Bakıda feminizm aksiyası. “Yaxşı oğlan feminist olar” şüarına reaksiyalar: “Bu, siyasi xarakterli idi”

Martın 8-də Bakıda bir qrup feminist aksiya keçirdi. Polisin müdaxiləsi olmadan keçirilən aksiyada şüarlar ötən ildəkilərdən fərqli, korrekt idi.

Bu dəfə aksiyaçılar qadın qətllərinin dövlət orqanları tərəfindən “obyektiv araşdırılmamasına” etiraz ediblər. Onlar hökumətdən İstanbul konvensiyasını qəbul etməyi tələb ediblər. Aksiya polisin müşayiəti ilə başa çatıb.

Aksiyada diqqət çəkən məqamlardan biri oğlanların feministlərlə birgə addımlaması oldu. Düzdür, bu, hər aksiyada görünən mənzərədir. Amma bəzi fikirlərə görə, kişilər feminist ola bilməz. Məsələn, tanınmış jurnalist Vüsal Məmmədov bu barədə özünün “Facebook” hesabında qeyd edib:

“Kişilərin feminist hərəkatına qoşulmağını mən indiyə qədər heç yerdə görməmişdim. Qərb liberalizminin ən iyrənc forması deyəsən, bizim üçün nəzərdə tutulub… “

Bəs kişilər də feminist ola bilərmi? Ümumiyyətlə, Azərbaycanda feminizm anlayışı nə dərəcədə doğru qəbul olunur?

Aksiyada feministlərlə birgə addımlayan, “Yaxşı oğlan feminist olar” şüarını səsləndirən, aktivist Elmir Abbasov “Yeni Müsavat”a danışıb. O qeyd edib ki, aksiyanın bu dəfə sakit keçməsi onları da təəccübləndirib:

“Ümumiyyətlə, ictimai fəal kimi  müxtəlif, həmçinin feminist aksiyalarında iştirak etmişəm. Budəfəki aksiya insidentsiz keçdi və deyərdim ki, bizi də təəccübləndirdi və qəribə gəldi ki, “nə əcəb?” Ümidvaram ki, bundan sonra da dövlət orqanları bizə hay-küyçü kimi deyil, daha çox  səsləndirdiyimiz fikirlərin arxasınca gedən aktivistlər kimi yanaşsınlar.

Şəxsi müşahidələrimdən belə qənaətə gəlmşəm ki, yaxşı oğlan anlayışı ilə öyünən insanlar daha çox qadınların təməl haqlarını əlindən alınmasına dəstəkdirlər. Yəni özünə yaxşı oğlan deyən kişilər qadın haqlarının qarısında dayanırlar. Mən də buna etiraz olaraq  yazdım ki, əslində yaxşı oğlan  insan haqlarının qarşısında olan deyil, onu dəstəkləyəndir.

Bizim cəmiyyətimiz patriaxal bir cəmiyyətdir və  bunun  da əsas qalası kişilərdir. Bu mesajım kişilərə idi, çünki Azərbaycanda qadınların hüquqlarının pozulması, onların qətllərinin əsas səbəbkarı kişilərdir ona görə də mesajımı bu yöndə yazdım.Yəni qadın hüquqlarının yanında olduğumu bildirməyə çalışmışam.

İnsanlar bir qədər araşdırma aparsalar görərlər ki, feminizm “kişi düşməni” demək deyil, qadın və kişilərin hüquqlarının bərabərliyi uğrunda gedən ideologiyadır”.

Jurnalist Vüsal Məmmədov isə bildirdi ki, kişilərin feministlərin aksiyasına qoşulması siyasi xarakterlidir:

“Təxminən 10 il qabaq Bakıda “Hicaba azadlıq” adlı aksiyada bığlı-saqqallı kişiləri görəndə xeyli təəccüblənmişdim. Çünki məntiqlə hicaba azadlığı qadınlar tələb etməli idilər axı. Kişilərin küçəyə çıxması göstərirdi ki, bu, siyasi aksiyadır. İndi həmin medalın tərs üzünü görürük.

Dünyada feminizmin iki əsas qanadı var: intellektual-fəlsəfi və siyasi feminizm. Bizdə olan siyasi feminizmdir. İndi isə ona dəstək üçün profeminizm də meydana atılıb.

Profeministlərin əsas tutarqası budur ki, patriarxal cəmiyyət qadınlar qədər kişilərə də ziyan vurur və “maskulin zəhəri” yayır. Yəni cəmiyyətdə kişiliyə olan meyarlar var ki, onlar elə kişilərin özlərinə qarşı da diskriminasiyaya səbəb olur. Bizim halda bu, sadə dillə desək, “adam kişi olar” milli təlimatını “adam kişi olmaz” şəklinə salmaq deməkdir. Bu zaman “kişi” deyəndə azərbaycanlı təfəkküründə nə nəzərdə tutulursa, həmin meyarlardan imtina edilir.

Profeminist hərəkatı dünyada heç yerdə ciddi təşəkkül tapa bilmir. Çünki feministlər özləri bu hərəkatın səmimiliyinə şübhələnirlər. Hesab edirlər ki, profeministlər qadın təcrübəsinin nə olduğunu bilmirlər, itirəcək bir şeyləri yoxdur, sadəcə, öz məqsədləri üçün bu yolu tutublar. Məqsədlər isə müxtəlif ola bilər.

Profeminist düşüncəsi Qafqaz kişisi, xüsusilə Azərbaycan kişisi üçün tamamilə yaddır. Bizə əsrlər boyunca ailəyə görə, qadına görə məsuliyyəti öz üzərinə götürmək öyrədilib, aşılanıb, qanımıza hopub. Əgər feminizmin təbliği Azərbaycanın ailə modelinin dayaqlarından birini baltalamaq idisə, profemenizmonun birbaşa bünövrəsini qazmaqdır.

Müasir feminizm klassik versiyasından fərqli olaraq, daha hüquq bərbərliyi uğrunda mübarizə aparmır, onun əsas hədəfi seksizmdir. Azərbaycanda seksizm düşüncə tərzi kimi var, amma ictimai problem olaraq mövcud deyil. İctimai problem isə milli ailə modelinin iflasıdır ki, feminizm onun üçün həll təklif etmir, əksinə, mövcud vəziyyəti daha da qəlizləşdirir”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova oğlanların “feminstəm” deməsi heç də pis hal deyil

“Konstitusiyamıza görə Azərbaycan vətəndaşlarının hüquqları bərabərdir. Beləliklə də əgər bərabərliyi tanıyırlarsa deməli feministdirlər. Sadəcə, feminizmi elə formada təqdim olunur ki, insanlarda bir xof, qorxu yaranır. Bu baxımdan mövzunun mahiyyətinə düzgün şərh vermədən daha çox görüntü ilə nəticə çıxarırlar.

Oğlanların “feminstəm” deməsi heç də pis hal deyil. Onlar bununla qadın bərabərliyini qəbul etdikilərini etiraf edirlər.

O ki, qaldı feminist aksiyasında səslənən şüarlara, bəzilərini çıxmaq şərti ilə həmin çağırışları hamımız edirik. Əsas şüarlar deyil, əsas fəaliyyət, addım-addım bu fəaliyyəti həyata keçirməkdir. Düşünmürəm ki, şüarlarla məsələ həll olunur. Elə qadınlar var ki, onlara şüarlar deyil, xidmət, dəstək lazımdır.  Yəni, daha çox xidmətlərə yönədilməsi düzgün olardı.

Feministlər qadın qətillərinə susmurlarsa, bu yaxşıdır. Belə götürəndə heç birimiz buna susmur, biganə yanaşmırıq. Amma eyni zamanda qanuna baxırıq ki, harada boşluq var. Yəni, müəyyən etməyə çalışırıq ki, qanunda, yoxsa istiqamətləndirmədə boşluq var və sairə. Yəni, mən şüarlardansareal dialoqun tərəfdarıyam. Hökumətlə də danışmaq lazımdır ki, “niyə ləngidirsən, niyə addımlar  dəyişmir, niyə yenə də qadınlar qətl olunur?” və sairə. Bu sualların ünvanı da hökumət nümayəndələridir, onlarla oturub, danışmaq lazımdır”.

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, tanınmış kulturoloq Aydın Xan Əbilov isə mövzuya bur cür şərh bildirdi:

“Bəli, Azərbaycan cəmiyyəti getdikcə dünyada qəbul olunmuş  sivil formada öz fikirlərini bildirməyə və eyni zamanda hər hansı ictimai mövqeyini ortaya qoyduğunu nümayiş etdirdi. Son illərlə müqayisədə feministlərin və onların tərəfdarlarına daha sivil, sakit, dinc yolla, Azərbaycan mentalitetinə uyğun olan mövqe, çıxış, şüarlarla küçəyə çıxması normal qarşılanmalı, alqışlanmalıdır. Baxmayaraq ki, indi həm dünyada gedən geopolitik proseslər, Ukrayna ətrafında  gedən müharibə, Qarabağ müharibəsi, postpandemiyada mitinqlər, küçə çıxışları arzulolunan deyil, tövsiyə edilmir, amma insanların mövqeyi var, bunu onların əlindən almaq olmaz. Bu baxımdan da feministlərin çıxışını normal qəbul etmək lazımdır.

Müəyyən  aksiyalar zamanı aqressiya o zaman olur ki, əks tərəf və yaxud feministlərin fikirlərinə qarşı çıxan tərəflər aqressiya nümayiş etdirir. Yaxud təhrik edirlər ki, ictimai toplantıya qoşulmuş insanlar da aqressiya göstərsinlər. Amma gördük ki, bu dəfə aksiyada bayağı, mentalitetə zidd olan şüarlar olmadı”.

Kulturoloq qeyd edib ki, son vaxtlar feminizm dünyada geniş  vüsət alıb ki, bunun da səbəbləri var:

“Əvvəllər daha çox cinsi azlığın nümayəndələri çölə çıxıb mitinqlər, üsyanlar, plakatlarla fikirlərini bildirirdilərsə, onlar qarşı yeni bir hərəkat – feminizm hərəkatı qalxdı və qadınlar öz azadlıqlarını, hüquqlarını tələb etmək üçün feminizmdən  ictimai- siyasi cərəyan kimi istifadə etməyə başladılar.

Doğrudur, sovet dövründə bu mövzu ilə bağlı qadağa olsa da, arxivlərdən tapmaq olar ki, ötən əsrin 50-60-cı illərində əsas iğtişaşlar, Fransada “Solçu”, “Tələbə hərəkatı”, həmçinin “HİP” hərəkatının özəyini məhz cinsi  azlıq nümayəndələrinin öz hüquqlarını qorunması ilə başlamışdı. İndi Amerikada, Avropada çıxan filmlərdən, kitablardan oxuyur, görürük ki, həqiqətən də zamanında bizə siyasi cərəyan kimi təqdim olunan bu tipli liberal azadlıqların  təməlində, onları həyata keçirən əsas tərəfdarları “geylər” və qeyri-adi oriyentasiyası olan insanlar idi. Bu insanların hərəkatı o qədər gücləndi ki, bəşəriyyət silkələndi və qadınlar, o cümlədən  əsas düşüncə adamları qadınların bərabərhüquqlu yaşam haqları uğrunda mitinqlərə çıxmağa başladılar. Onlar qadınların sevgiyə ehtiyacı olduğunu,  kişilər kimi müxtəlif azadlıqlara, iş və təhsil, yaşam hüquqlarına malik olduğunu nümayiş etdirmək üçün feminizm hərəkatını başlatdılar.

Azərbaycanda feminizm hərəkatı ötən əsrin əvvəllərində mövcud olub. Daha dəqiq  desək, bunu bünövrəsi Axundov tərəfindən qoyulan,  Mirzə Cəlil və Molla Nəsrəddin məktəbinin başlatdığı bir hərəkat adlandırmaq olar. Daha sonra isə “Sevil” əsərinin yazılması, həm film çəkilib, həm də tamaşasının oynanılması isə feminizm hərəkatının geniş vüsət almasına səbəb oldu. Azərbaycan feminizmi daha  intellektual və daha milli idi və qadınlar  həm özləri, ailəsi, həm də vətənləri uğrunda mübarizəyə dinc yolla gedirdi.

İndi də Azərbaycanda qadınlar kişilər kimi bərabərhüquqludur. Getdikcə deputatlar, iş adamları arasında qadınların sayı artmağa başlayıb. Beləliklə, Azərbaycanda feminizmin çox maraqlı tarixi var. Amma müasir liberal feminizmin tarixi çox qısadır və daha çox siyasiləşib. Yəni bu hərəkat bir çox beynəlxalq və yerli qüvvələrin təsiri altında baş verir.

Sonuncu feminizm  dalğası isə daha çox sosial şəbəkə, internet, KİV-lərin təsiri ilə formalaşdırılıb. Ona görə də ötən illər bu hərəkat daha liberal idi, bu il isə sivil variantda  müşahidə olundu.

İnanırıq ki, qadınlarımız yenidən Azərbaycanın klassik feminizm hərəkatına qayıdacaqlar və ölkəmizin inkişafında, insanların formalaşmasında, təhsil və mədəniyyətin, intellektin genişlənməsində sürətlənməsinə xidmət edəcəklər”.

Xalidə Gəray,https://musavat.com/mobile/news/yaxsi-oglan-feminist-olar-suarina-reaksiyalar-bu-siyasi-xarakterli-idi_873864.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir