Teledüşüncə: azərbaycanlılar, əcnəbi azərbaycanlılar və xaricilər. İncik intellektualın qeydləri. Aydın Xan Əbilovdan kulturoloji qeydlər

Dəyiş, cəmiyyətim, dəyiş: sivil, kreativ və intellektualığı əsas götür…

Son 5 ilə qədər hər bir ölkənin milli və qlobal tel-məkanı, efiri, televiziyası, nəinki məxsüs olduğu cəmiyyətin, eləcə də millətin ictimia-siyasi, kulturoloji-sivil siması sayılırdı: bu hal, İnternetin hakim mövqe tutmasına, elitarlıqdan (peşəkarların əlindən) çıxıb kütləviləşməsinə – sosial şəbəkələr, bloqqerlikliyin inkişafına kimi belə idi…

1998-ci ildən Azərbaycan tele-kanallarında azdan-çoxdan görsənən intellektual ulduzlardan biriyəm, bəyənsəniz də, qeyri-təvəzökarlıqda suçlasanız da, bu, bəlli bir faktdır, qürrələnmirəm, sadəcə, bizdə normal teleünsiyyətə girən, ütülənməmiş, sivil dəyərləri qabardan ziyallı-intellektualın azlığını göstərmək istəyirəm…

Əvvəllər yalnız mədənyyət-ədəbiyyat, eləcə də xəbər-analitik verilişlərə getsəm də, bir qədər ulduzluq azarına tutulmağım, eləcə də yazının artıq tarixin arxivinə qoyulduğunu bir çoxlarından tez anlayıb, multimedik – vizual mətnə, görüntü ünsiyyətinə meyl etdim. Dostlarımın çağırdığı müxtəliv səviyyəli-səviyyəsiz proqram-verilişlərər getməyə başladım: qadın, uşaq, aşbaz, yemək, qazan, daha çeşidli mövzulu telegörüntülərim oldu. Maraqlıdır ki, ABŞ və Qərbin bir çox İnternet-arxiv maşınları onların oflayn variantlarını sistemləşdirib Qlobal İnformasiya Resurslarında saxlayırlar…

Hər zaman düşündüm ki, məhz cəmiyyətin orta və aşağı təbəqəsinə, qadınlara, uşaqlara təsir etməklə sivil yaşam tərzinin, mədəniyyət və ədəbiyyatı təbliğ etmək daha məntiqəuyğundur…

Sözümün canı var: qayıdım bayaqkı fikrimə, sizlərin kimin ağlına gəlib ki, Rusiyanın və Türkiyənin ciddi kanallarını (dil doğmalığına görə), yaxud BBC-ni qoyub, lap götürək, son illərin telemöcüzəsi sayılan əl-Cəzirə TV-nin proqramlarına baxır? Düzdür, ərəb baharı, ya da Qərb – Şərq müharibələri zamanı sonuncunun qərəzsiz xəbərlərini izləyirik, fəqət, əl-Cəzirə TV-nin informasiya xidmətinin başında, axtarsan, ya ingilis, ya fransız, ya da yəhudi peşəkarının durduğunu görərik: nəzərə alsaq ki, kanal ingilisdillidir – qlobal dünyaya işləyir, problemin qəlizliyi göz qabağına gələr…

Baxın, həm məmləkətimizdə, həm xaricdə yaşayan insanların, eləcə də əcnəbilərin bizim TV və şəxsən mənim tele-obrazım haqqında fikirləri ümumiləşdirəndə, qəribə paradoksla, cəmiyyətimizin çağdaş səviyyəsi barədə bədgümanlıqla qarşılaşıram… Dünən İsrailə köçüb gedən iki milli yəhudimizlə söhbətimiz oldu: hər ikisi oradan bizim yerli kanalara baxdıqlarını söyləyərək mənim iştirak etdiyim tele-polemikaları, diskussiya və məsələlərə münasibətimi, debatçı mövqeyimi bəyəndiklərini söylədi. Fəqət heç biri mətbəx və qadın verilişlərindəki çıxışlarımı yada salmadı…

Azərbaycanda və xaricdə yaşayan insanlarımızın şərti olaraq ümumiləşdirdiyim fikrilərinə baxın:

– Müəllim, bu manısların gözünün odunu yaxşı almısız ha!

– Aydın Xan, bu cəmiyyət düzələn deyil, niyə özünü yorursuz…

– Müəllim, nə əcəb sizi – ləhcə ilə danışanın birini televiziyaya buraxırlar (Türkiyə kanalları qeyri-türk ləhcəlilərin, Rusiya və dünya TV isə yəhudi aksenti ilə danışanların əlində deyil məgər)?..

– Bəy, o günləri əla qızlarla şirin söhbət edirdiz ha!

– Yaxşı yemək hazırlayan verilişdəydiz…

– Aydın Xan o kəskin sözlərindən sonra nə əgəb sizi həbs etməyiblər…

– Sizin kimi müxalifətçini hökumət hansı ağılla efirə buraxır (yaxşı ki, 1937-ci ilin siyasirepressiya dövründə yaşamırıq…)?

Nəsə, uzatmaq istəmirəm, hələ bir normal azərbaycanlı tapmadım ki, bizim TV-lərdə, bəzən açıq, bəzən Ezop dili ilə, çox zaman isə şifrəli formada qaldırdığımız ciddi məsələləri, taleyüklü problemləri yetərincə qavraya, tuta bilsin. Eləcə də qlobal-milli proseslərlə verdiyimiz analitik proqnozlar bizim millətin heç yumşaq desək vecinə də deyil…

Bu qısa qeydlərimiz isə hər hansı cəmiyyətin sivill səviyyəsini – intellektual-kulturoloji durumundan xəbər verən bir həyəcanlı siqnaldır, zənnimcə…

P.S. Düzdür, indi İnternet çağında, informasiya cəmiyyəti dövründə, multimedik imkanların genişləndiyi virtual aləmdə yaşayırıq, amma görürəm ki, tele-çağlarda başımıza gələn elə elektron əsrdə də baş verir: yetər ki, sayt və portallar, forum və sosial şəbəkələrə baş vurasız və buradakı ümummilli səviyyəsizliyi, düşüklüyü, savadsızlığı görəsiniz…

P.P.S. Dəyiş, cəmiyyətim, dəyiş: sivil, kreativ və intellektualığı əsas götür!

2014

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir