzində dünyanın hər yerindən 2000-3000 nəfər insan elektron kitabxananın imkanlarında yararlanır. Bu ictimai və humanitar layihə olduğu üçün heç bir ödəniş tələb olunmur.
Günay ƏSƏDOVA
P.S. Bu qoşa səhifə “Paritet” qəzetinin Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Tolerantlıq ünvanı – Azərbaycan” layihəsi çərçivəsində dərc edilir.
E- mənbə / link: http://www.paritet.az/olke/2625.html
2010