«Qayğı və himayə» Xeyriyyə Fondunun «İgidlik zirvəsi» orta məktəbdə gənclərə təqdim edildi

«İgidlik zirvəsi»nin işığında

Aprelin 27-də Zabrat qəsəbəsində fəaliyyət göstərən Zəngilan şəhər uşaq musiqi məktəbində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə «Qayğı və himayə» Xeyriyyə Fondunun həyata keçirdiyi «İgidlik zirvəsi: Vətən müharibəsinin şəhid və qazilərin qəhrəmanlıqlarının gənclər arasında tanıtımı» layihəsi çərçivəsində hazırlayıb nəşr etdirdiyi «İgidlik zirvəsi» kitabının təqdimatı oldu.
Tədbiri sözügedən məktəbin direktoru Rövşən Həziyev açdı. Bildirdi ki, rəşadətli qəhrəman oğularımızın həyatı həmişə bədii ədəbiyyatın aparıcı mövzusu olub. Təqdim olunan kitaba daxil edilən əsərlər də bu missiyanın davamıdır. Bu əsərlər şanlı, müzəffər qəhrəmanlarımızın xatirəsinə qoyulmuş abidələr kimidir.


«Qayğı və himayə» Xeyriyyə Fondunun sədri Gülayə Rzayeva da çıxışı zamanı Zəfər günümüzün qazanılmasında fövqəladə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlmiş əsgərlərimizin, eləcə də qazi və veteranlarımızın şanlı həyat yolundan bəhs etdi.
Bildirdi ki, Azərbaycn dövlətinin Gənclər siyasəti sahəsindəki milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Erməni faşizmi üzərində böyük Qələbə ilə başa çatan ikinci Qarabağ savaşında həlledici missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin Prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. O gənclər bizim qürur yerimizdir. Torpaqlarımızın azadlığına onların qanı-canı bahasına nail olmuşuq. O ölməz qəhrəmanların ömür yolunu öyrənmək, xatirələrini əziz tutmaq əbədi borcumuzdur. «İgidlik zirvəsi» kitabına daxil edilmiş bədii əsərlər də bu borc hissinin təqdirəlayiq əksidir.
Sonra Gülayə Rzayeva sözügedən layihənin həyata keçirilməsinə dəstək verdiyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə dərin minnətdarlığını bildirdi. Qeyd etdi ki, Agentlik dövlətimizin gənclər siyasətinə xidmət edən layihələrin maliyyələşməsinə xüsusi önəm verir. Təqdim edilən kitaba tarixi Zəfər günümüzə imza atan qəhrəman oğullarımızın sücaətini əks etdirən əsərlər daxil edilib. Əsas missiyası iradəli, vətənpərvər, cəsur gənclər tərbiyə etmək olan bu əsərlərlə tanışlıq inanırıq ki, hər bir yeniyetmənin urəyincə olacaq.
Azərbaycan Yazıçılar Birliyi Aran bölməsinin sədri, «Ədəbiyyat qəzeti»nin şöbə redaktoru Sərvaz Hüseynoğlu çıxış edərək bildirdi ki, «Qayğı və himayə fondu öz fəaliyyəti boyunca gənclərin vətənpərvərlik tərbiyəsi mövzusuna diqqətlə yanaşıb. Həmişə çalışıb ki, gələcəyimiz olan gənclərin həyata baxışlarının, vətənpərvərlik əzminin yüksək səviyyədə formalaşmasına öz töhfəsini versin. Təqdim edilən kitab da bunun bariz nümunəsidir.
Sonra Zəngilan uşaq musiqi məktəbinin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya dinlənildi, kitablar təqdim olundu, xatirə şəkilləri çəkdirildi.

S.Əsgərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir