ABŞ-da müalicə olunan Gənclər və İdman naziri Azad Rəhimov dünyasını dəyişib

Azərbaycanın İdman və Gənclər naziri Azad Rəhimov vəfat edib.
Bu barədə nazirliyin mətbuat katibi Səmayə Məmmədova bu barədə Facebook hesabında kədərini bölüşüb.

“Bir neçə dəqiqə bundan öncə mənəvi atamı, dostumu,  böyük qardaşımı, ürək sirdaşımı, nazirimi itirdim.  Bir müddət bundan öncə onunla danışanda: “Azad m, nə olar, tez gəlin. Sizinlə bölüşməyə, danışmağa, məsləhətlərinizi almağa elə ehtiyacım var”. yazmışdım. Cavabı: “Gözlə. Gələcəm.”olmuşdu. Azad m, axı Siz hər zaman sözünüzə sadiq olmusunuz. Bəs bu dəfə niyə belə etdiniz?    Niyə gözümü yolda qoydunuz? Sizsiz mənə çox çətin olacaq Azad m. Qoyduğunuz boşluğun ağrısı hər zaman içimi  göynədəcək, ürəyimi  yandıracaq. Sizin yoxluğunuzla  mən həyatımda ilk dəfə doğma itkisinin acısını yaşadım.  Allah mənə 14 il Sizinlə çiyin-çiyinə çalışmmağı, Sizdən  öyrənməyi, Sizin məktəbi keçməyi  mükafat olaraq nəsib etdi. Hər şey üçün çox sağ olun! Zəhmətinizi halal edin! Məkanınız cənnət olsun mərd, sözü , əməli bütöv, mərhəmətli MÖHTƏŞƏM INSAN! 
Bu günlərdə dualarını əsirgəməyən, xoş sözlər yazan, cənab nazirin səhhəti ilə maraqlanan hər kəsə təşəkkür edirəm!” 

Qeyd edək ki, Azad Rəhimov ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunurdu. 56 yaşlı nazir yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanmışdı.

Xatırladaq ki, uzun müddətdir, ağciyər xərçəngi və qaraciyər serrozundan əziyyət çəkən nazirin 57 yaşı vardı.
Azad Rəhimov 1981-86-cı illərdə Azərbaycan Dillər Universitetində təhsil alıb. 1986-1987-ci illərdə hərbi xidmət keçən gələcək nazir 1987-1989-cu illərdə Bakı şəhəri Xətai rayon Komsomol Komitəsinin katibi işləyib. Daha sonra iki il Xətai rayon Komsomol Komitəsinin 1-ci katibi vəzifəsini tutub. 1990-1993-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri postunu tutmuş A.Rəhimov sonrakı fəaliyyətini biznes sahəsində qurub. O, 1994-1998-ci illərdə “Ros-İmesko” MMC-nin baş direktoru, 1998-2006-cı illərdə isə “İtaldizayn” QTSC-nin baş direktoru işləyib. 2006-cı ildə ölkə başçısının sərəncamı ilə Azad Rəhimov Azərbaycan Respublikasının gənclər və idman naziri təyin olunub. Rəhimov 15  il idi ki, nazir postunu tuturdu. Bu müddət ərzində o, Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında, ölkəmizdə idmanın tərəqqisində mühüm rol oynayıb desək, yanılmarıq. Belə ki, ölkə başçısının da fərman və sərəncamları ilə nazir Azad Rəhimov gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələləri, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı önəmli tədbirlərin keçirilməsi, müəyyən addımların atılması istiqamətində işlər görüb.

Ölkəmizdə idmanın inkişafı və gənclərlə iş sahəsində çoxşaxəli fəaliyyət həyata keçirən, bu sahədə dövlət siyasətinin reallaşmasında vacib rol oynayan Rəhimovun uğurlu fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Təsadüfi deyil ki, iyulun 24-də Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə gənclərlə iş və idman sahəsində çalışan şəxslərin təltif edilməsi barədə Sərəncam imzalayıb və həmin şəxslər arasında Azad Rəhimov da yer alıb. Sərəncama əsasən, Azərbaycanda gənclərlə iş sahəsində səmərəli fəaliyyətlərinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə bir qrup şəxs orden və medallara layiq görülüb. Gənclər və idman naziri Azad Rəhimov isə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Rəhimovun nazir postunu tutduğu dövrdə icra edilən dövlət proqramlarını da xüsusilə qeyd etmək lazımdır. Bu proqramların hər biri müxtəlif sahələri əhatə edirdi. Məsələn, 2007-ci il “gənclər ili”, 2020-ci il isə “könüllülər ili” elan olundu. Bu da o deməkdir ki, nazirin fəaliyyət göstərdiyi müddətdə gənclər hər zaman diqqət mərkəzində olub.

O cümlədən Bakıda keçirilən Avropa Oyunları, 4-cü İslam Həmrəyliyi Oyunları, Avropa Gənclər Olimpiya Festivalı, şahmat olimpiadası və bu kimi digər tədbirləri də vurğulamaq olar. Məhz bunların nəticəsidir ki, 15 il müddətində idmana xüsusi diqqət və qayğı olub. Bəllidir ki, Azərbaycanda yüksək vəzifələr tutan məmurlarla bağlı tez-tez mediada məlumatlar yayılır – kimisi haqda yaxşı, kimisi haqda xoş olmayan şeylər danışılır. Azad Rəhimov isə səmimi məmurlardan biri olaraq yadda qalıb. O hər zaman gənclərlə birbaşa ünsiyyətdə olub, problemlərini, şikayətlərini dinləyib. 

Sfera.az olaraq mərhumun yaxınlarına baş sağlığı veririk.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir