Yeni tədris ili, yoxsa yeni tıxac problemi? – Araşdırma

Bakı kimi böyük şəhərlərdə yaşayan hər kəs, yəqin ki, tıxaca bir dəfə belə olsa, düşüb. Hazırda tıxac problemi əsas problemlərdən birinə çevrilib. İstər avtobus və metrodan istifadə edən insanlar, istərsə də öz şəxsi avtomobili olanlar səhər və axşam pik saatlarda yollarda tıxacdan əziyyət çəkirlər. Hətta sürücülər tıxacların avtomobillərə ziyan vurduğunu qeyd edirlər. Bu tıxac və sıxlıq daha çox Bakı və Abşeronda müşahidə olunur. SİA mövzu ilə bağlı araşdırma aparıb.

Hər kəsə məlumdur ki, artıq yay tətili bitdi. Paytaxtda tıxac problemi günbəgün dərinləşməyə başlayıb. İnsanların vaxtlarının əhəmiyyətli hissəsi tıxaclarda keçir. Bu səbəbdən bir çox iş yerlərinin normal fəaliyyəti də pozulur. Sentyabrın 15-i dərslər başlayandan sonra Bakı şəhərində nəqliyyatın hərəkətində daha ciddi çətinliklərin olacağı gözlənilir. Paytaxt küçələrində tıxacların digər səbəbi məktəblərin açılmasıdır. Məktəblərin açılması xüsusilə Bakı şəhərində tıxacların yaranmasına səbəb olur. Əlbəttə, dünyanın bütün böyük şəhərlərində olduğu kimi Bakıda da tıxacların olması gözləniləndir. Bu günə qədər Bakıda tıxacların qarşısını almaq üçün bir çox addımlar atılıb.

Nə qədər tədbir görülsə də, maarifləndirmə işləri aparılsa da, hətta sərt cəzalar tətbiq olunsa da, qayda-qanun yaratmaq alınmır. İllərdir müşahidə olunan mənzərə bəllidir. Səhər, günorta, axşam sıxlıq, tıxac… Bəs, bundan çıxış yolu nədədir?

Kulturoloq, tənqidçi ekspert Aydın Xan Əbilovun fikirlərinə görə, parklanma üçün məktəblərdə və küçələrdə xüsusi yerlər yoxdur: “Müxtəlif təhsil ocaqlarımızın ətrafı bu və ya digər dərəcədən tıxacla müşahidə olunur. Biz dəfələrlə bildirmişik ki, tələbələr və məktəblilər nə qədər piyada yol getsələr, fiziki əməklə məşğul olsalar onlar bir o qıdər də sağlam böyüyərlər. Təəssüflər ki, bəzi valideynlər uşaqları 10 addımlıq yolu belə nəqliyyatla yola salırlar. Bu, ilk növbədə, uşaqların sağlamlığına zərərdir. Bundan əlavə olaraq iqtisadi cəhətdən problem yaranır, tıxaclar yaranır, ekologiyaya zərər verilir. Bütün bu problemlərin həllində hələ ki, elə də yaxşı metod görə bilmirik. Bildiyimiz kimi bir çox ölkələrdə yerüstü təhlükəsizlik keçidləri yerləşdirilir. Məktəblərə yaxın küçələrdə bu zolaqlar vasitəsilə maşınların süni sürəti azalır. Fərdi nəqliyyat vasitələri ilə məktəblilərin qəzaya düşməsi halları get-gedə artır. Bir çox ölkələrdə orta məktəb və xüsusən özəl məktəblərin iritutumlu nəqliyyat vasitələri olur. Bu, bir növ tıxacın qarşısını alınır. Düşünürəm ki, dövlət və aidiyyatı qurumlar, Milli Məclisin deputatları ictimai təkliflərlə çıxış etməli və bu təkliflərlə bu kimi ictimai problemlərin aradan qaldırılmasında köməklik etməliyik”.

Bəs görəsən atılan addımların hansısa təsirləri olubmu? Ümumiyyətlə tıxacların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, paytaxtda yaşamağın üstünlüklərindən istifadə edən hər bir vətəndaşımız buradakı real vəziyyəti düzgün qiymətləndirməlidir: “Kimsə sıxlıqların qarşısı tam alınacağını hesab edir. Amma bu, mümkün olan reallıq deyil. Məsuliyyətli davranış tərzi isə bir çox məsələni həll edə bilər. Məsələn sürücü gedəcəyi yolu və dayanacağı nöqtəni əvvəcədən qiymətləndirmirsə özünün iş yerinin və ya övladının məktəbinin qarşısında yolun ortasında hərəkəti iflic edirsə başqalarını düşünmürsə və bu hərəkətlərinə min bir bəhanə ilə haqq qazandırmağa çalışırsa təbii ki, problemlər də qaçılmaz olaraq qalacaq.

Respublika ərazisində 1 milyon 700 minə yaxın avtomobil parkımız var. Onun 70%-i paytaxtda idarə olunur. Əlavə olaraq, gündəlik regionlardan paytaxta şəxsi məqsədlərlə səfər edən insanların da sayını nəzərə alsaq, bu kifayət qədər ciddi göstəricidir. Bakı şəhəri ərazisində yay mövsümünün bitməsi, iş sezonun açılması, yeni tədris ilinin başlaması sıxlıqları qaçılmaz edəcək.

Polis bəs bunun üçün nə edə bilər? Bu cür sualları, adətən, polisə ünvanlayırlar, amma bu sualı polisə ünvanlamaq bir qədər sadəlövhlükdür. Buna görə ki, polisin işi mövcud infrastrukturda xidməti təşkil etməkdir. Biz də xidmətimizi gücləndirilmiş formada, xüsusi plan üzrə təşkil edəcəyik. Amma heç kimə də deyə bilmərik ki, şəxsi avtomobiliniz ilə küçəyə çıxmayın. Ən yaxşı halda tövsiyə edə bilərik və insanları qaydalara riayət etmək üçün mütəmadi olaraq bilgiləndirə bilərik. Yəqin ki, müəyyən sıxlıqların qarşısını almaq üçün aidiyyəti dövlət orqanları da planlı şəkildə nələrisə etməlidirlər. Bunun üçün də öz tərəfimizdən müəyyən təklifləri vermişik. Biz isə həmişəki kimi gücləndirilmiş qaydada işə başlayacağıq. Əlavə tədbirlər planları hazırlamaqla, xüsusilə dərs ilinin ilk günündə və sonrakı dövrlərdə də bu istiqamətdə öz işimizi görəcəyik. Bizim də əsas məqsədimiz cəmiyyətə düzgün təbliğat aparmaq və məsuliyyət hissinin mahiyyətini çatdırmaqdır. Qaydalara düzgün əməl etməyin hamının həyat tərzini rahatlaşdırdığını təhlükəsizliyin qorunması üçün əsas şərt olduğunu unutmamalıyıq”.

Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, yeni tədris ilinin başlanması ilə əlaqədar müntəzəm sərnişindaşımalara tələbatın artacağını nəzərə alaraq əvvəlcədən qabaqlayıcı tədbirlər görülür: “Müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara sərnişin sıxlığının minimuma endirilməsi və vətəndaşların təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda rahat çatdırıması üçün tapşırıqlar verilib. Bildirilib ki, gündəlik xəttə çıxarılan avtobus sayının və avtobuslar arası intervalın sərnişin axınına uyğun tənzimlənməli, eləcə də tələbat olan xətlər üzrə avtobus sayı artırılmalıdır. Sürücülərin hərəkət cədvəlinə, yol hərəkəti və sərnişindaşıma qaydalarına riayət etməsinin zərurililiyi diqqətə çatdırılıb.

Sərnişindaşımaların düzgün və səmərəli icra olunması üçün hərəkət iştirakçılarına o cümlədən fərdi avtomobil sürücülərinə anlayışlı olmağı, yol hərəkəti qaydalarına xüsusən də dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edirik. Övladlarını şəxsi nəqliyyat vasitəsi ilə məktəbə aparan valideynlərdən xahiş edirik ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Çünki bu cür hərəkətlər ictimai nəqliyyat istifadəçiləri üçün əlavə çətinliklər yaradır.

Qeyd edilənləri nəzərə alaraq vətəndaşlarımızı mümkün qədər şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə və ictimai nəqliyyata üstünlük verməyə çağırırıq.

Yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrinin ətrafında piyada piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində də müvafiq işlər görülür. Eyni səviyyəli piyada keçidləri yenidən boyanır, zəruri olan yerlərdə piyada keçidlərində sarı döyünən işıqlar quraşdırılır, asfalt üzərinə “Yavaş Məktəb“ xəbərdarlığı qeyd edilir”.

Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, avqust ayından başlayaraq Bakı Metropoliteni bütün monitorinqlərinin istiqamətini məhz yeni tədris mövsümünün başlamasına uyğun qurub: “Stansiyalarda metropoliten infrastrukturunda təbii ki, bütün işlər məıhz buna uyöun olaraq planlaşdırılır. Lakin ilk növbədə artıq tədris proseinin başlanması və onun davam etməsi, müxtəlif müəssisələrin pandemiya dövründə fəaliyyətindəki tənzimləmələr və digər məsələlərin hər birisi artıq mərhələlərlə öyrənilir. Buna uyğu olaraq sərnişin axının və sıxlığının ilkin variantları hesablanır. Yaxın bir həftə ərzində bu işlər tamamlanacaq və ictimaiyyətə əlavə məlumatlar veriləcək. Xüsusilə qeyd edim ki, ilk növbədə qatarların hərəkət qrafikində müvafiq dəyişikliklər ediləcək. Bununla bağlı işlər sürətlə aparılır. Bundan əlavə olaraq təbii ki, sərnişin sıxlığı müəyyənləşdirilərək, eskalatorların fəaliyyətində müvafiq tənzimləmələr həyata keçiriləcək. Bakı Metropoliteni yeni tədris ili başlandıqdan sonra artıq monitorinqlərin istiqamətini bir qədər dəyişərək gündəlik sərnişin axını, onun öyrəınilməsi və buna uyğun olaraq stansiyaların fəaliyyətində müvafiq tənzimlənmələrin həyata keçirilməsi ilə bağlı tədbirləq planınə müəyyən edib. Avqust ayı ilə müqayisədə Bakı Metropoliteninin sərnişin daşıması sentyabrın əvvəlinə görə bir o qədər artmayıb. Artıq sentyabrın növbəti həftəsində sərnişin sıxlığı qismın artmağa başlayacaq. Sentyabrın 15-dən etibarən metropoliten tam olaraq yeni istiqamətdə fəaliyyətini quracaq.

Tıxac və sıxlıqlar nəticəsində yol-nəqliyyat hadisələrin sayı da ötən dövrlə müqayisədə artıb. Vətəndaşlar işə, tələbələr universitetə, şagirdlər isə məktəb vaxtında çata bilmir. Bəs, paytaxtın hansı küçələrində daha çox sıxlıq var?

1. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Bakı Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq;

2. Moskva prospektində – Bakı Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər – əsas və kənar yol sıxlıq;

3. Rövşən Cəfərov küçəsində – 20 Yanvar dairəsindən başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq;

4. Binəqədi şossesində – mərkəz – “Azadlıq prospekti” metrostansiyası istiqamətində sıxlıq;

5. Ziya Bünyadov prospektində – Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq;

6. Əsəd Əhmədov küçəsində, Dadaş Bünyadzadə küçəsi ilə kəsişmədən A.Şərifzadə küçəsi ilə kəsişməyədək Zərdabi prospekti istiqamətində sıxlıq;

7. Heydər Əliyev prospektində – “Koroğlu” metrostansiyasının qarşısından 5 saylı ASAN Xidmət mərkəzinin qarşısına qədər kənar yolda sıxlıq;

8. Koroğlu Rəhimov küçəsində, Təbriz küçəsi ilə kəsişmədən ak.Həsən Əliyev küçəsi istiqamətində sıxlıq;

9. Gülarə Qədirbəyova küçəsində, Heydər Əliyev Mərkəzinin yanından Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

Maraqlısı budur ki, əvvəllər tıxaclar, əsasən, Bakının mərkəzində müşahidə olunurdusa, artıq paytaxtdan kənardakı yollarda da hər gün avtomobil sıxlığı qeydə alınır. Məsələn, aeroport yolunda metronun “Koroğlu” stansiyasına, ordan da Heydər Əliyev prospekti ilə paytaxtın mərkəzinə doğru əsas və əlavə yollarda hər gün tıxac müşahidə olunur.

Dünyanı öz cənginə almış koronavirus pandemiyasını nəzərə alsaq, tıxac və sıxlıqların pandemiya dövrünə təsiri necə olacaq?

Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru, əməkdar həkim Tariyel Eyvazov bildirib ki, payız fəslinin gəlməsi ilə təbii ki, havalarda müəyyən dəyişikliklər baş verəcək: “Bununla yanaşı həmçinin məktəblərdə tədris ili başlayır. Həm iqlim dəyişikliyi, həm də əhali sıxlığı müşahidə olunacaq. Artıq müəyyən qədər bununla bağlı təcrübəmiz var. Koronavirusun verdiyi zərərlərin şahidi olmuşuq. Biz xəstəliyin yayılmasını gözləməməliyik. Bununla bağlı profilaktik tədbirləri bilirik. İctimai nəqliyyatda bacardığımız qədər sosial məsafəni saxlamlıyıq. Tədris ilinin başlanılması ilə nəqliyyatda sıxlıq yaranacaq. Bu baxımdan Virus yayılmamış profilaktik tədbirlərə riayət etməliyik”.

Ümumiyyətlə valideynlər işlərini elə planlaşdırmalıdırlar ki, məktəb yanında yalnız uşağı düşürmə və mindirmə vaxtı dayansınlar. Dayanıb gözləmə olacaqsa, sıxlıq və tıxac qaçılmaz olacaq. Düşünürəm ki, məktəblərin ətrafında dayanma, durma və parklanmalara ciddi nəzarət olmalıdır. Elə edilməlidir ki, ən azı ikinci və üçüncü cərgələrdə dayanma və parklanma olmasın.

Arzu Qurbanlı,https://sia.az/az/news/social/980147.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir