İntellektə, kitaba, fəlsəfəyə və xalqın inkişafına xidmət edən ömür: Hüseynağa Qəniyev

HÜSEYNAĞA QƏNİYEV-80

Lənkərandan olan ziyalılar dedikdə ilk yada düşən insanlardandır Hüseynağa Qəniyev. Mən onun haqqında çoxdan yazmaq istəyirdim, açığı, ehtiyat edirdim. “Zəka və xarakter” kimi fəlsəfi əsərin müəllifi haqqında yazmaq adamdan hünər istər! Eyni zamanda, Hüseynağa müəllim olduqca təvazökardır, haqqında yazılmasını çox da istəmir. “Yubiley ilinizdir”,- deyib çətinliklə razı saldım.
Hüseynağa müəllim jurnalist, politoloq, filosof, ictimai-siyasi xadim, Azərbaycanın ilk Milli Məclisinin üzvü (1992-1995) , Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Lənkərandan olan jurnalist təhsili almış ilk ziyalılardandır. Lənkəranda ötən əsrin 80-ci illərində keçirilən Kitab bayramının ideoloqu və təşkilatçısı olan H.Qəniyev Azərbaycan Dövlət müstəqilliyi haqqında Bəyanamə və Konstitusiya aktının qəbul olunmasına səs vermiş və müstəqil Azərbaycan Respublikası Konstitusiyasını hazırlayan Dövlət Komissiyasının üzvü (1995) kimi tarixə düşmüşdür. Onun MM-də dövlət dili haqqında çıxışı böyük əks-səda doğurmuşdu.
Qəniyev Hüseynağa Ərəb oğlu 26 aprel 1941-ci ildə Lənkəran rayonunun Separadi kəndində anadan olmuşdur. 1948-1958-ci illərdə orta məktəbdə oxumuşdur. 1964-cü ildə ADU-nun jurnalistika fakültəsini və 1973-cü ildə Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1964-cü ildə “Leninçi”(indiki “Lənkəran”) qəzetində başlamış, 1970-ci ilə qədər bu qəzetin redaksiyasında işləmişdir. Sonralar Lənkəran Şəhər Partiya Komitəsində təlimatçı, təbliğat-təşviqat şöbəsi müdirinin müavini və müdiri, Şəhər Partiya Komitəsinin ikinci katibi, Azərbaycan KP MK-da təlimatçı, məsul təşkilatçı, Masallı Rayon Partiya Komitəsinin birinci katibi, Lənkəran-Astara regionu üzrə Azərbaycan Respublikası Prezidenti Ali Nəzarət İnspeksiyasının baş inspektoru, ANS Müstəqil Yayım və Media Şirkətinin baş redaktorunun müavini vəzifələrində işləmişdir.
Dünyəvi elmlər, parlamentçilik və dövlət quruculuğu sahəsində dərin ensiklopedik bilik və təcrübəyə malikdir. Azərbaycanda müstəqil, dünyəvi və demokratik dövlətin qurulmasında , insan hüquqlarının və azadlıqlarının qorunmasında , dünya dövlətləri ilə beynəlxalq öhdəliklər əsasında əməkdaşlıq prinsiplərinin həyata keçirilməsində fəal iştirak etmişdir. Dağlıq Qarabağ problemi ilə əlaqədar məsələnin müzakirəsində Azərbaycan Respublikası parlamentinin Avropa Şurasında (Strasburq,1994) ilk nümayəndə heyətinə başçılıq etmişdir. MDB ölkələri parlamentlərarası Assambleyasının insan hüquqları müdafiəsi və sosial siyasət komissiyasının üzvü olmuşdur.
1971-1983-cü illərdə Lənkəran Şəhər Partiya Komitəsində işlədiyi dövrdə maarifçiliyin inkişafına, xüsusən xalq adət-ənənələrinin , folklorun qorunub saxlanması , kitabın təbliği sahəsində geniş və səmərəli fəaliyyət göstərmişdir. Rayonda mədəni-kütləvi tədbirlərin, o cümlədən kitab, mahnı və idman bayramlarının təşəbbüsçüsü və təşkilatçısı olmuşdur.
H.Qəniyev ədəbi yaradıcılığa1963-cü ildən başlamışdır. İlk kitabı olan “Ətirli çay” 1969-cu ildə ” Gənclik” nəşriyyatında çap olunmuşdur. 8 kitab müəllifi olan Hüseynağa müəllimin respublikada, xarici ölkələrdə, o cümlədən ABŞ-da elmi, publisistik və bədii əsərləri nəşr olunmuşdur.
H.Qəniyev “Şərəf nişanı” ordeni və müxtəlif medallarla təltif edilmişdir.
“Ətirli çay”,B.,1969; ” Ömrün mənası”,B.,1974; “Yarışan tərəvəzçilər”, B., 1977; “Zolaqlı yollar”,B., 1981; ” Социологическая служба в Азербайджане”, B., 1984; “Müstəbid”, B., 2001; ” Zəka və xarakter”, B., 2011 kitablarının müəllifidir.
Bütün bunlarla yanaşı, Hüseynağa müəllim çox səmimi insan, mehriban dost , ağsaqqal, gözəl məsləhətçidir.
Biz qrup olaraq Hüseynağa Qəniyevi 80 illik yubileyi münasibətilə təbrik edir, ona sağlam həyat arzulayırıq.

Mirhaşım Talışlı və Etibar Əhədovun “Lənkəran: Ensiklopedik məlumat-ll” kitabından mənbə kimi istifadə edilmişdir.

Ceyran Həsənova, pedaqoq-yazar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir