Görkəmli şairə-alim, ictimai xadim Firuzə Məmmədli: sonradan sevdiyim şəxsiyyət… Aydın Xan Əbilov yazır


Yanvarın 10-i onun günüdür: ədəbiyyatımızın görkəmli xanım-xatun şair-mütərcimi, publisisti, eləcə də humanitar elmimizin görkəmli filoloq-alimi, ədəbi-elmi ictimai xadim Firuzə Məmmədlinin günü – həm də xalqımızın, sözümüzün, intellektimizin günüdür…
Təəssüflər olsun ki, biz zamanında dəyərlərimizə çevrilmiş şəxsiyyətlərimizin laqiqli qiymətini vermirik, fəqət, millərin ziya nurlarını çərlədəndən sonra başlayırıq onun haqqında dastanlar qoşmağa…
Düzü, təbiətən və xüsusən gəncliyimdə deyib-gülməyi xoşladığımdan (çox əfsüslar olsun ki, illər ömrümə qalandıqca, o gözəl xasiyyətimi daha çox kədər, susmaq əvəzləyir), AYB-də, başqa tədbirlərdə Firuzə xanımla rastlaşanda, olmazcasına ciddi görkəmi, az danışmaqlığı, müdrikcəsinə baxışları ilə “danışmağına” görə əvvəllər ondan heç xoşum gəlməz, çalışardım yollarımız kəsişməsin. Firuzə Məmmədlini bu ciddiyyətinə görə daha çox kübar burjua xanımlarına oxşadırdım. Düşüncə etibarilə lieral solçu olduğumdan, kübarları elə də sevmirdim, o sıradan, məğrurluğu ilə onlara bənzətdiyim bu yaradıcı intellektual xanımı da.
Sonralar Firuzə xanımın şəxsi firuza.net ədəbi-elmi saytını hazırlayan zaman aramızda maraqlı bir yaradıcı münasibət möhkəmləndi və anladım ki, bu unikal şəxsiyyət heç də göründüyü kimi soyuq, insansevməz və tünd adam deyilmiş. Əksinə, onda Azərbaycan xanımlığının ən gözəl xüsusiyyətləri yaşayır və Firuzə xanım o tarixi kəslərdəndir ki, öz şəxsiyyətində ulu xalqımızın minillərə sığmayan milli-mənəvi , mental-kulturoloji dəyərlərini, yaradıcı-intellektual, estetik-ədəbi sərvətlərini yaşadır, indiki və gələcək nəsillərə ötürür: şeirləri, kitabları, monoqrafiyaları, elmi araşdırmaları, tərcümələri, məqalələri, indilərdə isə sosial şəbəkədəki statusları ilə. Dərin insanları isə hər zaman sevmiş, izləmiş, sayğılarıma layiq görmüşəm. Onun poetik-fəlsəfi sözlərində, düşüncələrində,mənalı baxışlarında, kübar simasında, ağayana mövqelərində, incə gülüşündə də milli xanımlıq, analıq, qadınlıq simvoluna çevrilə bilən bir ciddilik, dəyər, məna var. Obrazlı ifadə etsək, Peyğəmbərimizin “Cənnət – analarımızın, yəni xanımların ayaqları altındadır!” məşhur fikri sankı Firuzə Məmmədli kimi xanımlarımıza aiddir…
Ad günündə əziz Firuzə Məmmədliyə və ictimaiyyətə çatdırmaq istəyirəm: mən şəxsən tanıdıqca, onun simasında xalqımı, dilimi, ədəbiyyatımı, düşüncəmi, mental dəyərlərimi, milli xüsusiyyətlərimi daha da çox sevdim. Mən onun şəxsiyyətini, yaradıcılığını, kitablarını, əsərlərini, şəxsiyyətini, xanım-xatınlığını sevdim və çıəkinib eləmədən bu kiçik qeydlərimlə bunu zamanında – onun ad-şad günündə bəyan etdim…
Əziz Firuzə xanım, min yaşayın, yaradın, bizi – xalqı, ədəbiyyatımızı, şeirimizi sevindirin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir