“Bəzən yeni gələn nazir, icra başçısı köhnənin əməlləri ilə bağlı susur, çünki…” Əkrəm Həsənov
Son illər ölkədə gedən islahatların əsas istiqamətlərindən biri də korrupsioner məmur-oliqarxların vəzifədən kənarlaşdırılması oldu. Lakin sabiq məmurların çox az bir qismi törətdiyi cinayətlərə, korrupsiya və yeyintilərə görə həbs olundu.
Qandallanan nazirlərdən biri də Səlim Müslümovdur. S.Müslümovdan sonra həbs dalğası niyə dayandı? Digər vəzifəsini itirən nazirlərin həbs olunmamasının arxasında hansı səbəblər dayanır? Hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov müsahibəsində bu sualları cavablandırıb.
– Əkrəm bəy, son illər ölkədə korrupsioner məmurların vəzifədən kənarlaşdırılması prosesi uğurla aparıldı. Lakin xalq onların əksəriyyətinin həbsini gözləsə də bu baş vermədi. Xüsusən Səlim Müslümovun həbsindən sonra belə rəylər artmışdı ki, digər sabiq korrupsioner məmurların qapısı döyüləcək…
– Ümumən götürəndə Azərbaycanda yalnız bəzi icra başçıları korrupsiya ittihamı ilə vəzifələrindən azad olunublar. Nazirlərin əksəriyyəti isə sadəcə azad olunublar, səbəbini isə biz heç dəqiq bilməmişik. Bu baxımdan ilk növbədə korrupsiya faktları araşdırılıb sübuta yetirilməlidir. Əgər kimisə rüşvət alarkən və ya verərkən iş başında tutmursansa, onun əməllərini yalnız sənədlərin içində olan adam müəyyən edə bilər. Sənədləri araşdırmaqla aydınlaşdırmaq olar ki, bu qurumda nə qədər maliyyə pozuntusu olub, nə qədər maxinasiyalar olub. İstər bank sahəsi olsun, istər iqtisadiyyat, istər sosial müdafiə – fərqi yoxdur, korrupsiya faktlarını müəyyən etmək üçün o sənədləri tədqiq etmək lazımdır. Bunu isə hüquq-mühafizə orqanları edə bilmirlər. Hüquq-mühafizə orqanı əməkdaşı gedib Maliyyə Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və ya İqtisadiyyat Nazirliyində deyə bilməz ki, verin sənədlərinizə baxım, görüm nə qədər maliyyə itkisi var. Hətta baxsa belə, heç nə başa düşməz, çünki polis və ya prokurorluq işçisi o sahənin adamı deyil. Bunu yalnız Hesablama Palatası edə bilər, onlar bu işə daha yaxındırlar, bilirlər. Ancaq orada da elə güclü mütəxəssislər yoxdur ki, hər sahədən başı çıxsın. Burada yalnız köhnə nazirləri, məmurları əvəz edən yenilər öz sözünü deyə bilər. Onlar fəaliyyətləri əsnasında yeyinti faktlarını üzə çıxartmalıdırlar. Yeni gələnlər çox aydın şəkildə görə bilərlər ki, öncəki məmur nə çirkli işlərlə məşğul olub.
| “Yeni gələn kadrlar çox aydın şəkildə görə bilərlər ki, öncəki məmur nə çirkli işlərlə məşğul olub” |
– Əkrəm bəy, əvvəllər də ölkədə nazirlər, icra başçıları dəyişib, bəs niyə yeni gələnlər köhnələrin əməllərinin üstünü açmayıb və bu gün də açmayanlar var?
– Bəzən yeni gələn məmur, nazir, yerli icra başçısı köhnənin əməlləri ilə bağlı susur, üstünü açmır. Çünki eyni mexanizmlərdən özü də istifadə etmək istəyir. Baxır ki, öncəki hansı yollarla pul qazanıb, onun üstünü açsa onu tutacaqlar, ancaq özü istifadə edə bilməyəcək. Hətta işdən çıxarılan məmuru həmin faktlarla şantaj da edə bilər ki, əməllərinin üzə çıxmasını istəmirsənsə qazandığından filan qədər verməlisən. Əlbəttə, bunları biz bilmirik. Ancaq yeni təyin olunan peşəkar kadrlar var ki, onlar üzə çıxarırlar, kimisi daha tez, kimisi bir qədər gec olsa da, müəyyən faktlar ortaya qoyurlar. Biz bunu da bilmirik, bəlkə də yeni kadrlardan hansısa öncəki məmurun yeyinti faktlarını üzə çıxarıb, artıq onunla məşğul olublar, mənimsənilən vəsaiti geri alıblar və buna görə cinayət işi açılmayıb. Ancaq mən hesab edirəm ki, hər bir halda iş açılmalıdır.
– Əgər sabiq məmur dövlətdən mənimsədiyi vəsaiti geri qaytarırsa, bu onu həbsdən xilas edirmi?
– Xarici təcrübədə də belə hallar var ki, kimsə gəlib vurduğu zərəri bağlayırsa, istintaqla əməkdaşlığa gedirsə, dövlətin pulunu qaytarırsa onu həbs etmirlər. İnsanlar elə bilir ki, rüşvət almaq asan məsələdir, onların çoxu ürək xəstəliyinə, şəkər xəstəliyinə tutulurlar, sonda isə yığdıqları pul da əllərindən alınır. Bu özü bir dərsdir. Azərbaycanda da təmiz və peşəkar kadrlar indi-indi vəzifələrə gətirilir və korrupsionerlərin əməlləri üzə çıxır. Səlim Müslümova gəlincə, məsələn, bilirik ki, bizim doğulduğumuz kənddə nə qədər saxta əlilliyi olanlar var. Bizim kəndimizdə çox sayda belə şəxslər var, saxta yolla zamanında pensiya düzəldiblər. Saysız –hesabsız belə faktlar var.
– Səlim Müslümovun zamanında pensiyaya çıxanların əlilliyi yenidən araşdırılır və xeylisi ləğv olunub.
– Bəli, bir qismi ləğv olunub. İnsanlar var ki, deyir heyif deyildi Səlim Müslümov, çörək verən idi. Sahil Babayevi isə bəyənmirlər ona görə ki, bu faktları üzə çıxarır. Bu faktları ona görə çıxarır ki, Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən hər il əlavə vəsait verilir. Niyə verilməlidir ki? O fond hər il öz büdcəsini özü bağlamalıdır.
– Yeyinti faktları demək olar ki, əksər qurumlarda var. Bəs, Səlim Müslümovla bağlı prosesin fərqi nə idi ki, sabiq nazirlərdən məhz o həbs olundu?
– Mən hesab edirəm ki, burada birinci faktor onun törətdiyi əməllərin həddindən artıq olmasıdır. Dövlət sosial müdafiə sahəsi oğurluq üçün çox “əlverişlidir”, orada imkanlar çoxdur. Burada yeyinti belə sanki xoş niyyətlə edirsən. İri layihələrdə yeyintini tutmaq asandır. Sosial müdafiə sahəsində isə xırda işlərdir. Hər vətəndaşa pensiya verirsən, xırda işlərdən vəsait mənimsəyirsən… Yəqin o qədər çox sayda belə faktlar ortaya çıxıb ki, nəticə həbsə aparıb. Bu həm də indiki əmək və əhalinin sosial müdafiəsi nazirinin düzgün işləməsinin nəticəsidir. Onlar nə qədər faktlar ortaya çıxarıblar. Bu səbəbdən hazırki nazirə qarşı mətbuatda sifarişli, tənqidi materiallar çoxdur. Çünki çoxunun çörəyini kəsiblər. Üçüncü faktor isə qeyd etdiyim ki, vəsaitlərin qaytarılmasıdır. Digər korrupsionerlər əsasən iri layihələrdən oğurladıqları üçün vəsait də elə özlərində idi. Səlim Müslümovda isə proses başqa cürdür, xırda-xırda oğurluq edərkən bunu təkbaşına edə bilməzdi. Aydın məsələdir ki, burada çox sayda insan iştirak edib, ətrafı çox olub, həmin pulu tək yeməyib. Bu gün də həmin pulu qaytara bilmir. Bu məqamlar da var.
– Belə bir məqam da var ki, vəzifədən çıxarılan məmurların adamlarını da o qurumdan təmizləmək çətin olur və bu özü də yeni kadrlara cinayətləri, yeyintiləri aşkarlamağa çətinlik yaradır.
| “Bəzən yeni gələn nazir, icra başçısı köhnənin əməlləri ilə bağlı susur, üstünü açmır. Çünki eyni mexanizmlərdən özü də istifadə etmək istəyir” |
– Doğrudur, Səlim Müslümovla bağlı əsas məqamlardan biri də odur ki, o bir neçə il əvvəl vəzifədən azad edilib, nazirlikdəki , dövlət qurumlarındakı əlaqələri azalıb. Yaxın keçmişdə işdən çıxarılan məmurların isə hələ də adamları, qohum və tanışları vəzifələrdədir və onlar imkan vermirlər, problem yaradırlar. Əvvəl –axır hamısı məsuliyyətə cəlb olunacaq. Mən heç kimin həbsinin tərəfdarı deyiləm, əsas odur ki, dövlətin pulunu qaytarıb versinlər. Ancaq reallıq budur ki, yaxın dövrdə vəzifədən azad olunanların adamları dövlət qurumlarında var, Əli Həsənovun, Ramiz Mehdiyevin adamları var. Əlbəttə, həmin şəxslər sabiq məmurları çox sevdiklərindən deyil, özləri də həmin cinayətlərə bulaşdıqları üçün müdafiə edirlər. Ramiz Mehdiyev özü hələ də vəzifədədir, elə böyük bir vəzifə olmasa da, hər bir halda belədir. Səlim Müslümovun isə artıq belə dayaqları yoxdur.
| “Elə məmur var ki, az hallarda səhv edib, elələri də var ki, bütün sistemi dağıdıb” |
– Pandemiya və müharibə bir qədər bu prosesi dayandırdı, sizcə dövlət idarəetməsindəki təmizləmə, islahatlar davam edəcəkmi?
– Mən əminəm ki, proses gedəcək. Xüsusən də yerli icra hakimiyyəti başçılarının həbsi səngidi. Pandemiya meydana çıxdı, sonra müharibə başladı. Bu təmizləmə prosesi ilə məşğul olan dövlət qurumları həm də müharibə ilə, pandemiyanın yaratdığı problemlərlə məşğul oldular. Bu iki məsələ həllini tapdıqdan sonra proses davam edəcək. Əslində, vəzifəli şəxslər arasında maliyyə pozuntularına yol verməyən adam tapmaq çox çətindir. Hətta xarici ölkələrdə də bu belədir. Elə məmur var ki, nadir hallarda səhv edib, bəlkə də özü üçün etməyib, hansısa tapşırığı icra edib. Elələri də var ki, bütün sistemi dağıdıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində belə bir vəziyyət idi, bütün sistemi dağıtmışdılar. Mədəniyyət sahəsi də dağıdılmışdı, xarici işlər sahəsi də… Ancaq bu qurumlarda o qədər talan olmamışdı, çünki bu sahələrdə o qədər pul da yoxdur. Vergi sahəsində vəsait dövriyyəsi çox olduğu üçün ən çox yeyinti, korrupsiya burada idi. Mən konkret olaraq Fazil Məmmədovu ittiham etmirəm, özü də edə bilərdi, ətrafı da edə bilərdi. Təqsirsizlik prizumpsiyasından çıxış edərək heç kəsi konkret ittiham etmirəm. Bu sahələrdəki pozuntular da hamımızın gözü qarşısında idi. Gömrük sahəsindəki pozuntuları indi hətta dövlət məmurları özləri etiraf edirlər. Özləri danışırlar ki, indi vəziyyət dəyişib, əvvəllər bilirsiniz də gömrük necə işləyirdi. Bu da o deməkdir ki, qanunsuzluq olub. Bunlar ən çox pul olan sahələrdir. Digər sahələrdə də pozuntular var, lakin hələ də o qurumların rəhbərləri vəzifədədir.
– Əkrəm bəy, sizcə, hansı qurumlarda kadr dəyişikliyi effekt verdi ? Yeni kadrlar arasında kimlər özünü doğrultdu ?
– Mikayıl Cabbarov yaxşı işləyir. Ancaq həmin qurumda problemlərin olduğunu inkar etmirəm. İş gedir, hazırda bir çox problemlər aradan qaldırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müsbət dəyişiklər gedir. Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinə yeni təyinat olduqdan sonra bu qurumun fəaliyyətində yaxşı dəyişikliklər olub. Kənd Təsərrüfatı Nazirliyində yeni kadrlar öz sözünü dedi. Bunlar nümunəvi gənc kadrlardır. Dövlət başçısı da onlara etimad edir. Bu 4 nazirin işi çox fərqlənir.
Nərgiz LİFTİYEVA
“Yeni Müsavat”

