Şiəliyi milliləsdirə bildikmi? Şair-publisist Arzu Əsəd yazır

Bu ilki aşura günü də belə bitdi. Amma Yezid tərəfdarları ilə Hüseyn tərəfdarları arasındakı gərgin virtual mübarizə davam etməkdədir. Yezid məktəbi yenə əsasən Hüseyn tərəfdarlarını cəhalətdə, xurafatda qınayaraq maarifçilik nizələrini kəsilmiş başlara sancır, sözün bütün çalarlarından istifadə edib, niyə Gürşad, Babək, Rəsulzadə, Elçibəyə… yox, bir ərəbə yas saxlayırsınız deyə tənə və məzəmmət oxlarını yağdırmaqda davam edirlər. Qarşı cəbhə tarixi-ənənəvi izahlarını verməklə yanaşı, bu dəfə meydana yeni mübarizə üsulları ilə çıxmışdı. Məsələn, ənənəvi qara bayraq əvəzinə əzadar məclislərində əllərdə üçrəngli bayraqlar dalğalanırdı. Qeyri-rəsmi olduğu üçün kütlə içində daha böyük izzəti-şərəfə layiq olan şiə liderinin Şuşanın alınmasında Təkbirin böyük rolundan danışdığı əhvalat məhərrəmliyin ilk günlərindən sosial şəbəkələrdə müzakirə obyektinə çevrilmişdi. Bu dəfə siyasi şiəliyin mərkəzi olan qonşu dövlət tərəfindən ölkəmizə doğru Qum fırtınası əsə bilmir, nicat Ocağı yandırılmır, tarixi-dini-elmi izahlarda Salman-Farsidən, Xomeynidən çox Şah İsmayıl Xətaidən danışılırdı. Əcəba, Aşuranı milliləşdirə bilirikmi? Zalıma, zülmə üsyan bayrağı açan şəhid İmam Hüseyn obrazını öz dövlət siyasətinin, siyasi şiəliyin ekspansiyasının əsas elementinə çevirən qonşu ölkənin əlindən qurtara biləcəyikmi? Niyə də yox? Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Nadir şah, Qacarı və İran tərəfindən mübahisə obyektinə çevrilmiş digər tarixi şəxsiyyətlərimizi milli mədəniyyətimizin, tariximizin bütün dünya tərəfindən təsdiqlənən şərəfli bir parçasına çevirə bilmədikmi? Hələ İran dil, ərazi, coğrafiya və sairə baxımından bizim dəyərləri, tarixi şəxsiyyətləri mənimsədikdə özündə hansısa haqqı görürdü. Bəs indi? Nə fars, nə türk olmayan, elmi-tarixi baxımdan İranla heç bir əlaqəsi olmayan Imam Hüseyn obrazını niyə İranın cəhalət, xurafat əsarətindən qurtarmayaq ki? Biz ki Qarabağı azad etdik. Zəngəzur dəhlizini açacağıq!Ədəbiyyatımızda, mədəniyyətimizdə, ictimai şüur daşıyıcılarımızın içində ermənipərəstlər məgər az idi? Niyə dünyaya işıq saçan peyğəmbər övladını hansısa ölkənin öz dar mənafeyini güddüyü cəhalət, xurafat qaranlığında qoyaq ki? Niyə zülmün əlilə başı kəsilib yüzillərlə cəhalət zindanında qalan bu böyük cəfakeş dustağı tarixin bu yeni Ərgənəkonundan Azərbaycan türkü çıxarmasın ki? Nə ərəb, ərəb salıbsınız? Peyğəmbər deyirdi: “Mən ərəbəm, ərəb məndən deyil!” Millətindən, irqindən asılı olmayaraq bəşəri dəyərlər var. Milli dövlətçiliyimizin, milli şüurumuzun yaradılması, inkişafı yolunun cəfakeşləri Babəkin, Rəsulzadənin, Mübarizin… öz yeri, bəşər tarixində, əqidə və düşüncə tarixində zülmə, zalıma üsyanın simvoluna çevrilmiş İmam Hüseynin öz yeri. İnsanlığın yaddaşındakı mifik-tarixi qəhrəmanlar, arxetiplər maarifçilik moizələri ilə silinməz. Heç onları silməyə cəhd etmək də lazım deyil! Onlarla rasional şəkildə, ağlın, dar məntiqin köməyi ilə vuruşmaq havanı qılıncla doğramaq, suyu xəlbirlə daşımaq kimi bir şeydir. Onlar insanlığın gündəlik mövcudluğunu şərtləndirən rasionallığın doğurduğu elementlər deyil, insanlığın içinə sıxılmış yaşanmamış tarixin, bəşərin əzəli-əbədi arzularının şüuraltı, irrasional ifadəçiləridirlər. Onlar tarixin daim ona ağrı verən nevrozları olmaqla yanaşı, həm də həyəcan verən impulslarıdır. Onları təkcə maarifçiliyin kobud, ağrıdıcı müdaxiləsi ilə rasional sferaya çıxartmaq olmaz, onlar tarix yaradıcılığı prosesində insanlığın mənəviyyatına qarışıb əriməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir