Düşündürən poeziyanın işığı və zamana ünvanlanmış suallar. İlqar Manafoğlunun “Dön geri” kitabına sözardı. Manaf Qasımbəyli

Düşündürən poeziyanın işığı və zamana ünvanlanmış suallar

İlqar Manafoğlunun yeni çapdan çıxan “Dön geri” şeirlər kitabına sözardı

Söz sənəti tarixən qədimdir. Azərbaycan daima öz şairləri, ədibləri ilə seçilib. Şairlik xalqın qanındadır desəm, yanılmaram. XXI əsr Azərbaycan ədəbiyyatı özünün inkişafında yeni mərhələyə daxil olub. Xalqımızın müstəqillik uğrunda apardığı istiqlal müharibəsi, habelə erməni içğalçılarına qarşı Vətən müharibəsində qəhrəmancasına həlak olan əsgər və zabitlərimizin keçdiyi həyat və döyüş yolu, onların şücaəti İlqar Manafoğlunun şeirlərinin qan-damar sistemini təşkil edir. Onun şeirlərinin leytmotivi Qarabağ, Vətən, igid əsgər, Azərbaycan reallıqları və s-dir

Poeziya ədəbiyyatın ürəyidir desək yanılmarıq. Azərbaycan poeziyasında öz dəsti-xətti, üslübu, sözün ərsəyə gətirilməsində, doğulmasında öz qəlibi və manerası olan yazıçılardan biri də şair İlqar Manafoğludur.

Bu günlərdə şair İlqar Manafoğlunun sayca ikinci şeirlər kitabı olan “Dön geri” çapdan çıxıb. 200 səhifə həcmində olan kitab “Ecoprint” nəşriyyatında çap olunub.

Əlbəttə, dünya və Azərbaycan poeziyasının istər klassik, istərsə də, müasir nümayəndələrinin yaradıcılığını nəzəri cəhətdən təhlil etdikdə ilk diqqəti cəlb edən həmin nəhənglərin ədəbiyyata gəlişi məhəbbət şeirlərindən başlamasıdır.

Təbiidir ki, İlqar Manafoğlunun ilk şeirləri məhəbbət mövzusunda olub Şair bu məzmunlu şeirləri ilə müasir gəncliyin ruhunu, romanın ədəbi kökləri üstündə rəvan dildə, ecazkar şəkildə tərənnümünə nail ola bilib.

Sən hardan biləsən, nə çəkdiyimi,
Qəlbimə hələ də qar yağır mənim.
Eşqə həsrət qalan, könlüm yaralı,
Sanki tufan qopub, batıbdı gəmim.

Sən hardan biləsən, məhəbbət nədir,

İçimi dağıdan tufan sönməyir,
Səsini eşitmək istəyir könül,
Zənglər də boş gedir, cavab gəlməyir.

və yaxud başqa bir şeirində şair belə yazır:

Boylandım sən gələn yollara sarı,
Dedim qismət olsa, bəlkə də gəldi.
Bəlkələr, gümanlar aldatdı məni,
Sən demə yarımın daşdandır qəlbi.

Necə sadəlövhcə xəyal qururam,
Vəfasız gözəldən imdad umuram,
Ürək tab gətirmir, düşüb – dururam,
Hər addım səsləri, bağrımı dəldi.

Adamlar acıyır qəlbində mənə,
Bu cəza yüngüldür  əslində mənə,
Bircə yol ömründə gülümsə mənə…
Düşünmə sevgidən İlqar əl çəkdi.

Göründüyü kimi şairin məhəbbət mövzusunda qələmə aldığı şeirlər oxucunun duyğularını titrədərək dilə gətirir, aşiq və məşuqun saf məhəbbətinin ecazkar tərənnümü oxucunu mənəvi gözəllik, həqiqi eşq barədə düşünməyə vadar edir.

Şair İlqar Manafoğlunun ədəbi yaradıcılığında Qarabağ döyüşləri, düşmən üzərində 44 günlük Vətən müharibəsi, vətənpərvərlik və fəlsəfi məzmunlu şeirlər də üstünlük təşkil edir. Bütövlükdə şairin yaradıcılığında əsasın 3 istiqaməti bir-birini yüksək ədəbi çalarları ilə izləməklə tamamlayır.

Vətən mənə anadır,

Mən anasız qalmaram.

Çörəksiz, susuz qallam,

Mən vətənsiz qalmaram!

Namus, qeyrət zamanı,

Vermə yada amanı,

Azad edək Şuşanı,

Mən Şuşasız qalmaram!

Göz  bəbəyim, Qarabağ,

Qalma gözümdən irağ,

Bizimkidir bu torpaq,

Mən torpaqsız qalmaram!

Şairin vətənpərvərlik ruhunda yazdığı şeirlərində ədəbi qayə olduqca rəvan və xarakterikdir. Qeyd olunan şeir parçasında illərlə işğal altında qalan Qarabağımızın, Şuşamızın düşməndən azad olunması üçün ümumxalq çağırışı da var. Şair özü də silaha sarılıb müsəlləh əsgər kimi düşmənin üzərinə hücuma atılmaq istəyir.

Ümumiyyətlə, İlqar Manafoğlu xalqımızın qəhrəmanlıq tarixini yeni ədəbi üfüqlərdən seyr etməklə ədəbiyyatda vətənpərvərlik mövzusunu ön plana çəkib.

Məqsədimiz müqəddəsdir, dönmərik,

Qorxu nədir, həyəcan nə, bilmərik,

Vətən eşqin ürəklərdən silmərik,

Qələbəyə doğru daim irəli!

Çiyərlərə çəkdik çölün tozunu,

Təbiətin gördük o sərt üzünü,

Layiqincə verdik cavab sözünü,

Qələbəyə doğru daim irəli!

yaxud, digər şeirində şair yazır:

“Şuşanin dağları başı dumanlı”,

Xalqımız inamlı, ordumuz şanlı,

Azad edəcəyik, əli silahlı,

Az qalıb, az qalıb, bir az döz Şuşam!

Düşmənin can verir, nəfəsi gəlmir,

Səngərdə gizlənib, heç səsi gəlmir,

Köməyə “axçası”, “kirvəsi” gəlmir,

Az qalıb, az qalıb, bir az döz Şuşam!

Göründüyü kimi şairin vətənpərvərlik ruhlu şeirlərində ictimai-siyasi qayə olduqca güclüdür. Qətiyyətlə demək olar ki, şairin bu ictimai-siyasi çalarlarının poetik növü Vətən sevgisindən alovlandığı üçün hər vaxt yanaraq “vətən yolunu” işıqlandıracaqdır.

Xeyirxahlıq, insanpərvərlik, dostluq və ümumən fəlsəfi dünya görüşləri  də İlqar Manafoğlu yaradıcılığının ana xəttindən kənarda qalmayıb.

Olur, bəzən ədalətli olmayıb,

Dovşanı, çaqqalı şir etdiklərin.

İnsanlığa heç bir xeyri olmayan,

Namərd məzarını, pir etdiklərin.

Yaxşıların çalış qədrin biləsən,

Xoş əmələ sevinəsən, güləsən,

Öz fikrini daim açıq deyəsən,

Heç vaxt gizli qalmaz, sirr etdiklərin.

və yaxud:

Günəş qürub edər, rəngi saralar,
Əlin zəhmətilə insan dolanar,
Tək əldən səs çıxmaz, deyib atalar,
Agılla, savadla adam ucalır.

Nəzakətli davran, dost qədrini bil,
Bu dünya heç kimə əbədi deyil,
Nəbadə namərdə, iblisə əyil,
Milçək bir şey deyil, könül bulanır.

Doğrusu deyim ki, İlqar Manafoğlu yaradıcılığında elə bitkin, yeni deyimlər və poetik ifadələr var ki, təkcə bunlar özü müəllifi aydın, işıqlı yollara çıxara biləcək gücə malikdir. Şairin yaradıcılığı məni o qənaətə gətirdi ki, şair sözdən qanad almağı, sözün sehrinə varmağı, sözü “oyub”, ondan istədiyi “heykəli” düzəltməyi sevən, bacaran ədibdir. Digər bir cəhət isə onun vətəninə, dilinə olan bağlılıq yoludur.

Bu misralar fikrimizi tam sübut edir:

Heç aldanma, bel bağlama dünyaya,
Çox sağlamı zəlil edən dünyadır.
Mal-mülkünü qəfil alar əlindən,
Atdan salıb, əzib keçən, dünyadır.

Axirəti hər an düşün, dərindən,
Səxavəti əskik etmə, əlindən,
Elə otur qalxmayasan yerindən,
Qərib kimi, tərki-vətən dünyadır.

Ümumiyyətlə, İlqar Manafoğlu səmimi şairdir, obyektiv və səmimi şeirləri oxucunu zamanın sualları qarşısında düşünməyə çağırır. Şeirdə istər təhkiyə, istər təsvir, istərsə bədii sorğu şairin poetik duyğularının bədii ifadəsidir. 

Bir oxucu kimi mən şairi yeni kitabının çapdan çıxması münasibəti ilə ürəkdən təbrik edir, şairə yeni müvəffəqiyyətlər arzulayır, oxucu rəğbəti arzulayıram.

Nəhayətdə İlqar Manafoğluna bu çətin və şərəfli yolda – ədəbiyyat yolunda, bu qədim söz sənəti yolunda uğurlar arzu edirik. Şair Haqqdan yaz ki, qələmin mürəkkəbini Allah özü doldursun.

   MANAF QASIMBƏYLİ, Jurnalist,  REPORT İA-nin müxbiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir