İnsanların kitaba marağı niyə azalıb?! Səbəblərini ekspert Aydın Xan Əbilov açıqladı

“Əslində bütün dünyada mətnli informasiya, yəni kağızda yayımlanan bədii, elmi əsərlərə maraq get-gedə azalır. Çünki, hər dövrün, hər zəmanənin öz texnologiyası olur”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı, kulturoloq Aydın Xan Əbilov deyib.

“Vaxtilə papirus kağızında və yaxud əlyazma formasında, daha sonra kitab formasında yayımlanan ədəbiyyat, mətn, elmi əsərlər indi daha çox vizual və virtual görüntülü şəkildə yayımlanır. Vaxtilə yazıçılar şeir, poema, məsnəvi, hekayə, roman, povestlə dediyini indi kinofilmlər, teleseriallar və digər formatda görüntülü informasiya ilə əvəzlənib. Bunu da normal qarşılamaq lazımdır, eyni zamanda yeni mütaliə, oxu, yazı vərdişləri, bacarıqları yaranıb. Biz buna virtual oxu, elektron kitab, elektron mütaliə deyirik. Bu nə deməkdir? Artıq kağız daşıyıcıda tutaq ki, biz ikiotaqlı evimizdə maksimum 1000 ədəd kitabı kitabxanamızda saxlaya bilərik, ondan çox mümkün deyil. Elektron variantda, internetdə yayımlanmış hər hansı bir kitab və yaxud milyardlarla kitabı biz bir smartfonla, internetə giriş etməklə əldə edə bilərik. İstədiyimiz mətni, kitabı, əgər onun internet elektron variantı varsa dünyanın hansı yazıçısından asılı olmayaraq əldə edə bilirik. Belə ucuz və əlçatan variantların yarandığı bir vaxtda kağız kitabın get-gedə sıradan çıxmasını normal qarşılamalıyıq. Söhbət ədəbiyyatdan, elmi əsərlərdən, mətnlərdən getmir, orada yayım texnologiyasından və o texnologiyanın köhnəlməsindən gedir.

Biz bir kitabı çap etmək üçün çoxlu ağaclar kəsilməlidir, fabriklər işləməlidir, logistik imkanlar olmalıdır. Lakin, elektron variantda buna heç bir ehtiyac yoxdur, orada sadəcə bir tərəf, yəni yazıçı, müəllif həmin informasiyanı yığır, nəşriyyat onu elektronlaşdırır və biz də oxucu olaraq onu oxuyuruq. Əvvəllər bu qədər imkanlar, hər kəsin əlində video, şəkil çəkmək imkanı olan smartfon qurğuları yox idi, televiziya, internet, sosial şəbəkələr bu qədər inkişaf etməmişdi. Bunların hər birinin inkişafı, yeni format olaraq geniş kütləyə çatması əlbəttə ki, kitaba böyük bir zərbə idi və kitab get-gedə zamanın arxivinə getməli idi”.

Rüqəyya Orucova, https://sia.az/az/news/social/916041.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir