UNESCO Siyahısındakı 4 elementin sertifikatları mədəniyyət nazirinə təqdim edilib. Türkiyədən Qarabağa kitablar

UNESCO Siyahısına daxil olmuş 4 elementin sertifikatları mədəniyyət naziri Anar Kərimova təqdim edilib

İyulun 15-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Xüsusi tapşırıqlar üzrə səfir, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Baş katibi Elnur Sultanovu qəbul edib.

Görüşdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyləri nəticəsində milli mədəniyyətimizin dünyada getdikcə daha çox tanındığı və UNESCO kimi nüfuzlu təşkilatlarda mövqeyinin güclənməsi qeyd edildi.

UNESCO-nun müvafiq siyahılarına daxil edilən milli mədəni elementlərimizin sayının getdikcə artdığının sevindirici olduğunu vurğulayan Elnur Sultanov son daxil edilən elementlər üzrə sertifikatların Azərbaycan tərəfinə təqdim edildiyini bildirdi.

Milli Komissiyanın Baş katibi “Yallı (Köçəri, Tənzərə): Naxçıvanın ənənəvi qrup rəqsləri”, “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi”, “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” və “Miniatür sənəti” nominasiya fayllarının Bəşəriyyətin Qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil olunduğunu təsdiqləyən sertifikatları nazir Anar Kərimova təqdim etdi.

Sonda ölkəmizin UNESCO ilə əməkdaşlığı və müxtəlif Konvensiyalar çərçivəsində həyata keçirilən cari və perspektiv fəaliyyətlər ətrafında müzakirələr aparıldı.

Xatırladaq ki, Azərbaycan, Türkiyə və Qazaxıstan tərəfindən birgə təqdim edilən “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli nominasiya faylının və ölkəmizin UNESCO-nun Təcili Qorunma Siyahısına təqdim etdiyi “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” milli nominasiya faylının Siyahıya daxil edilməsi haqqında qərarlar 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində baş tutmuş UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmişdir.

“Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” milli  nominasiyası və Azərbaycan, Türkiyə, İran və Özbəkistanın birgə təqdim etdiyi “Miniatür sənəti” çoxmillətli nominasiyası üzrə faylların Siyahıya daxil olması ilə bağlı qərarlar isə 2020-ci ilin 16 dekabr tarixində, Parisdə baş tutan  və virtual keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 15-ci iclası çərçivəsində qəbul edilmişdir.

Hazırda ölkəmizin 15 qeyri-maddi mədəni irs elementi UNESCO-nun müvafiq siyahısında yer alır.

Türkiyədən Qarabağda yaradılacaq kitabxanalara hədiyyə olunan kitabların təqdimetmə mərasimi keçirildi

İyulun 16-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Qarabağda yaradılacaq kitabxanalara Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) tərəfindən hədiyyə olunan 10 min nüsxə kitabın təqdimetmə mərasimi keçirildi.

Təqdimat Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə həyata keçirdiyi işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyəti bərpa olunacaq kitabxanalar üçün “Qarabağa kitabla gedək” adlı kitab toplama kampaniyası çərçivəsində gerçəkləşib.

Tədbirdə mədəniyyət naziri Anar Kərimov, Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfiri Cahid Bağçı, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin müvafiq sahə üzrə əməkdaşları, Azərbaycan Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərləri, ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov tədbir iştirakçılarını salamladıqdan sonra tədbirin əhəmiyyətindən bəhs edib. Prezident İlham Əliyevin işğaldan azad olunan Füzuli şəhərinə səfəri zamanı erməni işğalçıları tərəfindən tamamilə dağıdılmış evləri və binaları göstərərək dediyi “Biz bunların hamısını bərpa edəcəyik” çağırışına qoşularaq Mədəniyyət Nazirliyi ilə birlikdə azad olunmuş ərazilərimizdə yaradılan kitabxanalara kitab toplama kampaniyasına başlanıldığını bildirib. Layihəyə ilk qoşulan Xalq yazıçısı Elçinin şəxsi kitabxanasından 500-ə yaxın kitab təqdim etdiyini vurğulayıb. Çox sayda ziyalımız və oxucularımızın, müxtəlif təşkilatların bu layihəyə dəstək verdiyini də xüsusi qeyd edib.

K. Tahirov İLESAM təşkilatının 10 min nüsxə kitabı Qarabağda yaradılacaq kitabxanalara bağışladığını, tezliklə həmin kitabların Qarabağda qurulan kitabxanalara təqdim ediləcəyini deyib.

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov qonaqları salamlayıb. Bildirib ki, Vətən müharibəsindən sonra da qardaş Türkiyə dövləti Azərbaycanın yanındadır. Dağıdılmış şəhərlərin yenidən qurulmasında, tarixi-mədəni abidələrin bərpa edilməsində dəstəyini əsirgəmir: “İşğal dövründə ən çox zərər çəkən mədəniyyət müəssisələrindən biri də kitabxanalar olub. Belə ki, 975 kitabxanamız dağıdılaraq yerlə yeksan olunub, onların 4,6 milyon nüsxədən artıq kitab fondları talan edilərək yandırılıb. Mədəniyyət Nazirliyi olaraq Milli Kitabxana ilə birlikdə həmin kitabxanalar bərpa olunduqdan sonra fondlarının bərpası məqsədilə belə bir layihələyə başladıq. Qərara aldıq ki, Qarabağ kitab fondu yaradılsın və hər bir azərbaycanlı buna dəstək olsun. Eyni zamanda qardaş Türkiyə və İLESAM təşkilatı da bizim çağırışımıza dərhal dəstək verərək 10 min kitabı fondumuza bağışladı. Yaxın zamanlarda həmin kitablar doğma Qarabağda oxunacaq”.

Azərbaycan-Türkiyə əməkdaşlığından söz açan Anar Kərimov söyləyib ki, iki ölkə arasında mədəniyyət, kitabxana və nəşriyyat sahəsində əlaqələr bundan sonra da yüksək səviyyədə davam etdiriləcək. Nazir çıxışının sonunda təqdim olunan kitablara görə İLESAM təşkilatına təşəkkürünü bildirib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar ölkəmizdə Türkiyə dövlətinə qarşı hər zaman böyük sevgi oluğunu bildirib. Şuşanın mədəniyyət paytaxtı elan edildiyi bir dövrdə türkiyəli qardaşlarımız tərəfindən bu kitabların hədiyyə olunmasının mühüm əhəmiyyəti var. Gün gələcək həmin kitablar Şuşa, Qarabağ kitabxanalarını bəzəyəcək.

Türkiyə Cümhuriyyətinin səfiri Cahid Bağçı Türkiyə və Azərbaycan qardaşlığının bundan sonra da davam edəcəyini deyib. Səfir türk xalqının çox sevdiyi “Kitab ən gözəl hədiyyədir“ şüarını səsləndirib. Bildirib ki, Türkiyə Azərbaycana bütün  sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlindən gələn köməkliyi göstərəcək.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışında  Fondun iki üzv dövləti Azərbaycan və Türkiyə bu gün yenə öz birliklərini nümayiş etdirdiyini söyləyib. Bildirib ki,  44 günlük Vətən müharibəsi ərzində beynəlxalq təşkilat olaraq Qarabağla bağlı türkdilli dövlətlərdən bir çox dəstək məktubu alırdıq. Müharibədə qazanılan Qələbə təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının Zəfəridir.

Türkiyə Milli Kitabxanasının direktoru Ali Odabaş tədbir iştirakçılarına Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun salamlarını çatdırıb.

Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin (İLESAM) rəhbəri Mehmet Nuri Parmaksız vurğulayıb ki, təmsil etdiyi təşkilatı dəstəkləyən qurumlar olmasaydı, belə bir layihəni həyata keçirmək mümkün olmazdı.

Daha sonra Mehmet Nuri Parmaksız “Alim, şair, yazıçı və sənətçilər ensiklopediyası” kitabını mədəniyyət naziri Anar Kərimova hədiyyə edib.

Sonda tədbir iştirakçıları Türkiyədən Milli Kitabxanaya hədiyyə olunan kitabların sərgisi ilə tanış olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir